Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:51

Hakimiyyətin «oliqarx ovu» davam edir


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azadlıq» qəzeti yazır ki, iki gün öncə Bakıda həbs olunan işadamı Nizami Piriyev hazırda DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.

Vəkili Muxtar Mustafayev deyib ki, N.Piriyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil:

«Oliqarx deyib ki, o, bankdan götürdüyü kreditlərin hamısını metanol zavoduna sərmayə kimi yatırıb. N.Piriyev həmin zavodun indiki bazar qiymətinin 800 milyon dollardan artıq olduğunu da sözlərinə əlavə edib».

Qəzet yazır ki, Nizami Piriyevin həbsindən sonra onun sahibi olduğu obyektlər bağlanmağa başlayıb: «Məlumata görə, neft maqnatının bir müddət əvvəl açdığı «Port Baku Mall»da yerləşən dünyaca tanınmış «WH Smith book-caf» mayın 12-dən etibarən fəaliyyətini dayandırıb. Bundan başqa, daha bir neçə obyektinin satışa çıxarıldığı bildirilir».

«Azadlıq» qəzeti «Avesta» konserninin rəhbəri, işadamı Hacı İbrahim Nehrəmlinin də saxlanıldığını yazır. «Məlumatı Hacı İbrahimin layihəsi olan «Xəzər Island»da çalışan məsul şəxslərdən biri təsdiqləyib. Günün sonuna qədər onun buraxılıb-buraxılmaması ilə bağlı heç bir məlumat verilməyib. Dünən «Globus Plaza» şirkətinin sahibi, keçmiş deputat, Cahangir Hacıyevə yaxınlığı ilə seçilən Dünyamin Xəlilovun da həbsi xəbəri yayılıb. Lakin keçmiş deputat xəbəri təkzib edib. «Mən hazırda müalicədəyəm»,- deyib. Dünyamin Xəlilov əlavə edib ki, gün ərzində ona həbs olunması ilə bağlı çoxlu sayda zənglər gəlib: «Bu xəbərlər həqiqəti əks etdirmir. Mən xəstəyəm və hazırda müalicə olunuram».

BEYNƏLXALQ BANKI NECƏ BATIRIBLAR?

«Bizim Yol» qəzeti yazır ki, Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verən proseslər dövlət bankında ciddi problemlərdən xəbər verir. Bankın qaytarılmayan kreditlərinin həcmi kritik vəziyyətə çatıb.

Beynəlxalq Bank
Beynəlxalq Bank

Qəzet yazır ki, «hələ iki il öncə «Anonious» haker qrupunun «Azərenerji» ASC ilə bağlı açıqladığı sənədlərdə ABB ilə «Azərenerji» arasında 140 milyon manatlıq, «Şəki RET» MMC arasında isə 36.02 milyon manatlıq məhkəmə çəkişməsi barədə məlumat getmişdi. Sənəddə göstərilirdi ki, qurumlar bankdan kredit götürsələr də, sonradan ödəməkdən imtina ediblər».

«Bizim Yol» yazır ki, Beynəlxalq Bankın maliyyə idarəçiliyində kifayət qədər mənfi reputasiyası var: «Mərkəzi Bankın tələblərini pozaraq rüblük hesabatlarını təqdim etmir. 2014-cü ilin hesabatından məlum olur ki, ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edir. Onun 7 milyarddan çoxu korporativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çoxdur. Böyük işadamlarına, dövlətqurumlarına, oliqarxlara verilən borclar isə illərdir qaytarılmır. Nəticədə ABB vaxtı keçmiş kreditlərlə bağlı ölkədə ən böyük problem yaşayan banka çevrilib. ABB-nin ötən ilə dair hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 1.1 milyard manat olub. Onun 749.2 milyon manatı vaxtı keçmiş, lakin dəyərsizləşməmiş, 377.7 milyon manatı isə dəyərsizləşmiş kreditlər sayılır.

Mərkəzi Bankın statistikasına görə, ötən il problemli kreditlərinin həcmi 976.3 milyon manat təşkil edirdi. ABB-nin dəyərsizləşmiş və dəyərsizləşməmiş problemli kreditlərini üst-üstə toplasaq, o zaman təkcə Beynəlxalq Banka olan borcların həcmi Mərkəzi Bankın statistikasından yüksək olur. Lakin yenə də hesabatdan aydın olur ki, 377.7 milyon manat vəsaitin qaytarılmasına ümid heç yoxdur. 749.2 milyon manatlıq vaxtı keçmiş kreditləri isə əvəzləyəcək girov və ya digər predmetlər olduğuna görə, zərəri nisbətən sığortalamaq mümkündür. Bunu nəzərə alan Mərkəzi Bank, görünür, yalnız dəyərsizləşmiş kreditləri ümumi portfelə əlavə edib. Dəyərsizləşmiş kreditlərin 356 milyon manatı (bu istiqamətdə olan borcun təqribən 99 faizini), dəyərsizləşməmiş kreditlərin isə 660 milyon manatı korporativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan aydın olur ki, ABB-dən kredit götürən işadamlarının heç biri borcunu geri ödəməyib».

Mehriban Əliyeva
Mehriban Əliyeva

«EUROVISON»DAN BAKU 2015-DƏK

«Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında, «Evrovision-2012» Mahnı Müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq I Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik».

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın sitatını «Azərbaycan» qəzeti ««Eurovison»dan Baku-2015»dək məqaləsində göstərir.

Qəzet, Avropa Oyunlarına 30 gün qaldığını xatırladır: «Ötən iki il yarım ərzində görülən işlər Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini göstərir. Ölkənin idman infrastrukturunu iki il yarıma olimpiya oyunları səviyyəsində olan bir idman yarışının keçirilməsi üçün tam hazır vəziyyətə gətirmək Bakı-2015-in Təşkilat Komitəsinin çevik və fədakar fəaliyyətinin nəticəsidir. Olimpiya oyunlarında bunun üçün ev sahibi olan ölkənin azı 8 il vaxtı olur. Azərbaycanda isə iki il yarıma bütün işlər başa çatdırılıb və hazırda bütün dünyanın idman ictimaiyyəti I Avropa Oyunlarının başlamasını gözləyir. I Avropa Oyunları Azərbaycanın böyük uğuru kimi tarixə düşəcək. Eyni zamanda Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirir. Gələcəkdə keçiriləcək növbəti Avropa Oyunlarında Azərbaycanın nümunəsi və təcrübəsi əsas götürüləcək».

XS
SM
MD
LG