Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:38

Qırğız, qazax ədəbiyyatı Azərbaycan ədəbiyyatından irəlidir


Əkrəm Əylisli
Əkrəm Əylisli

- Son illərdə Qərb ədəbi mətbuatında qırğız və qazax ədəbiyyatı haqda bir-birindən maraqlı məqalələr çıxmaqdadır. Həmin məqalələrdə bu Orta Asiya xalqlarının ədəbiyyatına böyük ehtiram hiss olunur.

Əgər Azərbaycan ədəbiyyatından yalnız “Əli və Nino” romanı haqda çoxlu bənzər məqalələrə rast gəliriksə, qırğız-qazax ədəbiyyatından danışan məqalələrdə ehtiram bu xalqların bütün ədəbiyyatına yönəlib.

Qırğız, qazax xalqlarının ədəbiyyatı həqiqətən də Azərbaycan ədəbiyyatından keyfiyyətcə irəlidədir, ya yoxsa bunun siyasi səbəbləri var?

Məsələn, ola bilərmi ki, Sovet vaxtı bu xalqların ədəbiyyatını Moskva daha çox təbliğ edib, onlara daha çox şərait yaradıb. Hər şey bu rels üzərində də davam edib.

Bu haqda yazıçı Əkrəm Əylislinin fikrini soruşduq.

Onun sözlərinə görə, sovet vaxtı qırğız, qazax ədəbiyyatını syasi məqsədlə qabağa salan olmayıb. Açıq ədəbi meydan olub. Obyektiv olmaq lazımdır. Biz nəyə layiqiksə, onu da alırıq. Onlar nəyə layidirsə, onu da alıblar. Bunu bu şəkildə siyasiləşdirmək olmaz. Düşmən yoxdur.

“Qazax ədəbiyyatında məsələn, Muxtar Auezov sambalında Azərbaycanda romançı olmayıb” - deyir Əkrəm Əylisli. "Qırğız, qazax ədəbiyyatı həqiqətən də Azərbaycan ədəbiyyatından irəlidir."

Yuxarıda dedik ki, qırğız, qazax ədəbiyyatı haqda Qərb mətbuatında ehtiramla dolu məqalələr çıxır. Həmin məqalələri tərcümə edərək sizə təqdim edirik. Bu sıradan birinci məqalə kimi ABŞ-ın “Paris Review” ədəbi dərgisində çıxmış aşağıdakı məqaləni seçdik.

Ted Trautman

Çingiz Aytmatov və Qırğızıstan ədəbiyyatı

Almaniyada Çingiz Aytmatovun kitabları
Almaniyada Çingiz Aytmatovun kitabları

Altı il bundan qabaq qırğız yazıçısı Çingiz Aytmatov pnevmaniya xəstəliyindən vəfat edəndə mən bu haqda ənənəvi üsulla – küçədə ağlayan bir adamdan öyrəndim...

Ağsaqqal deyilən bir qoca kişiyə rast gəldim, parkda skamyada oturub balaca radioya qulaq asırdı, xəbərləri dinlədikcə gözlərindən yaş sel olub gedirdi.

Mən Qırğızıstanda o günə qədər düz bir il yaşamışdım, Sülh Korpusunun bir üzvü idim, qırğızcam o qədər də yaxşı deyildi ki, radioda danışılanları başa düşüm. Amma qırğızcam imkan verirdi ki, kişidən halının necə olduğunu, niyə ağladığını soruşum.

Çingiz Aytmatov
Çingiz Aytmatov

Cavabında o, Aytmatovun az qala cırıq-cırıq olmuş “Cəmilə” kitabını qaldırıb mənə uzatdı və dilindən hıçqırıqla bu sözlər qopdu: “O, getdi.”

Aytmatovun Qırğızıstan milli kimliyi üçün əhəmiyyətini göstərmək çətindir. Mən orada yaşayanda yeni tanışlarım həmişə məni imtahan edirdilər: ölkənin milli filan şeyi, milli bəhmən şeyi.

Qırğızıstanın milli yeməyi hansıdır? Plov. Kumıs. Mili yazıçısı? Əlbəttə, Çingiz Aytmatov. (Mənim ingilis dili dərsi dediyim gənclər başa düşmürdülər ki, niyə onlar ABŞ-ın milli yazıçısının kim olduğunu soruşanda mən tezcə bir ad çəkməkdə çətinlik çəkirəm.)

12 dekabrda bütün xalq Çingiz Aytmatovun ad gününü qeyd edir. Qırğızıstan müstəqillik əldə edəndən sonra gənc ölkənin Avropa Birliyi, NATO kimi təşkilatlarda səfiri olub.

“Aytmatovun həyatının ən böyük cazibəsi ondadır ki" - "Harper" dərgisində Scott Horton yazır, “o, Mərkəzi Asiya həyatı və kimliyinin tənəzzülünü əsərlərində qeydə alıb və sonra Sovet İttifaqı dağılandan sonra Mərkəzi Asiya ölkələri gözlənilmədən muxtariyyat alanda, dünya səhnəsində yer alanda xalqın yenidən dirilməsində böyük rol oynayıb.”

Hətta onun ölümü də Qırğızıstanın ədəbiyyatla mürəkkəb münasibətlərinin mərkəzində dayanır.

Bir tərəfdən baxanda kitablar orada dövlət simvolu kimidir: bir çox ailələr gözəl dəri üzlüklü ensiklopediyaları və başqa cəlbedici kitabları qonaq otaqlarına düzürlər.

Mənim evi sahibimin ailəsi, mən onlara rast gəlməzdən əvvəl yanğında bir çox əşyalarını itirmişdi, hətta yarısı yanmış kitabları da qoruyub saxlayırdı.

O biri tərəfdənsə, kitablar bu ölkədə əsas funksiyasına görə dəyərləndirilir. Bişkekə ilk səfərimdə ətli blinçik – samsa aldım, gördüm onu Aleksandr Puşkinin şeir kitabından cırılmış vərəqə bükdülər.

Blinçiklərin hazırlandığı yerin yaxınlığında bir tualetə girdim, gördüm orda tarix kitabının yarısını divardan asıblar, tualet kağızı kimi.

Mən onunla heç vaxt görüşə bilmədim. 1928-ci ildə doğulmuş Çingiz Aytmatovun ölkəsində yaşadıqca və işlədikcə onu özümə bələdçi hiss edirdim.

Onun şah əsəri “Əsrə bərabər gün” kitabını Minnesotada anamın qonaq otağlnda oxumağa başladım, on beş min kilometr aralıda – Murzake adlanan bir kənddə tamamladım.

İnanılmaz süjeti var. Ucqar bir səhra qəbirstanlığında bir ölünü dəfn etməyə çalışan qazax icması, bir yadplanetli səfirlə ilk kontakta hazırlaşan astronavt və kosmonavt…

Elmi fantastika cildinə girmiş bu kitabla Aytmatov satirası Sovet liderlərinin senzurasından Soljenitsının açıq, birbaşa mühakimələrindən daha ustalıqla yayına bilib.

Aytmatovun əyalət həyatını və rus millətçiliyini öyməyə əsaslanan sovet ədəbi hərəkatı olan “kənd nəsri”nə yuvarlanmadan (SSRİ-nin türk azlıqları üçün bu səslə yazmaq Ankl Tomun (Uncle Tom - Tom əmi) səsilə yazmaq kimi bir şey idi) qələmə aldığı əsərlərindəki ucqar Mərkəzi Asiya icmalarının mürəkkəb portretlərində mülayim sosial tənqid tez-tez nəzərə çarpır.

Aytmatov “Əsrə bərabər gün” və sonrakı bir çox əsərlərini geniş auditoriya qazanmaq üçün rus dilində yazıb, necə ki, Vladimir Nabokov Bolşeviklərdən qaçandan sonra rus dilindən ingilis dilinə keçmişdi.

Amma Aytmatovun ilk əsərlərini qırğız dilində yazması əvvəllər məhdud dil saydığım qırğızcanın gözəlliklərini görmək üçün məni cəsarətləndirdi. Qırğız dilini öyrənməyə başladım.

İngilis dililə müqayisədə qırğız lüğəti kiçikdir: indiki və gələcək zaman birdir, yeganədir, “bənzər” və “eyni” kimi sözlər arasındakı incə fərqlər silinib, məna bir sözdə birləşdirilib.

Aytmatovun vəfatından bir qədər əvvəl mən rus dilini öyrənməyə başladım. Müəllim yaşlı bir rus qadını idi, qırğızlara qarşı irqçi idi, Qırğızıstanın qüdrətli Sovet İttifaqının bir hissəsi olduğu günlər üçün nostalji duyğular keçirirdi.

O qədər nostalji keçirirdi ki, mənə dərsi də sovet təlimi tərzində keçirdi: ilk dərs günümdə mənə “Hərb və Sülh”ün rusca orijinalını verdi və ucadan oxumağımı əmr etdi, mən oxuduqca o, tələffüz səhvlərimi düzəldəcəkdi.

Növbəti dərsdə ondan xahiş etdim ki, bəlkə daha sadə bir şeydən başlayaq. O, cavab verdi: “Dayan, bir dəqiqə” və əlini qutuların içinə salıb nə isə axtardı.

Oradan Aytmatovun kitabını çıxardı, romanı “orta səviyyəli” qırğız yazıçısının əsəri kimi təqdim edərək, bunu oxumağın mənim üçün asan olacağını dedi. Üçüncü dərsə daha getmədim.

Yazıçılara və əsərlərə həqarətli münasibəti olsa da, o, kökündən hekayəçilik ənənəsilə formalaşmış bir ölkədə yaşayırdı. Dil öyrənməyi hekayəçilikdən kənar təsəvvür etmək istəmirdi.

Rus İmperiyasının, sonra Sovet İttifaqının nəzarətinə keçməzdən əvvəl qırğızlar tarixən nomadik (köçəri) qruplar şəklində yaşayıblar. Sovetəqədərki qırğızlardan bugünkü daha urbanistik, post-sovet Qırğızıstanına bəzi əsərlər, ənənələr qalıb.

Aytmatovdan əvvəl qırğızlar şifahi hekayəçilik (dastan) ənənəsilə öyünürdülər. Bu hekayələrdən ən məşhuru Manas dastanıdır.

Manas Qırğızıstanın əfsanəvi banisidir. Onun hekayəsi danışılanda günlərlə davam edir. “İliad və Odisey” kimi Manas da fatehlik hekayəsidir. Uyğurları, əfqanları fəth edən Manas uzun yollar qət edir.

Aytmatov bu şifahi hekayəçilik ənənəsi haqda deyir ki, başqa xalqlar arxitektura, kitablar kimi maddi incəsənət yaradanda “qırğızlar öz dünyagörüşlərini, qürur və ləyaqətlərini, döyüşlərini, gələcəyə ümidlərini epik janrda ifadə ediblər.”

Qırğızıstanda hər bir ad hekayə danışır… İnsanların adları, kəndlərin adları…

Qırğızıstanın adının hekayəsi çox maraqlıdır. Bu, sadəcə qırğızların yaşadığı yer demək deyil. Qırğız adı “körk küz”dən gəlir, "qırx qız" deməkdir. Bu da Manasın qırx qızına işarədir. Hər bir qız qırğızların qırx tayfasının başçısı olub.

İncili saymasaq, ədəbiyyatdan gələn başqa bir bir ölkə adı deyə bilərsinizmi? Beləsi yoxdur...

XS
SM
MD
LG