Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:52

Günel Mövlud. Uşaqlığımın Karlsonu


Günel Mövlud
Günel Mövlud

- Sərinkeş düzələnə qədər bazarda fırlanır, səhər yeməyi əvəzinə iki-üç “perajki” yeyir, çayxanda oturub bir çaynik çay boşaldır və sonra düzələn sərinkeşi götürüb, geri qayıdırdı.

Günel Mövlud

Damdabaca nənəmin sərinkeşi

Astrid Linqren mənim uşaqlığımı yaşasaydı, əminəm ki, onun Karslonu yaşlı, totuq bir nənə olardı. Sərinkeşi də belində yox, qucağnda olardı daima.

O illərdə biz bir neçə ailə bir evdə yaşayırdıq. Qamışdan hörülüb, palçıqla suvanmış, olduqca köhnə bir kənd evində.

Köçkünlüyümüzün ilk ili idi, hamımız ən tez vaxtda geri, öz kəndimizə qayıdacağımıza inanırdıq. Buna görə də gedib çadır şəhərciklərində çadır növbəsinə durmaq, orda yaşamaq ağlasığmaz idi.

Aran rayonunda, uzaq bir kənddəki bu köhnə ev dayımın zabit yoldaşının idi.

O zabitin atası bu evin içində gecə ikən öldürülmüşdü. Onu yatdığı yerdə baltalayan qatil doğma qardaşı idi. Qəfildən qardaşın birinin məzara, birinin həbsə göndərilməsinin bütün faciəsini, bədbəxtliyini oğul-uşaq bu evdə görmüşdü.

Evi uğursuz elan edərək, içində yaşamaqdan imtina etmişdilər. Divarlarında, divar kağızlarında hələ də qan izləri vardı. Divar kağızları xeyli yerdən yuyulmuşdu (görünür, qan həddən artıq çox imiş).

Biz, o evdə yaşayan 5-6 uşaq hər gecə həmin qatilin bir gün azadlığa çıxıb, birbaşa bu evə gələcəyini və hamımızı baltalayacağını ehtimal edir, gecələr qorxudan əsirdik.

Amma başqa seçimimiz yox idi. Zabit tanışın bu lütfünü qəbul edib, bir neçə qohum ailə bu evə yığışdıq. Ana tərəfdən babamla nənəm də daxil olmaqla.

Doğma kəndimiz dağ yeri olmasa da, sərin yer idi. O sərinlikdən birdən-birə aran rayonuna düşmək, yeni havaya, günorta adamın gözünü deşən günəşə, gecənin durğun, odlu-alovlu, üz qarsan havasına dözmək mümkün deyildi.

Hələ üstəlik, 3 otağa iyirmidən çox adam yığışmışdı. Elə bu qədər adamın ciyərlərindən çıxan isti nəfəs bəs idi yay gecəsində...

Hamı səhərə, bir qədər səhər mehi əsənə qədər yerinin içində vurnuxur, tərləyir, durub həyətə çıxır, oğlanlar, kişilər özlərini bir neçə dəfə evin yanındakı iri arxa atıb, sərinləməyə çalışır, yataqlarına qayıdırdılar.

Qadınlar, qızlar isə arada qalxıb, nəm dəsmalla bədənlərini, üzlərini silməklə kifayətlənir, fısıltı, pufultu, gileylər göyə qalxırdı.

Bu adamı qarsan istidə rahat yatan təkcə nənəm idi. Onun sovet istehsalı, dəmir, balaca pərləri olan köhnə bir sərinkeşi - “ventilyatoru” vardı.

Nənəm illərdir ona yoldaşlıq edən sərinkeşi köç günü evdən tələm-tələsik götürməyi unutmamışdı. İndi də, bir gün olsun, ondan ayrılmırdı.

Nənəmin qan təzyiqi, şəkəri vardı, beyində daimi uğultu olduğundan qulağı ağır eşidirdi.

Yay-qış dəhşətli dərəcədə tərləyir, qıpqırmızı pörtür, alışıb yanırdı. Bilmirəm, bu istiliyi ona xəstəlikləri gətirirdi, ya yaşlanmaqda olan qadınlara xas dövrü keçirirdi, amma ona hamıdan çox isti idi.

Nənəm evdə və artırmada, səhər, gündüz və gecə bir an da olsun, sərinkeşindən aralanmırdı.

Onun sərinkeşi həddən artıq köhnə idi, dəmir pərləri pas atmışdı, çoxsaylı təmirlərdə məruz qaldığı yağlanmalardan sonra yağlı hissələrinə hopan toz, çirk qalın qartmaqlara çevrilmişdi.

Naqili dəfələrlə qırılıb sarınmışdı, elektrik ucluğu laxlayırdı. Aradabir qısaqapanma olur, sərinkeş nənəm yatığı yerdə, nənəmin düz üzünə fırlandığı yerdə qəfil qapqara tüstü buraxmağa başlayırdı.

Arvadına, uşaqlarına, hətta nəvələrinə qarşı həddən artıq sərt babam həmin səhər ertədən oyanır, bir stəkan çay içmədən rayon mərkəzinə yollanırdı.

Babam, qeyd elədiyim kimi, sərt və hətta deyim ki, xeyli də kobud adam idi, arvad nazı-zadı çəkən deyildi. Nənəmi də elə mən görən, neçə dəfə çomaqla döymüşdü.

Amma sərinkeş nə məsələ idisə, daha burada sərtlik, kobudluq keçmirdi. Sərinkeş xarab olubsa, düzəldilməli, özü də təcili düzəldilməli idi.

Hərdən düşünürəm ki, yəqin o sərinkeş babamla nənəmin sevgisindəmi, bağlılığındamı, ər-arvadlğındamı, ya nə idisə onların arasında, onun qırmızı xətti idi.

Həmin illərdə avtobusların çoxu sıradan çıxmış, olub qalan ictimai nəqliyyatın proqramı pozulmuşdu.

Hansı sürücü hansı gün, hansı marşrutla istəsə, o vaxt, o yerə işə çıxırdı. Babamın bəxti gətirəndə avtobusa minə bilirdi, bəxti gətirməyəndə də bir neçə kilometrlik yolu piyada gedirdi.

Sərinkeş düzələnə qədər bazarda fırlanır, səhər yeməyi əvəzinə iki-üç “perajki” yeyir, çayxanda oturub bir çaynik çay boşaldır və sonra düzələn sərinkeşi götürüb, geri qayıdırdı.

Nənəm təmirdə gələn sərinkeşini qucağına alır, bir müddət elə otururdu. Sevinir, belinə sarıdığı şalın arasından köhnə, əzik konfetlər, taxta peçenye çıxarıb, bizə verir, sonra yenə sərinkeşini əzizləyirdi.

Mən böyüdüm. Ali təhsil aldım. Sonra işlədim. Ölkələrə səfərlər elədim. Çoxlu şeylər yaşadım.

Son on ildə nənəmlə az görüşürdük. Mən onu hər dəfə görəndə o, bir az da qocalmış olurdu.

Paltarı, şalı, üzünün rəngi, danışığı dəyişirdi. O sərinkeş isə elə həminki idi. Babam öləndən sonra sərinkeş elə bil daha xarab da olmurdu, elə işləyirdi.

Sonra nənəm də öldü. O sərinkeş isə hələ də işləyir...

Qəribə şeydir uşaqlıq.

XS
SM
MD
LG