Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:41

Bakı ilə Antalyanın 7 fərqi- [Fotolar]


Türkiyə, Antalya
Türkiyə, Antalya

►Hər yerdə prezident əleyhinə kitablar satılır.

Günəş panelləri evlərə elektrik verir, sərnişinlər kondisionerli dayanacaqda gözləyirlər...

Türkiyədə elektrik enerjisi Azərbaycandakından qat-qat bahadır. Ona görə alternativ enerjidən çox istifadə edirlər. Hamıya tanış günəş enerjisindən isə yayı qızmar keçən şəhərlər əməlli-başlı faydalanır. Belə şəhərlərdən biri də Türkiyədə Antalyadır. Yayı Bakı kimi istidir, temperatur 38-40 dərəcə arasında olur.

Bakıda binaların damlarında daha çox iri su çənlərini, çanaq antenalarını görmək olur. Antalyada isə günəş enerjisi panellərini. Damda quraşdırılan bu panellər evləri elektrik enerjisi ilə təmin eləyir.

Bakı da Antalya kimi isti şəhərdir. Ancaq binaların damında belə panelləri görməyə gözümüz öyrəşməyib. Antalya isə bu istidən təkcə turizmdə qazanmır. İstini elektrikə çevirib evlərə ötürür. Şəhərdə əvvəldən tikilmiş binalarda da, tikilməkdə olan binaların damlarında da bu cür panellər quraşdırılır. Elektriki bu yolla ucuzlaşdırırlar.

Buna da bax: Bakıda səfirlik önündə 1 nəfərlik aksiya: "Kömək edin"

Kondisionerli dayanacaqlar, sahibsiz heyvanlara ev

Bakının avtobus dayanacaqlarında yayda avtobus gözləyən sərnişinlər tər tökür. Antalyada isə günəş enerjisi ilə çalışan kondisionerli dayanacaqlar var. Üstünə də yazılıb: “Enerjisini günəşdən alan kondisionerli dayanacaqlarımız həmşəhərlilərimizə xeyirli olsun”. Sərinliyi qorumaq üçün dayanacaqların şəffaf qapıları var. İstəyən avtobus gözlədiyi müddətdə içəridə sərinləyir, istəməyən də dayancağın bayırında günəşlənir.

Bakıda da itlər var. Sahibsiz, sərgərdan, bəzən quduz. Hami onlara təhlükə mənbəyi kimi baxır. Bakı şəhər İcra Hakimiyyəti küçə itləri problemini həll etməyin yolunu onları vurub öldürməkdə görür.

Antalyada da küçə itləri çoxdur. Ancaq bələdiyyə onları başlı-başına buraxmayıb. Vaksin vurub, küçədəki bütün itlərin qulaqlarına adamlar üçün təhlükəsiz olduqlarını göstərən işarə yapışdırıb.

Bu şəhərdə sahibsiz pişiklər üçün içərisində yeməyi, suyu qoyulmuş pişik evləri var. Ağaclara vurulmuş quş yuvalarını isə hər addımda görmək olur.

Buna da bax: Avropa Oyunları öncəsi üzlənən binanın içi

Bakı üçün tarix olan tramvay, trolleybus...

Antalya kiçik şəhər olsa da şəhərin küçələrində avtobuslarla yanaşı tramvaylar, trolleybuslar da şütüyür.

Bakıda isə tramvay, trolleybus artıq keçmişdə qalıb.

Şəhərdə Bakıdakı kimi iri, bahalı maşınları yox, velosiped, motosiklet sürənləri daha çox görmək olur. Velosiped kirayə yerləri, velosiped sürənlər üçün isə xüsusi parklanma yerləri var.

Bu şəhərin küçələrində media əhlinə hörməti göstərmək üçün jurnalistlərə heykəl qoyulub. Küçələri təmiz saxlayan təmizlikçilər də yaddan çıxmayıb. Təmizlikçinin də görünüşü heykələ çevrilib.

Buna da bax: Sabir Rüstəmxanlı: “Mandat almağa həvəsim qaçdı”

Prezidentin əleyhinə kitablar....

Şəhərin hər künc-bucağında bir kitab mağazası var. Erdoğan hakimiyyəti dövründə Türkiyədə demokratiyanın, ifadə azadlığının geriləməsi haqqında çox danışılsa da, elə Erdoğanın əleyhinə yazılmış kitabları həm aeroportda, həm də şəhərdəki kitab vitrinlərində görmək olur. Heç kim gəlib bu kitabları mağazalardan yığışdırmır.

Deyirlər bütün müqayisələr qüsurludur. Ancaq belə fikir də var ki, müqayisə mənzərəni daha aydın göstərir.

XS
SM
MD
LG