Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:52

İşsizlər Milli Məclisdə iş axtarırlar


İmza vərəqəsi.
İmza vərəqəsi.

-

Azərbaycanda Milli Məclisə keçirilən seçkinin ilkin - namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başa çatmaq üzrədir. İndiyədək mindən çox adam «deputatlığa qeydə alınmış namizəd» statusu əldə edib. Hazırda dairə komissiyaları imza vərəqələri və digər seçki sənədlərini vaxtında qaytaran şəxslərin məsələsinə, MSK isə qeydə alınmamasından narazı qalan bəzi iddiaçıların şikayətinə baxır. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsi də seçki şikayətlərinə baxacaq.

NAXÇIVANLILAR... «ÜÇƏDƏK DEYİB»

Orta hesabla bir seçki dairəsinə 9 namizəd düşür. Amma Naxçıvan Muxtar Respublikası ərazisindəki 7 dairənin 6-sında hələ ki, 3, cəmi 1-ində isə 4 namizəd qeydə alınıb. 2010-cu ildə keçirilən parlament seçkisində də bu dairələrin heç birində 5-dən çox namizəd qeydə alınmayıb.
Yeni Azərbaycan Partiyasının namizəd irəli sürmədiyi 66 saylı Biləsuvar seçki dairəsində deputatlığa iddia edənlərdən hələ ki, 13 nəfər növbəti mərhələyə buraxılıb.

Qeyd olunanlar son nəticə deyil. Yaxın günlərdə bəzi dairələrdə «boy artımı» , yaxud ayrı-ayrı namizədlərin deputatlıq iddiasından imtinası hesabına «seyrəlmə» müşahidə edilə bilər. Amma elə indidən təşviqat mərhələsinin və səsvermə gününün qızğın keçəcəyini istisna edən hallar müşahidə edilir.

ZƏHMƏTKEŞ VƏ İŞSİZ NAMİZƏDLƏR

Namizədlər arasında dövlət və bələdiyyə qulluqçuları, müəllimlər, tərbiyəçilər, təhsil müəssisələrinin rəhbərləri, kiçik, orta və iri sahibkarlar üstünlük təşkil edir. Bununla belə, orta təhsilli, şəxsi təsərrüfatında mal-qara saxlayan fermerlər, yaxud sadəcə torpaq mülkiyyətçiləri, habelə rəngsaz, mühafizəçi, texnik, satıcı işləyən bəzi şəxslər də qanunverici orqana düşmək iddiasındadır.

Bu baxımdan 80 saylı İmişli-Beyləqan seçki dairəsi diqqət çəkir- qeydə alınan 11 namizəddən 5-i fermer, 1-i kənd klubunun işçisi, daha biri isə bələdiyyə mühasibidir. Bu dairədən növbəti dəfə namizədliyini irəli sürən işadamı, sabiq deputat Əhəd Əhmədov müəmmalı şəkildə seçki marafonundan kənarlaşdırılıb.

80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə qeydə alınanların siyahısı.
80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə qeydə alınanların siyahısı.

Bəzi şəxslər Milli Məclisə həm də iş yeri kimi baxır. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınanlardan 3-ü, 79 saylı İmişli Seçki Dairəsindən isə 4-ü işsizdir, sonuncuda daha 2 nəfər isə əməkhaqqı ödənilməyən ictimai vəzifə daşıyır.

HANI BƏS 1 MİLYON 200 MİN İŞ YERİ AÇILMIŞDI?

Yaxşı, əgər son illər ölkədə 1 milyon 200 min iş yeri açılmışdısa, bu işsizlər, necə deyərlər, haradan peyda oldular?

Bəzi ekspertlər zəhmətkeşləri «təşkil olunmuş namizədlər» hesab edirlər. İddiaya görə, belələri rəqabət görüntüsü yaradır, efirdə hazırkı iqtidarın ünvanına mədhiyyələr deyir, kəskin tənqidi fikir, ittihamlar səslənən, siyasi ehtirasların coşduğu debatlara «soyuq duş» effekti verirlər.

«ARZUOLUNMAZ» NAMİZƏDLƏRİN TOPLADIQLARI İMZALAR ETİBARSIZ SAYILIR

Milli Məclisə bundan əvvəl keçirilən seçkidə olduğu kimi, yenə də namizədliyin müdafiəsi üçün toplanılmış imzaların əhəmiyyətli hissəsinin etibarsız hesab edilməsi qeydiyyatdan imtinada əsas rol oynayır. Yada salaq ki, namizədin seçkiyə buraxılması üçün o, ən azı 450 nəfər seçici tərəfindən müdafiə olunmalıdır. Əksər namizədlər DSK-dan 11 imza vərəqəsi götürüb və onları tam doldurmaqla 550 imza toplayıb. Amma bəzi namizədlərə artıq yığdıqları 100 imza da kara gəlməyib.

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə qeydə alınanların siyahısı.
117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə qeydə alınanların siyahısı.

YAP təmsilçilərinin heç biri imza çatışmazlığı problemi ilə üzləşməyib. Onların hamısı qısa zamanda qeydə alınıblar. Bu, hakim partiyanın namizədliyini dəstəklədiyi şəxslərə də aiddir. Amma namizədlikləri digər siyasi partiya və ya şəxsi təşəbbüs ilə irəli sürülənlərin vərəqələrindəki imzaların xeyli hissəsi etibarsız sayılıb və yerdə qalanlar qeydə alınmaları üçün yetərli olmayıb. MSK dairə komissiyalarının bu qəbildən olan bir neçə qərarını ləğv etsə də, faktiki olaraq onlarla şəxs belə halların qurbanı olub. Onların arasında sabiq deputatlar, tanınmış vəkillər və ictimai xadimlər də var.

Ekspertlər bunu Seçki Məcəlləsinin «keyfiyyətli qanun testi»nə cavab verməməyi ilə əlaqələndirirlər. Onlar deyirlər ki, həm adıçəkilən qanunda, həm də MSK-nın müvafiq təlimatında imza vərəqələrindəki imzaların düzgünlüyünün hansı üsul və metodlardan istifadə etməklə yoxlanması ilə bağlı heç bir norma yoxdur. Bu isə imzaları yoxlayan ekspertlərə ehtimalla hər hansı imzanın düzgünlüyünü şübhə altına almaq imkanı verir.

ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNİN ETIBARLILIĞI SƏSVERMƏ ZAMANI YADA DÜŞMÜR

Daha bir məqam isə şəxsiyyət vəsiqələri ilə bağlıdır. Namizədlərin müdafiəsi üçün dəyişdirilmə müddəti ötürülmüş vəsiqələrin daşıyıcıları tərəfindən verilən imzalar etibarsız hesab olunur. Cari seçkinin iştirakçısı olan namizədlər bildirir ki, imzatoplama kampaniyasında vaxtı ötmüş xeyli vəsiqə ilə rastlaşıblar.
Eyni məntiqlə bu vəsiqələr səsvermə üçün də yararlı hesab olunmamalıdır və belə vəsiqələrlə verilən səslər etibarsız sayılmalıdır. Amma ötən parlament və prezident seçkilərində milyonlarla səsdən biri də olsun bu səbəbdən etibarsız sayılmayıb...

Namizədlərin qeydə alınma müddəti oktyabrın 8-də başa çatacaq. Ertəsi gün isə seçkinin ikinci- təşviqat mərhələsi başlayır. Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək.

XS
SM
MD
LG