Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:44

Nazir hirsləndi: «A kişilər, mən pomidor satanam?»- [video]


Nazir: A kişilər, nə pomidor satanam, nə də toxum…
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Nazir: A kişilər, nə pomidor satanam, nə də toxum…

-

İyunun 19-da kənd təsərrüfatı naziri Heydər Əsədov İmişlidə «açıq qapı» keçirdi. İmişli, Xocavənd, Füzuli, Beyləqan rayonlarının sakinləri və bu bölgədə məskunlaşan məcburi köçkünlər üçün. Qəbula respublikanın digər şəhər və rayonlarından, hətta uzaq Şəkidən gələnlər vardı.

Vətəndaşlar nazir qarşısında torpaq, texnika, toxum, gübrə və kimyəvi preparatlarla təchizat məsələlərini qaldırdılar. Nazirdən su kanallarının bərpasında, işə qəbulda, yerli orqanlar ilə torpaq mübahisələrinin çözülməsində, güzəştli şərtlərlə kredit almaqda və digər məsələlərdə kömək istədilər.

«BU İL MƏHSULUMUZ BOLDUR»

Füzuli sakini Aydın Hüseynov hesab edir ki, bu il kənd təsərrüfatında son 5-7 ilin ən yaxşı məhsuldarlığı qeydə alınıb:

Aydın Hüseynov
Aydın Hüseynov

«Məhsul boldur. Özümüz də zəhmət çəkmişik, amma yenə də verən Allahdır. Bakıdan, Şəkidən belə gəlib malı qapıdan alırlar, daha bazara çıxarmağa ehtiyac qalmır. Razılaşıb satırıq, saxlamırıq».

O, Heydər Əsədovdan yeni növ siloslu qarğıdalı toxumu əldə etmək üçün kömək istədiyini dedi:

«Nazir mənə bildirdi ki, çox yaxın vaxtda ölkəyə dövlət hesabına toxum gətiriləcək və fermerlər güzəştli şərtlərlə onu əldə edə biləcəklər».

«HEYDƏR ƏLİYEVİN VERDİYİ TORPAQ ƏLİMİZDƏN ALINIB»

Laçın rayonundan olan məcburi köçkün Səyavuş Kərimov isə torpaq sahələrinin əllərindən alınmağından şikayətləndi:

Səyavuş Kərimov
Səyavuş Kərimov

«Mərhum prezident Heydər Əliyevin göstərişi ilə mal-qara saxlamaq üçün bizə Ağcabədi rayonu ərazisindən 100 hektar torpaq sahəsi ayrılmışdı. 2007-ci ildə «Qaçqınkom» həmin yerdə qəsəbə saldı. O zaman vəd edilmişdi ki, bunun əvəzində bizə Beyləqan rayonundakı keçmiş «Dostluq» sovxozunun ərazisindən otlaq sahəsi ayrılacaq. Hansısa maddi marağa görə o yer hələ də verilməyib. Bu müddətdə şikayət etmədiyimiz bircə Heydər Əsədov qalmışdı ki, bu gün ona da dərdimizi dedik».

KƏND TƏSƏRRÜFATI MÜTƏXƏSSİSİ OTLAQLARIN ƏKİLMƏSİNİ İSTƏYİR

İmişlinin Cəfərli kəndində yaşayan kənd təsərrüfatı mütəxəssisi Əmir Səmədov otlaqların əkilməsinə tətbiq edilən məhdudiyyətin heyvandarlığın inkişafına başlıca əngəl olduğunu bildirdi:

Əmir Səmədov nazirin qəbulunda.
Əmir Səmədov nazirin qəbulunda.

«Sovet dövründə otlaq sahəsinin 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilməsinə yol verilirdi. Bu, olduğu kimi Torpaq Məcəlləsinə də köçürülüb. Halbuki illərlə əkin işinin aparılmaması torpağın şoranlaşmasına gətirib çıxarır. Yaz-yay aylarında mal-qaraya yaşıl yem verilməlidir. Sahənin cəmi 3 faizində əkin aparılması bu tələbatı ödəmir. Yaylaqlar da qalmayıb ki, heyvanlarımızı sürüb ora aparaq. Ona görə də bu məhdudiyyət yumşaldılmalıdır».

NAZİR: «MƏN POMİDOR SATANAM?»

Qəbula gələnlərin bir neçəsi Heydər Əsədovdan güzəştli şərtlərlə kredit əldə etməkdə kömək istədi. Quru torpaqdan savayı heç bir əmlakı olmayan, imkansızlığından şikayətlənənlərə nazir dedi:

«Birdəfəlik bilin ki, kredit ünvanlı sosial yardım deyil. Bəziləri imkansızlığını deyir. Kim kasıbdırsa, Səlim Müslümovun idarəsinə müraciət etsin. Biz uğurlu kənd təsərrüfatı layihələrini dəstəkləyirik. Amma hətta layihə təqdim edən də müəyyən imkana malik olmalıdır ki, ona krediti ayrılsın».

O, səlahiyyətinə aid olmayan müraciətlərin artdığını da dedi:

«Kimi yetişdirdiyi pomidora alıcı axtarır, kimi ucuz toxum istəyir, kimisə biyan çıxarmaqda dəstək umur. A kişilər, mən pomidor satanam? Bilin ki, dövlət orqanları alverlə məşğul deyil. Məhsulları alsaq, onda gərək iş-gücümüzü atıb, onu satmaqla məşğul olaq».

XS
SM
MD
LG