Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:51

İŞİD 455 nəfəri edam edib: casusluq, zina, küfrə görə...


İŞİD insanları edam edir.
İŞİD insanları edam edir.

-

Sentyabr Mosulun əhalisi üçün qətl, terror və zorakılıq dolu uzun aylardan biri kimi arxada qaldı. İraqın bu şimal şəhəri «İslam Dövləti»nin (İŞİD) nəzarətindədir.

İŞİD silahlıları Mosulda adi «cinayətlər»ə, casusluq, mürtədlik, küfr, zina və «xilafət»i ələ salmağa görə 455 insanı edam edib.

Bütün bu qətllər «Mosulun Gözü» (Mosul Eye) ləqəbli bir İraq tarixçisi tərəfindən oktyabrda buraxılmış hesabatda öz əksini tapıb. Bu tarixçi 2014-cü ildə silahlılar şəhəri tutandan bəri İŞİD-in Mosuldakı fəaliyyətini qeydə alır.

GÜNAHLARI AÇIQLANMIR

İŞİD Mosul əhalisini tabe etdirmək üçün onları öz qəddar qətl və cəza sistemi ilə terrorizə etməkdədir. Hesabatların birindən aydın olur ki, yerli restoran sahibi - 63 yaşlı Karim Alumar namaz vaxtı restoranını bağlamaqdan imtina etdiyi üçün ictimai şəkildə şallaqlanıb.

Lakin Alumar şallaqlanan zaman «küfr edib» və dərhal boynu vurulub. Sentyabrın 10-da isə İŞİD silahlıları İraq seçki komissiyasının 45 keçmiş üzvünü qətlə yetirib. Sentyabr qətllərinə yaşları məlum olmayan beş yezidi qızın edamı da daxildir. Hesabatda onların xəstəxanada edam edildiyi yazılsa da, günahları barədə heç nə deyilmir.

Sentyabr ayı ərzində İŞİD 118 insanı müxtəlif səhvlərə görə ictimai şəkildə şallaqlayıb. Bu səhvlərə saqqalqırxma, namazı ötürmə, din barədə mübahisə, düzgün geyinməmə, ictimai yerdə siqaretçəkmə və domino oynama daxildir. İŞİD həmçinin oğurluqda ittiham edilən 88 Mosul sakininin qolunu kəsib.

PULLU TİBB XİDMƏTİ

«Mosulun Gözü»nün hesabatında «İslam Dövləti» idarəçiliyinin başqa detalları da əks olunub. Bunlardan biri İŞİD-in iqtisadi vəziyyətin pisləşdiyi dövrdə gəlir əldə etmək məqsədilə ictimai xidmətlərə görə sakinlərdən pul almasıdır. «İslam Dövləti» xəstəxanaların, məktəblərin, Mosul universitetinin özünütəminatına nail olmaq üçün tibb və təhsil xidmətlərinə görə mülki şəxslərdən pul alır. Xəstəxanalarda alınan məbləğin çox yüksək olması isə əhalisinin əksər hissəsinin işsiz olduğu şəhərdə əsl problemdir.

Bu isə İŞİD-in Mosulun iqtisadi cəhətdən çiçəklənən məkan olması barədə təbliğatına kəskin şəkildə ziddir.

«Mosulun Gözü» yazır ki, silahlı qrup Mosul xəstəxanalarını idarə etmək üçün xarici mütəxəssislərə təlim keçir. Aprel ayında İŞİD-in bir təbliğat videosunda «İslam Dövləti»ndə tibbi xidmətin əsasını qoymuş Tareq Kamleh adlı bir avstraliyalı pediatrdan söhbət getmişdi. Videoda başqa tibb mütəxəssislərinin də ona qoşulmasına çağırış edilirdi. Bundan başqa deyilir ki, İŞİD ibtidai məktəblərdə oxuyan uşaqların valideynlərindən də pul alır.

UŞAQLARIN ÖYRƏDİLMƏSİ

Ayın əvvəlində 13-15 yaşlı 176 uşaq İŞİD-ə qoşularaq şəhərin müxtəlif təlim mərkəzlərinə köçürülüb. Keçən ay «İslam Dövləti» 12 yaşlarında 18 yezidi qızı özünün qadın briqadasına daxil edib.

MOSULA KÖÇ

Bildirilir ki, sentyabrda İŞİD Mosula daha çox qeyri-iraqlı qrup və ailələr köçürüb. Silahlı qruplaşmaya sədaqət andı içmiş 380 suriyalı kişi, qadın və uşaq da bura daxildir.

Bundan başqa, Suriyadan İraqa köçmüş silahlılar arasında Çindən gəlmiş etnik uyğurlar və rusdillilər var. Sonuncuların haradan gəldiyi yazılmır. «Mosulun Gözü» onların «çeçen» olmadığını yazır. Bu ad Suriya və İraqda vuruşan şimali qafqazlılara aid edilir. Sosial mediada Orta Asiyadan, o cümlədən Qazaxıstan və Qırğızıstandan rusdilli döyüşçülərin Mosula köçdüyü barədə dəlillər var. Onlardan bəziləri özləri ilə arvadlarını və uşaqlarını da aparıblar. Uşaqlara hərbi təlim keçilir.

Dağıstan və Qaraçay-Çərkəz respublikalarından olan İŞİD silahlılarının da son aylar ərzində Rəqqadan Mosula köçdüyü qeyd olunur. Onların arasında başda Abu Jihad (Islam Seit-Umarovich Atabiyev) adlı etnik qaraçaylı başda olmaqla, tanınmış dağıstanlı vaiz və ideoloqlar var.

XS
SM
MD
LG