Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:33

Azərbaycan ATƏT-in Bakı ofisini bağlayır


Alexis Chahtahtinsky
Alexis Chahtahtinsky

ATƏT bildirib ki, rəsmi Bakı ona heç bir “izahat təqdim etmədən” təşkilata ölkədəki əməliyyatlarını dayandırmaq üçün bir ay vaxt verib.

Carl Schreck
AzadlıqRadiosu

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bildirib ki, rəsmi Bakı ona heç bir “izahat təqdim etmədən” təşkilata ölkədəki əməliyyatlarını dayandırmaq üçün bir ay vaxt verib.

ATƏT-in sözçüsü Shiv Sharma iyunun 5-də AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hakimiyyəti bu həftə “bizə Bakıdakı layihə koordinatorunun ofisini bağlamaq niyyəti barədə xəbərdarlıq edib” və 57 üzv ölkədən ibarət təşkilat hazırda “variantları götür-qoy edir”.

Bu hadisə Azərbaycanda vətəndaş cəmiyyəti və media azadlıqlarının vəziyyətinin Qərb rəsmiləri və beynəlxalq insan haqları təşkilatları tərəfindən edilən sərt tənqidlərin artmasının ardınca baş verir.

İnsan haqları qrupları bildirirlər ki, İlham Əliyevin üçüncü müddətə Azərbaycan prezidenti seçildiyi 2013-cü ildən bəri rəsmi Bakı hökumət opponentlərinin əzişdirilməsini şiddətləndirib.

Vyanada mənzillənmiş ATƏT bu tənqidçilərin arasında ən tanınan səslərdən biridir.

Noyabr ayında təşkilatın media azadlıqları üzrə nümayəndəsi Dunja Mijatovic demişdi ki, Azərbaycanda “demək olar, bütün müstəqil media nümayəndələri və media QHT-ləri məqsədli şəkildə müxtəlif və çox vaxt da əsassız və narahatedici ittihamlarla təqib edilir”.

Azərbaycan özündəki insan haqlarının Qərb tərəfindən tənqidinə onların qeyri-obyektiv olduğu barədə bəyanatlarla cavab verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi, Bakının ATƏT-in ölkədə fəaliyyətinə icazə verən sazişi dayandırdığını bildirsə də, bu barədə iyunun 5-ə olan məlumata görə ictimaiyyət üçün heç bir açıqlama verilməyib.

Azərbaycandakı insan haqlarının vəziyyəti, həmçinin iyunun 12-də Bakıda açılacaq Olimpiya Oyunları tipli Avropa Oyunlarının ərəfəsində getdikcə artan beynəlxalq diqqətə səbəb olmuşdu.

Endirilmiş status

Avropa Parlamentinin üzvləri ötən ay Azərbaycanı geniş miqyasda siyasi məhbus kimi qəbul edilən şəxslərin Oyunlardan əvvəl azad olunmasına çağırmış, Avropa liderlərindən Bakıdakı açılış mərasiminə qatılmamağı xahiş etmişdilər.

ATƏT-in Bakı ofisinin statusu, xəbər verildiyinə görə Azərbaycan tərəfinin ricası ilə 2014-cü ilin yanvarında azaldılaraq “layihə koordinatorunun” ofisinə çevrilmişdi.

Missiyanın statusunun azaldılmasını xahiş edən Azərbaycan hökuməti Bakıda 1999-cu ildə ATƏT ofisi açılandan bəri ölkənin “əhəmiyyətli tərəqqi” etdiyini bildirmişdi.

Hazırda beynəlxalq miqyasda siyasi motivli olaraq qəbul edilən silsilə ittihamlarla həbsxanada olan jurnalist və AzadlıqRadiosunun ştatdankənar müxbiri Xədicə İsmayılova noyabr ayında ABŞ konqresmenləri qarşısında etdiyi çıxışında demişdi ki, ATƏT-in Bakı ofisinin statusunun endirilməsi “mediaya dəstək və korrupsiya ilə mübarizəyə aid” “əksər” layihələrin dayandırılması ilə nəticələnib.

Başqa funksiyaları ilə yanaşı ATƏT koordinatorunun vəzifəsinə “ATƏT prinsiplərinin və öhdəliklərinin” yerinə yetirilməsi, habelə qeyri-hökumət təşkilatları, yerli hakimiyyət orqanları, universitetlər və araşdırma təsisatları ilə “əlaqələrin saxlanması” daxil idi.

QHT-lər Azərbaycan azad media təbliğatı ilə məşğul olan qruplar da daxil olmaqla Azərbaycan hakimiyyətinin hücumlarının hədəfinə çevrilib.

Aprel ayında Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks demişdi ki, “Azərbaycanda insan haqları müdafiəçiləri QHT-lər barədə məhdudlaşdırıcı qanunvericiliyin vasitəsilə qısnanır və məqsədli şəkildə həqiqətə uyğun olmayan ittihamlar irəli sürən cinayət təqibləri ilə hədəflənirlər”.

Azad Avropa/AzadlıqRadiosu dekabrda, onun ofisi xarici təşkilatlara qarşı hökumət tərəfindən aparılan kampaniyanın əsnasında möhürləndikdən sonra ötən ay Bakı bürosunu bağlayıb. Azad Avropa/AzadlıqRadiosunun Azərbaycan xidməti, buna baxmayaraq öz fəaliyyətini rəqəmli və peyk texnologiyası platformalarında davam etdirir.

Azad Avropa/AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic mayın 22-də bildirib ki, Azərbaycan hakimiyyəti “qanunsuz və əsassız” hərəkət edib.

Azərbaycan “ağaları”

Azərbaycanın ATƏT ofisini bağlamaq qərarı təşkilatın layihıə koordinatoru, fransalı Alexis Chahtahtinsky-nin mandatının başa çatmasının dərhal ardınca qəbul olunub.

Əliyev administrasiyası rəhbərinin müavini və president asparatı Xarici Əlaqələr Departamentinin rəhbəri Novruz Məmmədov iyunun 1-də yazdığı Tvitter postunda bildiridi ki, Chahtahtinsky öz vəzifəsindən fransız diplomatın ictimaiyyət qartşısında Əliyevlə görünməsinə ABŞ-ın etirazı ilə bağlı azad edilib.

Belə görünür ki, Məmmədov ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baerin 2014-cü ilin iyulunda səslənmiş bəyanatına işarə edirdi. Cənab Baer o vaxt Chahtahtinsky-ni “vətəndaş cəmiyyəti ilə deyil”, Əliyevlə və Azərbaycan xarici işlər naziri ilə şəkil çəkdirdiyinə görə tənqid etmişdi.

"Ev sahibliyi edən hökumətlə məşvərət əlbəttə ki, sizin işinizin mühüm bir hissəsi olsa da, siz bizim hamımız üçün fəaliyyət göstərməlisiniz və siz bu təşkilatın prinsiplərinə uyğun şəkildə işləməlisiniz”- demişdi Baer Chahtahtinsky-yə ünvanladığı bəyanatda.

Baer həmin vaxt bu bəyanatın şərhi üçün müraciətə cavab verməmişdi.

Lakin Fransanın ATƏT-dəki səfiri Maxime Lefebvre , Azad Avropa/AzadlıqRadiosuna bildirib ki, Chahtahtinsky-nin müqaviləsinin uzadılmaması barədə qərar siyasətlə və ya ATƏT-Azərbaycan əlaqələri ilə deyil, daha çox “daxili menecment problemləri” ilə bağlıdır.

Lefebvre deyib ki, ATƏT “Azərbaycanın təşkilata sadiq qalmasını” və “missiyanın öz işini davam etdirməsini istərdi”.

O əlavə edib ki, Bakı ofisinin bağlanması barədə qərar rəsmən təsdiqlənərsə, bu son dərəcə təəssüfləndirici hal olacaq, çünki “biz ATƏT-inAzərbaycandakı mövcudluğunu saxlamasını və ATƏT-in iştirakçı üzvü olan Azərbaycanla münasibətlərin davam etməsini mühüm məsələ hesab edirik”.

XS
SM
MD
LG