Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

Havasızlıq Talehi narahat edir


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

«Şəki Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı, ancaq qərarı Gəncəyə göndərmədiyi üçün Talehi Bakıya köçürmürlər».

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova deyib.

Onun sözlərinə görə, oğlunun vəziyyəti yaxşı deyil: «Talehin saxlanma şəraitindən narazılığı yoxdur. Onunla görüşəndə hər hansı təzyiqin olmadığını dedi. Sadəcə saxlandığı Gəncə təcridxanasının şəraiti yoxdur. Havasızlıq Talehi narahat edir. Belində yarıq var, əməliyyat olunmalıdır. Həbsdən öncə müayinələrdən keçmişdi, həkim təcili əməliyyat edilməsə, problemlər yaranacağını demişdi. Ancaq oğlumu şərləyib həbsə saldılar. İndi də saxlandığı yerdə şəraitsizlik, soyuq ona pis təsir edir».

İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Gülbuta Xasməmmədova deyir ki, yaxın günlərdə ölkə başçısına müraciət edəcək: «İlham Əliyevə həm mətbuat vasitəsilə, həm də yazılı şəkildə müraciət edəcəyəm. Talehin heç bir günahı yoxdur. Heç nədən 8 aydır həbsdə saxlayırlar. Oğlumu şərləyiblər. Bununla ikinci dəfədir Talehi günahsız olaraq içəridə yatır. Himayəsində iki azyaşlı uşağı var. Ailəyə zülm edirlər. Talehin məhkəməsi 7 dəfə təxirə salındı. Səbəb oğluma işgəncə vermək idi. Hər dəfə Gəncədən Göyçaya gəlmək əziyyətlidir, bunu hakimə də dedi».

Bu il fevralın 24-də həbs edilən Taleh Xasməmmədov xuliqanlıqda suçlanıb. Onun özü həmin ittihamı rədd edir.

Hüquq müdafiəçisi daha öncə - 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət ittihamları ilə həbs edilmiş, Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı.

Təxminən bir il sonra Taleh Xasməmmədov prezidentin əfv fərmanı ilə azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» saymışdı.

XS
SM
MD
LG