Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

ABŞ kürdləri satdı?


İraqda Pkk döyüşçüləri
İraqda Pkk döyüşçüləri

-

Qərb mediasında Türkiyənin İraq və Suriyaya hava zərbələri endirməsini təqdir etməyən, bunun mənfi tərəflərini qabardan məqalələr dərc olunub. Əksər müəlliflər Türkiyənin «İslam Dövləti» (İD) silahlı qruplaşması ilə mübarizə adı altında əzəli düşməni PKK ilə savaşa başladığını qeyd edir.

«ABŞ kürdləri satdı?» başlıqlı məqaləni «Foreign Policy» dərgisi Dan de Luce-nin imzasıyla dərc edib. Müəllif yazır ki, Türkiyənin ötən həftə İraqın şimalına qırıcılarını yollamaqda məqsədi «İslam Dövləti»ni deyil, illərdir Ankaradan idarəçilik istəyən kürd silahlılarını hədəfə almaq idi.

«Türkiyə ötən həftə Suriyadakı İD yaraqlılarını da bombaladı. Ancaq İraqın Qəndil dağlarında PKK partizanlarına zərbələr endirilməsi Vaşinqtonun dilemmasının əsassız olmadığını göstərdi. ABŞ Türkiyəni kürd separatçıları ilə uzun müddətdir davam edən münaqişəsinə baxmayaraq, «İslam Dövləti»nə qarşı savaşa çəkmək istəyir…».

ABŞ rəsmiləri Türkiyə ilə razılaşmanın həssas və mürəkkəb olduğunu etiraf edir, Ankaranı çağırırlar ki, PKK-nın təqibində təmkinli olsun, İD-nin məğlubiyyətini hədəfləyən daha geniş məqsədə xələl gətirməsin. Rəsmilərin sözlərincə, Obama administrasiyası Suriya və İraqdakı kürd silahlıların dəyərini anlayır və onları atmamağa söz verib. Respublikaçı senator Lindsey Graham isə türk qüvvələrinin Suriyada kürdlərə hücumundan narahatlığını bildirib.

TÜRKİYƏ İKİLİ STANDARTLARIN BƏDƏLİNİ ÖDƏYİR

«The Telegraph» qəzetində Con Coughlin yazır ki, Türkiyənin ABŞ-a İraqdakı İD mövqelərinə hava zərbələri endirmək üçün İncirlik bazasından istifadəyə icazə verməsi yaxşı xəbərdir.

Ancaq pis xəbər odur ki, türklərin bu qərarına Suriya kürdləri ilə əzəli düşmənçiliyin qızışması səbəb olub. «Suriya münaqişəsi türklər Qərbin müttəfiqləri sayılan kürdlərə qarşı yeni cəbhə açmasa belə, kifayət qədər mürəkkəbdir. Bir tərəfdən Assad rejimi Tehranın və Livanın cənubundan «Hizbullah»ın köməyi ilə hakimiyyətdə qalmağa çalışır. Digər tərəfdən 1200 müxalif qrup Dəməşq hakimiyyətinə qarşı çıxır… Bu qarışıq mənzərə içində Suriya kürdləri özlərini Qərbin qəhrəman müttəfiqləri kimi təsdiqləmiş az sayda qruplardan biridir. Beləliklə də Türkiyə təyyarələrinin indi Suriyadakı kürd, eləcə də İD mövqelərini bombalaması koalisiya işinə, yumşaq desək, əks-təsir göstərəcək. Türklər yalnız aşırı millətçi qrup olan PKK-nın mövqelərinə hücum etdiyini deyir. ABŞ, NATO da PKK-nı terrorçu qrup kimi tanıyıb».

Müəllif yada salır ki, 4 il öncə Suriyada vətəndaş müharibəsi başlanmamışdan Assad rejimi PKK-nı fəal şəkildə dəstəkləyirdi və bir sıra hallarda Suriya ilə Türkiyə qarşı-qarşıya gəlirdi. «Bu qan müharibəsi Erdoğan-ın Assad-ın devrilməsinə tərəfdar çıxmasının səbəblərindən biridir... Ancaq türklərin İD-ə ikili münasibəti Ankara ilə ABŞ-ın yaxınlaşmasını əngəlləyib. İndi Türkiyə həmin əlaqələrin bədəlini ödəyir. İD-in Suruca hücumda 32 nəfəri öldürməsi, 100 nəfəri yaralaması Erdoğan hökumətini inandıra bildi ki, İD nəinki Türkiyə, regionun qalan hissəsinə də böyük təhlükədir».

ERDOĞAN «PARÇALA, HÖKM SÜR» OYUNU OYNAYIR

«Türkiyənin Suriya və İraqı bombalaması bizə lazım olan ən sonuncu şeydir».

Bunu isə «The Independent» qəzetində oxuyuruq. Yazıda qeyd olunur ki, prezident Erdoğan Suriya münaqişəsinin nadir uğur hekayələrindən birini məhv etməyə çalışır.

«Türkiyə prezidenti Recep Tayyip Erdoğan həm ölkəsində, həm də regionda təhlükəli «parçala, hökm sür» oyunu oynayır. Suriya münaqişəsinin böyük hissəsini İD-ə güzəştə getməklə keçirib, onlar Türkiyə ərazisindən Suriyaya keçmək üçün istifadə ediblər. İndi də Suriyadakı cihadçıları hədəfə almağa başlayıb».

«Türkiyə PKK-nın İraq və Türkiyədəki bazalarını da bombalayır. Bu, İD-ə qarşı beynəlxalq ictimaiyyətin səyləri üçün fəlakətli nəticələr deməkdir. Türkiyə İD-ə qarşı müharibədə əngəl olduğu bir vaxtda, PKK və ona paralel PYD qruplaşması Suriyada İD əleyhinə səmərəli quru müharibəsi aparıb».

«PYD Suriyanın şimal-şərqində de-fakto hökumət də qurub ki, bu da Suriya münaqişəsinin uğur hekayətlərindən biridir».

ABŞ TÜRKİYƏYƏ TƏZYİQ GÖSTƏRİR Kİ...

«The New York Times» isə yazır ki, Türkiyənin kürd ekstremistlərinə hücumu İD-ə qarşı səyləri çətinləşdirir.

Müəllif Anne Barnard-nin qənaətincə, Erdoğan-ın mövqeyi ABŞ və digər NATO müttəfiqləri üçün məsələni qəlizləşdirir. Bir tərəfdən onlar alyans qaydalarına görə, Türkiyəni təhdidlərdən qorumalıdırlar. Digər tərəfdən kürd məsələsinin İD yaraqlılarına qarşı beynəlxalq mübarizəyə kölgə almasını istəmirlər.

«Türklərin qəfildən diqqəti kürdlərə yönəltməsi cənab Erdoğan-ın əsl niyyəti barədə yeni suallar yaradıb», - müəllif yazır.

«Türkiyə ilə kürd qrupları arasında gərginliyin artması İD-ə qarşı səylərə təhlükə yaradır. Türkiyədə kürd yaraqlılarla genişmiqyaslı zorakılıq başlansa, hökumətin diqqəti İD-lə savaş öhdəliyindən yayına bilər».

İraq kürdləri İD-ə qarşı ön cəbhədə yer alıb. Suriyada da Türkiyə ilə kürd yaraqlılarının münaqişə riski böyükdür. Nəzəri baxımdan isə onlar «İslam Dövləti»nə qarşı bir cəbhədə olmalıdır. Birləşmiş Ştatların həmin yaraqlılarla alyansının korlanması riski də mövcuddur... Adının çəkilməsini istəməyən bir Amerika rəsmisi deyib ki, Türkiyənin PKK-ya hücumları Suriyadakı kürd yaraqlıları ilə münasibəti mürəkkəbləşdirir. Onun bildirdiyinə görə, Birləşmiş Ştatlar Türkiyəyə təzyiq göstərir ki, Suriyada kürdlərə hücum etməsin.

XS
SM
MD
LG