Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:33

«Uymayaq kürü diplomatiyasına...»


Arif və Leyla Yunuslar
Arif və Leyla Yunuslar

-

«Ömürlərini insan haqları uğrunda mübarizəyə həsr edən Leyla və Arif Yunuslar indi on il həbsdə keçirə bilərlər. Avropa buna necə göz yuma bilər axı?». Bunu «The Guardian» qəzetində Beynəlxalq İnsan Haqları Federasiyasının fəxri prezidenti Souhayr Belhassen soruşur.

«Azərbaycan diktaturaya çevrilməkdədir – kürü diplomatiyasına uymamalıyıq» başlıqlı məqalədə müəllif hüquq müdafiəçiləri Leyla və Arif Yunusların məhkəməsindən, onlara qondarma ittihamlarla 11 və 9 il iş istənilməsindən yazır.

ƏCƏL ZƏNGİ

«İnsan haqları müdafiəsi uğrunda fəaliyyəti beynəlxalq səviyyədə tanınmış bu şəxslərə qarşı məhkəmə hökmü ölkənin vaxtilə dinamik vətəndaş cəmiyyəti üçün əcəl zəngi kimi səslənəcək. 2012-ci ildə «Avroviziya» mahnı müsabiqəsi zamanı güclü etiraz sərgiləyən vətəndaş cəmiyyəti indi param-parça olub».

«On ildən artıq bir zaman kəsimində Azərbaycan Avropa hökumətlərini, vacib neft-qaz müştərilərini razı salmaq üçün utanmazcasına kürü diplomatiyasından istifadə edib. Əvəzində Avropa Azərbaycanda insan haqları pozuntularına göz yumub. Leyla və Arif Yunuslar və Azərbaycanın demokratiya uğrunda bütün mübarizləri adına bu cəzasızlıq mühiti indi bitməlidir».

Yazıda Yunusların siyasi məhbusların hüquqları, eləcə də Dağlıq Qarabağ münaqişəsinin dinc həlli uğrunda yorulmadan çalışmalarından söhbət açılır. Onlarla yanaşı, ictimai fəal Rəsul Cəfərov, hüquqşünas İntiqam Əliyevin də qurama ittihamlarla uzunmüddətli həbs cəzaları aldığı vurğulanır.

Müəllif Azərbaycanın getdikcə tam mənada Belarus və Özbəkistan kimi diktaturaya çevrildiyini qeyd edir. O, Yunuslara hökmün gözləndiyini, onların növbəti on ili həbsdə keçirə biləcəklərini vurğulayır. «Azərbaycanda məhkəmələr beynəlxalq ədalət məhkəməsi standartlarını tamamilə gözardı edib. Yunuslar vəkillərin yanında deyil, şüşə qəfəsin içində oturub. Diplomatlar, jurnalistlər məhkəmə zalına buraxılmayıb».

BƏZİLƏRİ BOĞAZA YIĞILIB

«İyunda, Oyunlar gedən vaxt, Avropa Şurası Parlament Assambleyası rejimi pisləyən qətnamə qəbul edib, Azərbaycanı insan haqları müdafiəçiləri, media və hökumət tənqidçilərinə sistematik repressiyaya son qoymağa çağırıb. Bu, Avropada bəzilərinin artıq boğaza yığıldığını göstərir, ancaq yetərli də deyil».

«Avropa hökumətləri ayrı-ayrılıqda prezident Əliyevin repressiya kampaniyasına qarşı təcili şəkildə və qətiyyətlə çıxış etməlidir. Avropa dövlətləri Azərbaycanla münasibətləri davam etdirmək üçün aydın şərtlər irəli sürməlidir: Leyla və Arif Yunuslar, bütün insan haqları müdafiəçiləri və siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdırlar, QHT qanunları dəyişdirilməlidir, QHT-lərin və fəalların bank hesabları açılmalıdır. Vətəndaş cəmiyyəti fəallarının məhdudiyyətsiz və intiqam qorxusu olmadan işləməsinə şərait yaradılmalıdır. İnsan haqları, vətəndaş və siyasi hüquqların qorunması iqtisadi və geosiyasi maraqlardan öncə gəlməlidir», - müəllif yazır.

Hakimiyyət təmsilçiləri ölkədə bütün hüquq və azadlıqların tam təmin olunduğunu, heç kəsin siyasi motivlərlə həbs edilmədiyini bildirir. «The Guardian» və digər nüfuzlu mətbuat orqanlarının, eləcə də hüquq müdafiə təşkilatlarının oxşar tənqidləri və çağırışları isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilir.

XS
SM
MD
LG