Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

Fransa səfiri: «Diqqəti özünə cəlb edən gərək mükəmməl olsun»


Pascal Meunier
Pascal Meunier

-

«Yeni Müsavat» qəzeti yazır ki,Fransanın Bakıdakı səfirliyində səfir Pascal Meunier yerli jurnalistlərlə görüşündə qlobaliqlim dəyişikliyindən tutmuş bina fasadlarına, AZAL-ın qiymətlərinə, siyasi məhbus məsələsinə qədər hər şeydən danışıb.

Səfir deyib ki, Azərbaycandakı siyasi məhbus problemi ilə bağlı rəsmi Bakı onların dostcasına dediklərini də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir. Onun sözlərinə görə, ötən ilin mayında Leyla Yunus və Xədicə İsmayıl səfirlikdə idilər və prezident Francois Hollande-la görüş keçirirdilər: «Məlum həbslərdən sonra adlarını çəkdikləriniz və digərləri barəsində olan müzakirələr hər siyasi kontakt zamanı gündəmə gəlib. Bunu açıq mətbuata yox, Azərbaycan hökuməti ilə birbaşa danışmışıq. Çünki bunun daha effektiv ola biləcəyini hesab etmişik».

Səfir deyib ki, Azərbaycan bir çox irimiqyaslı tədbirlər həyata keçirir, yəni ölkə diqqəti özünə cəlb etmək niyyətindədir: «Düşünürəm ki, Azərbaycan hökuməti imicini yaxşılaşdırmaq üçün belə tədbirlər keçirir. Son 10 ildə ölkəniz nələrə nail olduğunu göstərmək istəyir. İnanın ki, Bakıya hər gələn paytaxtınıza valeh olur. Amma mən bilirsiniz telekanalların birinə müsahibəmdə nə demişdim? Bildirmişdim ki, diqqəti özünə cəlb edən gərək mükəmməl olsun. Təsəvvür edin ki, mən qalstukum əyilmiş formada telekanala müsahibə verirəm, hamı mənim qalstukuma baxacaq, heç kəs demək istədiyim mesaja diqqət ayırmayacaq. Düşünürəm ki, Azərbaycan hökuməti bizim dostcasına dediklərimizi də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir. Bu gün də prezident Əliyev diplomatik korpus qarşısında bildirmişdi ki, Azərbaycanın demokratiya sahəsində öhdəlikləri vardır və bunlar yerinə yetiriləcək».

Səfir Azərbaycan XİN-in ölkəsinə etiraz notasına da aydınlıq gətirərək deyib ki, Fransa Senatının Azərbaycanla Dostluq Qrupunun rəhbəri Nathalie Goulet Fransa hökumətinə Qarabağ separatçılarının lideri Bako Sahakyan-nın bu yaxınlarda ölkəyə səfəri zamanı bir sıra Fransa şəhərlərinin merlərinin onunla imzaladığı sazişlərin qanuniliyini araşdırmaq çağırışı ilə müraciət edib: «Mən XİN-in notası barədə ölkəmi məlumatlandırmışam. Bilirsiniz, Fransa separatizmi təşviq etmir və Azərbaycanın narahatlığına anlayış göstərir. Eyni zamanda, Fransa hökuməti ayrı-ayrı insanlar arasında əlaqələrin qarşısını ala bilməz».

«KREDİT BORCUMU ÖDƏDİKDƏN SONRA MƏNİ BURAXDILAR»

Yenicə azadlığa çıxan işadamı Hacı İbrahim Nehrəmli ANS-ə müsahibə verib. O, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanması barədə danışıb, deyib ki, ölkədən qaçarkən saxlanması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Hacı İbrahim bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsinə də aydınlıq gətirib:

Hacı İbrahim Nehrəmli
Hacı İbrahim Nehrəmli

«Günorta saatlarında ora getdim. Nəyə görə saxlanıldığımı soruşdum? Məni kimsə qəbul etmirdi. Bundan sonra bir-iki adamdan xahiş etdim ki, məni qəbul etsinlər, gəlib qapıda qalmışam. Sonra çox hörmətlə qəbul etdilər. Axşam saat 8-ə qədər yuxarıda gözlədim. Bu müddət ərzində kimsə mənə bir söz demədi. Gəlib qollarımı qandallayıb aşağıya apardılar. Bir-iki gün orada qaldım. Amma orada qalmağımın səbəbini bilmədim. Daha sonra saxlanılmağımın səbəbi məlum oldu ki, kredit borcum var. Mənim kredit borclarımın vaxtı 2019-cu ildə bitir. Kreditin vaxtı keçdiyinə görə, faiz borcu 1 milyon 500 mini keçib. Kredit borcumu iki günə ödədikdən və problemin həll olunandan sonra azadlığa buraxıldım».

Bir müddətdir ki, Beynəlxalq Banka külli miqdarda kredit borcu olan sahibkarlar saxlanıb.

PAYTAXTIN ABADLAŞMASINA SƏRF EDİLƏN MİLYONLAR

«Bizim yol» qəzeti araşdırıb ki, paytaxtın abadlaşdırılmasına 2006-cı ildən bəri nə qədər vəsait ayrılıb və bu pullar hansı qurumun sərəncamına verilib.

«Paytaxtda aparılan təmir-tikinti işlərinə bir neçə istiqamətdə vəsait ayrılır. Bu sırada Bakı şəhər İcra Hakimiyyəti ilk sırada gəlir. Daha sonra ən böyük pay Nəqliyyat Nazirliyinə düşür. Bundan əlavə «Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair» Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, «Azərenerji», «Azərsu», Dövlət Neft Şirkəti, Gənclər və İdman Nazirliyi dövlətin böyük vəsaitlərini xərcləyir», - «Bizim yol» yazır.

2006-2014-cü illərdə Bakı şəhər İcra Hakimiyyəti vasitəsilə paytaxtın təmir-tikinti işləri üçün dövlət büdcəsindən aşağıdakı həcmdə vəsait istifadə edilib.

2006-cı ildə - 1.8 milyon manat

2007-ci ildə - 64 milyon manat

2008-ci ildə - 40 milyon manat

2009-cu ildə - 15 milyon manat

2010-cu ildə - 25 milyon manat

2011-ci ildə - 350 milyon 634 min manat

2012-ci ildə - 327 milyon manat

2013-cü ildə - 644 milyon manat

2014-cü ildə- 276 milyon 153 min manat…

Bakıda binaların üzlüklərinin sökülməsi - 2015
Bakıda binaların üzlüklərinin sökülməsi - 2015

Bu istiqamətdə ən böyük investisiya xərclərini «Bakı şəhərində binaların təmiri, işıqlandırılması, abadlaşdırılması, əhalinin köçürülməsi» adlı bölmə tutur. Belə ki, sözügedən bölmə üzrə 2011-ci ilə 198.1 milyon manat, 2012-ci ildə 125 milyon manat, 2013-cü ildə 114.5 milyon manat, 2014-cü ildə 100 milyonvəsait xərclənib. Daha sonra vəsaitlər müxtəlif obyektlərin əsaslı təmirinə, avtomobil yollarının çəkilməsinə, «Ağ şəhər» layihəsinə, Zooparkın köçürülməsinə və sair sahələrə yönəldilib.

BŞİH-lə yanaşı, paytaxtın ayrı-ayrı rayonlarının icra hakimiyyətlərinə də abadlıq işlərinin görülməsi məqsədilə büdcənin əsaslı vəsait qoyuluşundan pullarayrılıb. Burada diqqət çəkən məqamlardan biri budur ki, Nərimanov rayonu ərazində abadlıq işlərinin qurulması üçün BŞİH-nə 2011-ci ildə 38 milyon manat ayrılmasına baxmayaraq, eyni xərc bölməsi üzrə Nərimanov rayon İcra Hakimiyyətinə 2013-cü ildə yenidən 20 milyon manat vəsait yönəldiblər.

Paytaxtın yenidən qurulması üçün digər xərclər istiqamətlərindən biri də, deyildiyi kimi, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi ilə bağlı ayrılan vəsaitlərdir. Belə ki;

- Proqramın icrası üçün 12-yə yaxın dövlət qurumuna 300 milyon 308 min manat ayrılıb.

- Dövlət Neft Şirkəti isə təkcə qazlaşdırmaya 80 milyon manat xərcləyib. Neftli torpaqların təmizlənməsinə ayrılan vəsait isə göstərilmir.

Paytaxtın abadlıq işlərinin aparılması zamanı ən böyük xərc bölmələrindən biri də bulvarın təmiri, Bayraq Meydanının tikintisidir. Beləliklə, bulvarda yenidənqurma işlərinin aparılması və genişləndirilməsi üçün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə;

2011-ci ildə 30.1 milyon manat

2012-ci ildə 18 milyon manat

2013-cü ildə 53 milyon manat

2014-cü ildə 50 milyon manat verilib.

Dövlət Bayrağı Meydanının tikinitisinə və ətrafında abadlıq işlərinin qurulmasına isə;

2011-ci ildə - 65 milyon manat

2012-ci ildə - 40 milyon manat

2013-cü ildə isə - 39 milyon manat

2014-cü ildə - 5 milyon manat istifadə edilib.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Ən böyük xərc istiqamətindən birini də Nəqliyyat Nazirliyi təşkil edir. Təəssüf ki, Nazirliyin Bakının avtomobil yollarına sərf elədiyi vəsaitin dəqiq statistikası təqdim edilmir.

«HƏR BİR SİYASİ PARTİYA HESABAT VERMƏLİDİR»

Bunu Milli Məclisin deputatı, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. «Yeni Azərbaycan» qəzeti yazır ki, Siyavuş Novruzovun sözlərinə görə, «Siyasi partiyalar haqqında» qanuna uyğun olaraq hər bir partiya şəffaflığı təmin etməkdən ötrü (həm dövlət büdcəsindən maliyyələşən, həm də dövlət büdcəsindən maliyyələşməyən, eləcə də, digər partiyalar) öz maliyyə mənbələri haqqında məlumat verməlidir: «Bildiyiniz kimi, «Siyasi partiyalar haqqında» qanuna dəyişikliklər olundu və bu, Mərkəzi Seçki Komissiyasına həvalə olundu. Yəni hər il MSK-ya illik maliyyə dövriyyəsi ilə yanaşı, onun üzərində auditor rəyi də təqdim olunmalıdır. MSK isə şəffaflığın təmin olunması üçün onu öz veb-səhifəsində yerləşdirir».

S.Novruzov hesab edir ki, bu, çox yerində olan bir addımdır: «Yəni hər bir siyasi partiya cəmiyyət qarşısında özünün hesabatını verir ki, hansı maliyyə mənbələri əsasında siyasi təşkilat fəaliyyət göstərir və maliyyələşir. O baxımdan da hesab edirəm ki, bu, vacib şərtlərdən biridir».

Azərbaycanda siyasi partiyalardan auditor rəyi tələb olunacaq. Milli Məclisdən SİA-ya bildiriblər ki, bununla bağlı «Mühasibat uçotu haqqında» qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq. Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

XS
SM
MD
LG