Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Azərbaycan: Neft sıçrayışı bitir, eniş başlayır


Bakıda neft mədəni - 2015
Bakıda neft mədəni - 2015

-

Bakıda keçirilən ilk Avropa Oyunları ilə əlaqədar xarici mediada Azərbaycanla bağlı silsilə yazılar yer almaqdadır. ABŞ-ın buzzfeed.com saytı Max Seddon-un məqaləsini dərc edib.

Müəllif Hacı İbrahim Nehrəmlinin (İbrahim İbrahimov) şəxsində son onillikdə neft Azərbaycanını gördüyünü yazır. Belə ki, oliqarx prezident ailəsi ilə münasibətləri hesabına ölkənin ən varlı adamına çevrilməyə, «Khazar Islands» tikməyə çalışır. Ancaq ötən ay ölkənin ən iri bankına borclu olan 100-ə yaxın biznesmenlə birlikdə adı Əliyev idarəçiliyi ilə sinonim olan yerdə axşamlayır: həbsdə.

«İbrahimov və digər biznesmenlər borcun bir hissəsini ödəyəndən sonra buraxılıb. Amma onların həbsi Azərbaycanın meteorik yüksəlişinin kökündə duran neft sıçrayışının sona yaxınlaşmasının əlaməti sayıla bilər. İstehsalın düşməsi, neftin barelinin 90 dollardan aşağı olması ölkəni yeni gəlirlərdən məhrum edib. Azərbaycan Mərkəzi Bankı fevralda manatı devalvasiya edib və bu ilin sonuna yaxın bir daha buna gedə bilər. «Moody’s» belə deyir».

Müəllif Azərbaycanın neft gəlirləri hesabına müasir dövlət imici yaratdığını, özünü Qərbə Rusiya neft və qazına alternativ mənbə, NATO və İsrailin müttəfiqi, 2012-ci il «Eurovision» Mahnı Müsabiqəsinin ev sahibi kimi təqdim etdiyini yazır. «Neft istehsalı beş ildir pik həddindədir, ancaq ölkənin gəlirlərinin 70%-i, ixracının isə 90%-i hələ də enerjidən asılıdır».

Biznesmenlərin kütləvi həbsi hökumətin islahat yolunu seçəcəyinə inamı azaldıb. Müəllif Avropa Oyunları ərəfəsində hökumətin 80-dən çox adamı siyasi motivlərlə həbs etdiyini də vurğulayır. Prezidentin köməkçisi Əli Həsənov biznesmenlərin həbsi barədə deyir:

«Hüquqi öhdəlik hüquqi öhdəlikdir. Kimsə borcunu ödəmirsə, hüquqi məsuliyyəti yaranır və cavab verməlidir».

Prezident Əliyev ölkənin gələcək rifahını «Şah Dəniz-2» qaz yatağına bağlayır. «Ən yaxşı halda 2020-ci ildə 10 milyard kubmetr qaz istehsal edəcəyik. Təkcə Macarıstan ilə 13 milyard kubmetr işlədib», - bunu iqtisadçı, «REAL» Hərəkatının təsisçisi Natiq Cəfərli deyib.

Bakıda neft mədənləri - 2015
Bakıda neft mədənləri - 2015

«Biz Ekvatorial Afrika deyilik. Bizə əlimizi necə yumağı öyrətmək lazım deyil», - deputat Asim Mollazadə söyləyir.

«Azərbaycan son 200 ilin böyük hissəsini neft ölkəsi kimi tanınıb; bu, tariximizin bir hissəsidir; mədəniyyətimizin bir hissəsidir, bunu bir gecəyə ləğv etmək mümkün deyil», - ADA Universitetinin direktor müavini Fariz İsmayılzadə deyir.

Müəllif turizmin də inkişaf etdirilməli olduğunu, qərblilər üçün viza məhdudiyyətlərinin qaldığını qeyd edir. «Lider TV»nin bir azərbaycanlını ingilis turist kimi təqdim etməsinə də toxunur.

Yazıda korrupsiyaya qarşı ictimai narazılığı susdurmaq üçün narazılara təzyiq olunmasından, araşdırmaçı-jurnalist Xədicə İsmayılın həbsindən də bəhs olunur. Adı açıqlanmayan bir qərbli biznesmen müxbirə deyib ki, «belə bir sərvət dalğası altında onlar özləri üçün kapitalizmin acgöz və iyrənc formasını qurublar».

«Əliyev ya öz hakimiyyətini təmin etmək üçün Azərbaycanın indiki iqtisadi modelini saxlamaq yolunu seçməlidir, ya da insanları xoşbəxt etmək üçün korrupsiya və bərabərsizliyin kökünü kəsməlidir», - Natiq Cəfərli deyib. «Lee Kwan Yew-ə (Sinqapurun martda dünyasını dəyişmiş keçmiş lideri) bənzəsəydi, biz də xoşbəxt olardıq. Elə bil, kimsə ona Milton Friedman-ın yazdığını söyləyib, – daha çox iqtisadi azadlıq daha çox siyasi azadlığa gətirəcək, – o da bu fikri yanlış yola yönəldib».

Xədicə İsmayıl
Xədicə İsmayıl

CHRISTIANE AMANPOUR XƏDİCƏ İSMAYILDAN SİTAT GƏTİRİR

CNN televiziyasında «İnsan haqlarını ən sonda gəldiyi ölkə» adlı süjetdə jurnalist Christiane Amanpour ilk Avropa oyunlarının təmtəraqlı açılışına toxunur.

«Məqsəd Avropa dəyərlərinin təbliği olsa da, Azərbaycan bunun əksini edir. Bu ölkədə insan haqları, söz azadlığı sonuncu məsələlər sayılır. Bəzi xarici media qurumlarının əməkdaşları ölkəyə buraxılmayıb, öz jurnalistləri isə həbsdədir».

Amanpour həbsdə olan araşdırmaçı-jurnalist Xədicə İsmayılın ötən həftə «The New York Times» qəzetində dərc olunmuş məktubundan sitat gətirir:

«Həqiqət odur ki, Azərbaycan insan haqları böhranı içindədir. Ən pis məqamdır. Başda oturanlar korrupsiyadan faydalandığı bir vaxtda sıravi adamlar işləmək, yaşamaq, azadlıq uğrunda mübarizə aparırlar. Biz də onlarla birlikdə, onlar üçün mübarizə aparmalıyıq».

TÜRKİYƏ AVROPA OYUNLARINA EV SAHİBLİYİ ETMƏK İSTƏYİR

Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi edə bilər. Bunu Avropa Olimpiya Komitəsinin rəsmisi deyir.

Hasan Arat həm də Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. Bildirib ki, Niderlandın ikinci Avropa Oyunlarından imtinası Türkiyənin xeyrinə işləyə bilər.

Arat Bakıda jurnalistlərə danışıb. «İstanbuldan başqa, Mərsin və Antalyada bir neçə idman obyektimiz var. Ölkə istəsə, minimum xərclə Avropa Oyunlarına ev sahibliyi edə bilər. Qərar verənlər siyasətçilərdir. Türkiyə namizəd olsa, AOK bizə sarı əyiləcək».

XS
SM
MD
LG