Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:42

"Poeziyamız duyğu istismarından çox əziyyət çəkir"


Fuad Rəsulzadə
Fuad Rəsulzadə

-

"Bu gün bizim şairlərin də ən böyük problemi odur ki, qısılıb oturublar bir hücrədə, saytda.

Ölkədə baş verən olaylara “turist münasibəti” ilə yanaşırlar, sonra isə istəyirlər hamı bunlara dissident kimi baxsın, hörmət eləsin".

"Bir də gəlsəm dünyaya" şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Fuad Rəsulzadə ilə müsahibə

- Fuad, şeirlərindəki sərbəstlik, müasirlik dərhal belə fikir yaradır ki, müəllif çox gəncdir və köhnə stildən uzaqdır. Bir qədər şeir yazmağından və təsirləndiyin müəlliflərdən danış.

- İyirmi doqquz yaşım var, bilmirəm məni nə dərəcədə gənc adlandırmaq olar, amma köhnə stildən uzaq olmağa gəldikdə, açığı yazanda konkret qarşıma məqsəd qoymuram ki, dediyiniz köhnə stildən uzaqlaşım.

Yeri gəlmişkən, əgər məndən bu haqda tövsiyə istəsələr, deyərdim köhnə stildən uzaq dursunlar.

Şeiri, müğənnilərin sözü olmasın, çoxdandır yazıram, amma ortaya çıxarılası şeirləri 3-4 il olar yazmağa başlamışam.

Təsirləndiyim müəlliflərə gəldikdə isə məşhur futbolçu Batistuta futbola baxmadığı kimi məşhur olmayan mən də şeiri az oxuyuram.

Fuad Rəsulzadə
Fuad Rəsulzadə

Əsasən roman və hekayələri, xüsusilə son 2 ildə Nobel mükafatı laureatlarını mütaliə edirəm.. Məqsədli şəkildə olmasa da, tədricən Özdemir Asafa oxşamaq istədiyimi hiss eləyirəm. Bundan əlavə Brodski, Kavafis, Can Yücel, bizim şairlərdən Ramiz Rövşən və Aqşin Yeniseyi çox bəyənirəm.

- Məişət həyatında işlətdiyimiz xeyli söz sənin şeirlərində yer alıb, bəs səncə, müasir şeirdə inqilabı sadəcə əvvəl ədəbi dildə istifadə olunmayan sözləri dilə gətirməkləmi etmək mümkündür? Ümumiyyətlə, şeirimizdə inqilabi dəyişikliyin necə baş verəcəyini gözləyirsən?

- Şeirimdə işlətdiyim məişət sözləri həmin sözlərin ədəbi dildəki ekvivalentindən daha səmimi təsir bağışladığından onları seçmişəm. Özüm iki il "Aramızda qalsın" serialının ssenaristi olmuşam.

Serialda işlədiyim dövrdə bizə rejissorumuz deyirdi elə yazın ki, camaat səmimiliyinə, baş verə biləcəyinə inansın.

Dəfələrlə olub ki, "zapravka", "razetka" sözlərinin yerinə yanacaq doldurma məntəqəsi, elektrik yuvası sözlərini işlətməkdən vaz keçib o sözləri məişət üslubundakı sözlərlə yazmışıq.

Fuad Rəsulzadə
Fuad Rəsulzadə

Siz də razılaşarsız ki, burda məişət sözləri daha səmimidi, nəinki ədəbi dildəki sözlər. Şeirimizdəki inqilaba gəldikdə isə bu, şeirdən əlavə müəllifin də ortaya qoyacağı vətəndaş mövqeyi ilə düz mütənasibdir.

Mövqeyi olmayan şairin yazdığı şeirlər intellektual oxucuda o qədər dərin izlər buraxmır və oxucu o müəllifə haqlı olaraq bəsləməsi lazım olan rəğbəti bəsləmir..

Bu gün bizim şairlərin də ən böyük problemi odur ki, qısılıb oturublar bir hücrədə, saytda, ölkədə baş verən olaylara “turist münasibəti” ilə yanaşırlar, sonra isə istəyirlər hamı bunlara dissident kimi baxsın, hörmət eləsin, orda oturma, buda otur desin.

Bu şairlər, yazarlar ölkədəki haqsızlığa göz yumub özlərinə qarşı edilən ən adi "səhv"i - təbii ki, öz aləmlərində- bağışlamayıb hay-harayla kitab şəbəkəsini boykot edirlər. Təbii ki, vətəndaşlar həmin vaxt onlara dəstək verməyəcəklər, necə ki, vermirlər.

İnqilabi dəyişiklik vətəndaş mövqeyi ortaya qoymaqla gələcək. Özü sözü bir olmaqla gələcək. Oturub damağında qəlyan, gözündə gözlük, qabağında kofe Asturiasdan, Sartrdan, Soljenitsindən, Varqas Lyosadan dəm vurmağa nə var ki?!

Adama deyərlər belə cəsarətlisənsə özün də onlar kimi yaz, mövqe qoy.

- “Ədəbi Azadlıq-2015”in finalçısı kimi hansı hissləri keçirirsən? Müsabiqənin birincisi olacağını gözləyirsənmi?

- Çox sevinirəm. Bundan 5-6 ay əvvəl də yol hərəkəti qaydalarıyla bağlı ssenari müsabiqəsində 89 ssenari arasında ssenarim qalib seçilmişdi.

Ona görə bu dəfə də qalib olsam, ili futbol terminiylə desək, iki kubokla başa vuracam.

Müsabiqənin birincisi olmağıma gəldikdə isə, dostlarım arasında amansız tənqid edənlər belə şeirimin insaf naminə yaxşı olduğunu deyəndən sonra birinci olacağıma inanmağa başladım.

- Yəqin yaxın 20 ilin Azərbaycan şeirini oxuyursan, səncə şeirimiz nələrdən əziyyət çəkir və şeirin ağrıları cəmiyyətin şüuruyla nə dərəcədə əlaqədardır.

- Şeirimiz bayağılıqdan, duyğu istismarından çox əziyyət çəkir. Ucuz patriotik hisslər, pafoslu sözlərlə oxucunun qəlbinə yol tapmaq artıq çətindir.

Xüsusilə, qızların nakam sevgi haqqında yazdıqları mizerabilistik ifadələr dolu şeirlər oxucunu boğaza yığıb desəm yerinə düşər. Əslində nakamlığı da yaxşı işləmək olar, necə ki, Aqşin Yenisey bunu

Fuad Rəsulzadə
Fuad Rəsulzadə

"Yenə oxum daşa dəydi,

Daş düşsün daşın başına".

şeirində gözəl işləyib.

- Onluqda özünə ən çox rəqib bildiyin kimlərdir?

- Şeir onluğuna əgər iyirmiliyə baxmadan nəzər salsaq, bəzi şeirlərin orda olmasına pis mənada təəccüblənə bilərdik.

Di gəl ki, iyirmiliyə baxdıqda onluq üçün münsiflərə haqq verməyə bilmirsən. Rəqib olaraq isə Vəfa Qafarovanın şeirini görürəm.

XS
SM
MD
LG