Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Cəmil Həsənli: «Avropa Oyunları aşağı ranqlı tədbirdi»


Cəmil Həsənli
Cəmil Həsənli

-

Beynəlxalq diqqətin Azərbaycana yönəldiyi bir dönəmdə - Avropa Oyunları ərəfəsində müxalifətin planları ilə bağlı AzadlıqRadiosunun suallarını Milli Şuranın sədri Cəmil Həsənli cavablandırır.

Gözlə

No media source currently available

0:00 0:09:16 0:00
Direct-ə keçid

- «Eurovision-2012» mahnı müsabiqəsi ərəfəsində beynəlxalq diqqətin Azərbaycana yönəlməsindən yararlanan müxalifət, vətəndaş cəmiyyəti xüsusi fəallıq göstərirdi. Ölkədəki insan haqları ilə bağlı durumu nümayiş etdirmək üçün mərkəzdə icazəsiz aksiyalardan tutmuş müxtəlif digər tədbirlərədək bir çox vasitələrə əl atırdılar. Düzdür, bu günlərdə Milli Şura bir neçə icazəli aksiya keçirdi, amma həmin dövrlə müqayisədə bu, çox sönük görünür. Səbəb nədir sizcə?

- Səbəb odur ki, o zaman kampaniya keçirənlərin böyük bir hissəsi bu gün həbsdədir. Bu işlərin əsas təşkilatçıları Rəsul Cəfərov, Xədicə İsmayıl, Leyla Yunus bu gün həbsdədirlər. Cəmiyyətin kifayət qədər aktiv, vətənpərvər hissəsi, sosial cəhətdən fəalları bu gün həbsdədir. Bu, məsələnin bir tərəfi. O biri tərəfi də ondan ibarətdir ki, biz Milli Şura olaraq şənbə günü mitinq keçirdik. Bu mitinqin başlıca hədəflərindən biri də «Xilas olaq» idi. Nədən xilas olaq? Belə yarıtmaz idarəçilikdən, korrupsiyadan, demokratiyanın olmamasından, yanğınlardan, həddi-hüdudu olmayan məsrəflərdən xilas olaq. Bu da etirazın bir formasıdır. Milli Şura bu istiqamətdə mümkün olan bir şeylər edir.

- Mitinqlərin davamı olacaqmı?

- Şübhəsiz ki, mitinqlərin davamı olacaq. Yeni bir mitinq üçün Milli Şuranın Koordinasiya Mərkəzi hansı vaxtı gərəkli bilsə, olacaq. Yaz dövründə biz üç mitinq keçirdik. Qarşıda yay başlayır və bu dövrdə kütləvi aksiya keçirməyin müəyyən çətinlikləri var, çünki həm insanlar yay istirahətlərinə gedir, həm də hava çox isti olur. Bu dövrdə xüsusilə iyul və avqust aylarında bir qayda olaraq kütləvi aksiyalar keçirmək uyğun deyil. Amma bütün hallarda Milli Şura bu məsələləri müzakirə edəcək və gərək bildiyi halda aksiya keçirmək barədə qərar qəbul edəcək.

- Cəmil bəy, Avropa Oyunları keçirilən vaxt hökumətin etiraz mitinqlərinin keçirilməsinə rəsmi icazə verməmək ehtimalı daha çoxdur. Belə olan halda bu dönəmdə Milli Şura nə etməyi düşünür?

- Biz hələ müraciət etməmişik və «yox» cavabı da almamışıq. Nə vaxt müraciət olunsa və «yox» cavabı alınsa, Milli Şura bu barədə müzakirə keçirib qərar verə bilər. Olmayan şey haqda ehtimallar üzərində danışmaq düzgün olmaz.

- Bəs daha çox diqqət çəkmək üçün etirazları, icazəsiz olsa belə, mərkəzdə keçirmək məsələsini Milli Şura heç götür-qoy edibmi?

- Bu məsələ müzakirə olunmayıb. Milli Şura belə bir aksiya planlaşdırmır. Ona görə də, mən bu barədə Milli Şuranın rəhbər qərarı olmayan halda nəsə deyə bilmərəm. Bugünədək Milli Şurada bu müzakirə olunmayıb.

- Son mitinqlərin Milli Şura olaraq yəqin ki, təhlilini aparmısınız. Nəticə varmı?

- Müsbət nəticə odur ki, Azərbaycan hakimiyyətinin bu qədər adamı həbs etməsinə, repressiya mühiti yaratmasına, cəmiyyəti qorxutmasına baxmayaraq, Azərbaycan vətəndaşları bütün bu təqiblərə rəğmən yenə də etiraz mitinqlərinə çıxırlar. İstər ötən ilin payızında, istərsə də bu ilin yazında Milli Şura Azərbaycan ictimai-siyasi mühitində yeganə təşkilatdır ki, mitinqlər keçirir. Yəni etirazın bu formasından istifadə edib. Siyasi məhbusların müdafiəsinə dəstək verib. 21 fevral hadisəsindən sonra «Talana son» mitinqi keçirib, vətəndaşların bir gecənin içərisində maddi vəsaitlərinin 34-35 faiz azaldılmasına etiraz edib. Mayın 19-da yanğın hadisəsi daxil olmaqla «Xilas olaq» şüarı altında mitinq keçirib. Bu hadisə Azərbaycan hakimiyyətinin mahiyyətini ortaya qoydu. Ona görə də, buna etiraz etmək lazım idi, bunu biz etdik. Baxmayaraq ki, hakimiyyət bu mitinqlərin kütləviliyinin qarşısını almaq üçün bütün vasitələrə əl atdı.

- Sizcə, bu cür etirazlarla iqtidara nəyisə qəbul etdirmək mümkündür?

- Azadlıq prospektində yanan binadan sonra hakimiyyətdə belə bir ab-hava var idi ki, alışqan üzlükləri Avropa Oyunları qurtarana kimi sökməsin. Məhz cəmiyyətdən gələn təpki hakimiyyəti məcbur etdi ki, belə bir addım atsın və bu ölüm üzlüklərini əhatə etdikləri binalardan söküb töksünlər. Bakı şəhər icra hakimi Hacıbala Abutalıbov deyirdi ki, «indi istintaq gedir, məlum olsa ki, bu, təxribatdır, biz üzlükləri sökməyəcəyik». Yaxud fövqəladə hallar naziri təklif edir ki, «Avropa Oyunları bitənədək 263 binanın hər birinin yanında yanğınsöndürən bölük saxlayaq». Abid Şərifov də dedi ki, «üzlüklərin sökülməsini Oyunlardan sonraya saxlayaq». Məhz cəmiyyətdən gələn təpki əsasında hakimiyyət Bakı şəhər tarixində ən böyük söküntüyə getməli oldu.

- Cəmil bəy, bəs Avropa Oyunları ərəfəsində əfv gözləntiniz hələ də qalırmı?

- Oyunlardan öncə olacağını düşünmürəm. Amma əfv qaçılmazdır və Azərbaycan hökuməti bunu verməlidir, ayrı çarə yoxdur.

- Avropa Oyunlarından sonrakı Azərbaycanı necə görürsünüz? Nəsə dəyişəcək sizcə?

- Sosial-iqtisadi həyatda nəyinsə dəyişəcəyini gözləmirəm. Qonaqlar gələcəklər, bizi görüb tanıyacaqlar. Amma bu tanımağın da iki tərəfi var. Məsələn, deyirlər ki, bu tədbir işğal altında olan torpaqların azad edilməsinə yardım göstərəcək, bu, tamamilə mənasızdır. Azərbaycanın görə biləcəyi yeganə fayda idmançılarımızın uğurlu çıxışı və qələbəsidir. Bundan başqa nə dəyişiklik ola bilər ki? Məsələn, «Eurovision»dan sonra nə dəyişiklik oldu ki, indi nə olsun? Yaxud dünya olimpiadaları keçiriləndən sonra həmin olimpiadaların keçirildiyi ölkələrdə nə dəyişir? Hərçənd ki, Avropa Oyunları hələ olimpiadadan da aşağı ranqlı tədbirdir. Ona görə də, bizim televiziya və mətbuatın apardığı kampaniya əsası olmayan kampaniyadır, yəni bu oyunlar olacaq, gəlib keçəcək və Azərbaycan da əvvəlki həyatını yaşamaqda davam edəcək.

XS
SM
MD
LG