Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:45

Mingəçevirdə köçkün ailələri aksiya keçirir


Foto illüstrasiya. Bakıda məcburi köçkünlərin evlərinin sökülməsinə qarşı etiraz aksiyası - 2011
Foto illüstrasiya. Bakıda məcburi köçkünlərin evlərinin sökülməsinə qarşı etiraz aksiyası - 2011

►«22 ildir yarımçıq mehmanxanada məskunlaşmışıq. Yaşlı nəsil qəzalı binada aldadıla-aldadıla ömrünü başa vurdu.

Heç olmasa, gələcək nəsillərimizə gün ağlasınlar».

Sentyabrın 16-da Mingəçevir şəhəri, «Sağ sahil» adlanan ərazidəki yarımçıq mehmanxanada məskunlaşmış köçkün ailələri ev tələbi ilə şəhər icra hakimiyyətinin qarşısına toplaşıblar.

Köçkünlər AzadlıqRadiosuna bildiriblər ki, onlar azı 22 ildir qəzalı binada yaşayırlar. Kəlbəcərdən köçkün düşmüş 68 yaşlı Kəklik Qasımova deyir, hər dəfə qaçqın və köçkünlər üçün şəhərciklər salınanda, mənzil paylanarkən adları siyahıdan kənarda qalır:

«Oğlum, qızımın əri şəhid olub. Kifayət qədər itkilər verə-verə gəlib bu yerə çıxmışıq. İndi də gözləyirlər ki, məskunlaşdığımız qəzalı bina çöksün, altında qalaq».

Sakinlərin iddiasına görə, yaşadıqları bina hər an uça bilər.

Buna da bax: Polis bölməsində ölüm Mingəçeviri qarışdırdı

KÖÇKÜNLƏRƏ SƏBİR DİLƏYİB GEDİRLƏR

Kəklik Qasımova: «Qızımın yetimlərini də mən saxlayıram. Oğlumu evləndirmişəm. Hamam, tualet, mətbəx yoxdur. Bircə otağımız var, hamımız da toplaşmışıq o bir otağa. Hər dəfə gəlirik, yalançı vədlər verirlər, çıxıb gedirik. «Qaçqınkom»un nümayəndələri gəlir, baxır gedir... Deyirlər, köçkünlər üçün binaların tikintisi işi sürətləndirilib. Sizə də növbə çatacaq».

Başqa köçkün Tavat Əsgərova deyir, qaldıqları binada körpələr də böyrəyi, ciyəri xəstə halda doğulur. Hamısı da nəmişlikdən, şəraitsizlikdəndir.
Deyirlər, dövlət qurumlarının nümayəndələri qəzalı binaya dəfələrlə baxış keçiriblər. Hər dəfə də vəziyyətin dözülməz olduğunu dilə gətirib, köçkünlərə səbir diləyib çıxıb gediblər.

Bundan əvvəl də yarımçıq mehmanxana binasındakı köçkünlər bir neçə dəfə aksiya keçiriblər. Hətta Bakıda keçirilən Avropa Oyunlarına bir neçə gün qalmış diqqəti problemlərinə çəkmək üçün yolu da bağlayıblar. Prezidentdən və «Qaçqınkom» sədri Əli Həsənovdan yeni inşa edilmiş köçkün şəhərciyində yerləşdirilmələri üçün kömək istəyiblər. Kəklik Qasımova deyir, bu yaxınlarda şəhərdə salınmış qaçqın şəhərciyindəki mənzillər kənardan gələnlərə satılır:

«Ev-eşiyi olanlar pulunu verib şəhərcikdən də ev alırlar. Bizsə illərdir ki, yarımçıq, qəzalı binada can veririk».

Buna da bax: "Məktəbimiz tövləyə oxşayır" deyənlər aksiyaya başladı

NÖVBƏ ONLARA DA ÇATACAQ

Köçkünlər azı iki saatdır icra hakimiyyətinin binası qarşısına toplaşsalar da, aparat işçilərindən qarşılarına kimsənin çıxmadığını bildirirlər.
Kəklik Qasımova:

«Elə bil bura toplaşanlar bu ölkənin vətəndaşları deyil. Sanki bu binadakılar bizim problemimizin həllinə cavabdehlik daşımırlar. Çıxıb soruşan yoxdur ki, «ay adam, ay millətimin nümayəndəsi, sənin dərdin, azarın nədir?»».

Mingəçevir şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bu ilin fevralında köçkünlər üçün yeni salınmış yaşayış kompleksi istifadəyə verilib. Kompleksin açılışında prezident İlham Əliyev də iştirak edib. Həmin kompleksə Mingəçevirdəki yataqxanalarda məskunlaşmış köçkün ailələri köçürülür. Mehmanxanada məskunlaşmış köçkünlərə gəlincə, yaxın vaxtlarda növbə onlara da yetişəcək.

XS
SM
MD
LG