Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:59

1 milyon manat oğurlayana hökm oxundu


►"Dedilər, “sakit dur, biz əməliyyatçılarıq”. Məni tanımadığım bir yerə apardılar. Dedilər, “450 min manat verməsən, həbs olunacaqsan”".

Bakı Ağır Cinayətlər Məhkəməsi paytaxtda fəaliyyət göstərən “Karat” Məhdud Məsuliyyətli Cəmiyyətin ofisindən azı 1 milyon manat oğurlamaqda təqsirli bilinən Ramil İmaməliyevi, bu cinayəti qəsdən gizlətməkdə təqsirli bilinən Ceyran İmaməliyevanı və Ramiz İmaməliyevi cəzalandırıb.

“Əsərin qəhrəmanı” hesab olunan Ramil İmaməliyevin 28 yaşı var.

İttihama görə, o, çalışdığı ofisdəki seyfdə çoxlu pul olduğunu əvvəldən bilib. Ötən il aprelin 11-də gecə saatlarında ofisə gəlib. Binanın dam örtüyünü sökərək içəri keçib.

“O PULDAN ÖZÜMƏ “İNFİNİTİ” ALDIM”

Daha sonra nələr baş verib, bunları məhkəmədə Ramil İmaməliyev özü danışıb:

“Seyfin qapısını sındırdım. Bilirdim ki, orada azı 1 milyon var. Hamısını özümlə gətirdiyim idman çantasına yığdım, elə gəldiyim yerdən də ofisi tərk elədim. Çantanı Qobuya – yaşadığım evə gətirdim”.

Ramil İmaməliyev bildirib ki, anası Ceyran İmaməliyevanın və qardaşı Ramiz İmaməliyevin də iştirakı ilə pulları bölüşdürərək evin künc-bucaqlarında gizlədiblər.

Ramil İmaməliyev:

“Pulun bir hissəsini nənəmin qəbrində gizlətmişdim. O puldan özümə “İnfiniti” markalı 90 HZ 200 dövlət nömrə-nişanlı maşın aldım. Pulların demək olar ki, tən yarısını mənim əlimdən özlərini polis işçisi kimi təqdim edənlər aldılar. Sonradan bildim ki, onlar polis işçisi deyillərmiş. Məni qorxutdular ki, cinayətimi bilirlər, puldan onlara verməsəm, məni həbs edəcəklər”.

Buna da bax: DİN-dən Aynarın kafesi ilə bağlı açıqlama

“ANAMA TAPŞIRDIM 450 MİN MANAT GƏTİRSİN”

“Karat” MMC-dəki oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunur. Bu arada MMC işçilərindən biri – Ramil İmaməliyevin qəflətən bahalı avtomobilə əyləşməsi diqqətdən yayınmır. O, əvvəl elə öz çevrəsindəki insanların diqqətini cəlb edir:

“Restorana girmək istəyəndə başıma torba keçirib zorla maşına mindirdilər. Dedilər, “sakit dur, biz əməliyyatçılarıq”. Məni tanımadığım bir yerə apardılar. Dedilər, “450 min manat verməsən, həbs olunacaqsan”. Mən də anama zəng vurdum. Tapşırdım ki, 450 min manat gətirsin. Anam pulu kiçik qardaşım Ramizlə göndərdi”.

Deyir, bundan sonra onu girovluqdan azad ediblər. Və başa düşüb ki, onu oğurlayanlar öz tanışı Aqil Şəmiyev və sonuncunun dostları olub.

Buna da bax: Müsavat seçki pozuntularından şikayətlənir

200 MİN MANATI QƏBİRİSTANLIQDA BASDIRIBLAR

Ramilin qardaşı Ramiz ifadəsində göstərib ki, həbs olunmamışdan bir neçə gün əvvəl Ramilə və anasına zəng vurub:

“Pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırdım. Ramil həmin pulu sellofan torbaya qoydu, nənəmin Qobu qəbiristanlığındakı qəbrinin yanında basdırdı”.

Şirkət rəhbərliyi öz işçisi ilə bağlı şübhələri barədə polisə məlumat verdikdən sonra Ramil İmaməliyev saxlanılıb və hər şey üzə çıxıb. Evdən və Ramilin doyunca sürə bilmədiyi “İnfiniti”sindən xeyli pul götürülüb. Polislər nənənin dəfn olunduğu qəbiristanlığa da gediblər. Nənənin qəbrinin ətrafını qazaraq oradan sellofan torbaya bükülmüş 190.800 manat aşkar ediblər.

Buna da bax: Leyla Yunus: “Telefon danışıqlarıma qadağa qoyulub”

BİRDƏN-BİRƏ VARLANMASI DİQQƏT ÇƏKİB

Məhkəmə İmaməliyevləri cəzalandırıb. Ramil İmaməliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qardaşı Ramiz İmaməliyevlə anası Ceyran İmaməliyeva isə şərti cəzalanıb.

Ancaq Ramil İmaməliyevin başına torba keçirərək onu girov götürüb xeyli pula sahib çıxan saxta polis əməkdaşları da kənarda qalmayıblar. Ramil İmaməliyevin həbsindən sonra onlar da ələ keçiblər. Kürdəmirli Aqil Şəmiyev, qobustanlı Zamiq Xasıyev, beyləqanlı Röyal Qədirovla Ruslan Əliyev barəsində hazırda Abşeron rayon Məhkəməsi tərəfindən mühakimə olunurlar.

Aqil Şəmiyev ifadəsində göstərib ki, tanışı Ramil İmaməliyevin birdən-birə varlanması onu şübhəyə salıb. Onun işlədiyi şirkətdən 1 milyon manatın oğurlandığını eşitdikdən sonra belə qənaətə gəlib ki, həmin pulu elə Ramil oğurlayıb. Yaxın tanışları ilə plan quraraq Ramili oğurlayıblar.

Məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG