Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:34

"Dünyanın ən gözəl yeməkləri Azərbaycandadır" və s. miflər


Rəşad Babalı
Rəşad Babalı

-

4 il bundan əvvəl Türkiyənin Bodrum şəhərində işləyəsi oldum. Orada qaldığım 7 ayda “ən”lərimiz bir-bir sıradan çıxdı.

Yediyim qarpız, nar, əncir, üzüm, gilas, alma kimi meyvələr dadına görə Azərbaycanda yediklərimdən qat-qat dadlı idi.

Rəşad Babalı

“ƏN YAXŞI"DAN "ƏN NORMAL"A DOĞRU


Gürcüstanın Batumi şəhərini ilk dəfə görəndə sözün həqiqi mənasında böyük şok yaşamışdım. Ümumiyyətlə, Gürcüstan təbiəti məni heyran qoymaqla yanaşı illərdir beynimizə yeridilən bir stereotipi dağıtdı. Ümumiyyətlə, insanın hansısa qəlibləşmiş dəyərinin dağılması çox ağrılı prosesidi.

Batumini ilk gördüyüm vaxt həm də ölkə hüdudlarından birinci uzaqmənzilli çıxışım idi. Ona qədər 3-4 günlük Gürcüstanda olmuşdum, onda da Qardabani rayonuna toya getmişdik. Həm azərbaycanlılar olan kənddə idik, həm də qış olduğundan bir çox şeyin fərqində olmadım. Qara dənizin gözəl məkanı “dünyanın ən gözəl dəniz kənarı Azərbaycandadı” fikrini darmadağın etdi. Batumi və ondan sonra Türkiyənin Qara dəniz sahilləri şişirdilmiş Azərbaycan obrazını əridib bapbalaca etdi.

1988 eyforiyası milli özünüdərk məfhumunu aktivləşdirmişdi. 68 illik sovet hakimiyyəti milli nə varsa boğmağa və ya əsas mahiyyətindən uzaqlaşdırmağa çalışırdı. Yenidən özünəqayıdışın isə yolu, səmti bilinmirdi. Bu proses necə olmalıdır, özündə nəyi ehtiva etməlidi, kimlərə "stavka" olunmalıdı kimi əsas məsələləri aydınlaşdırılmadı. Əvəzində içiboş dəyərlər şişirdildi. (Ardı aşağıda)

Onlardan biri də dünyada yaxşı nə varsa Azərbaycandadı fikridir. Ən yaxşı musiqi, ən yaxşı mətbəx, ən yaxşı təbiət, ən gözəl qızlar, ən güclü idmançılar (burada güləş kimi fərdi mübarizə növləri nəzərdə tutulur), ən dadlı meyvələr, ən güclü alimlər, ən bərəkətli torpaq, ən qonaqpərvər xalq və s bu kimi “ən”lərlə başlayan şeylər vətənpərvərlik anlayışının içinə doldurulmağa başlanıldı. İnsanlar birdən ayıldılar ki, dünyada sən demə bizim yeməklərdən dadlısı yoxdur. Hələ bu torpaqlarda bitən meyvələ-tərəvəzin dadını demirəm. Baxırsan biri məclisdə deyir, getdim filan ölkədə ət yedim, bizimkinin dadını vermədi. Hətta mətbəximizə qonşu xalqlardan daxil olmuş yeməkləri belə özəlləşdirmişik. Bir qohumum Ukraynada yediyi borşu bəyənməmişdi ki bizim arvadların bişirdikləri daha dadlıdı. Adama anlada bilmədim ki əsl borş onlardakıdı, çünki bu zadı icad edən onlardı.

Ömrüm boyu cəmi 4 ölkədə olmuşam. Getdiyim yerləri bir az diqqətlə müşahidə etdikcə bizdəki “ən”lərlə başlayan şeylərin əslində dəfələrlə şişirdildiyini gördüm və çox pərt oldum. 4 il bundan əvvəl Türkiyənin Bodrum şəhərində işləyəsi oldum. Orada qaldığım 7 ayda “ən”lərimiz bir-bir sıradan çıxdı. Yediyim qarpız, nar, əncir, üzüm, gilas, alma kimi meyvələr dadına görə Azərbaycanda yediklərimdən qat-qat dadlı idi. Üstəlik görüntüləri daha baxımlıydı. Bununla bizdəki meyvələri aşağılamaq istəmirəm, lakin mənim üçün artıq “ən”lərdə deyillər. Hələ oradakı mənzərələri demirəm.

BDU-nun jurnalistika fakültəsində bizə dərs demiş Cahangir Məmmədli bir xatirəsini danışmışdı. Sovet zamanı dostuyla maşında gedərkən radioda xalq mahnısı səslənib. Dostu “bizim musiqidən yaxşısı yoxdu, bizimki dünyanın ən gözəl musiqisidir” deyib. Cahangir müəllim də ciddi-ciddi “sən Nikaraqua mahnılarını dinlədinmi?” soruşub. Həmsöhbəti qeyri-adi sual qarşısında donub qalıb. Yoldaşının çaşqınlığı davam edərkən Cahangir Məmmədli sözünün ardını gətirib: “Eşitməmisənsə hardan bilirsən ən yaxşısıdır”. Tələbə vaxtı müəllimimdən eşitdiyim bu xatirə beynimə şübhə saldı. O vaxtdan şübhələrim böyüdü-böyüdü, Batumidə məntiqi sonluğuna çatdı.

İnsan ümumiləşdirməyə meyilli olsa da, deyərdim azərbaycanlılar bəlkə də xüsusən fərqlənirlər. Vətənpərvərlik eyforiyası “ən” adlı yaxşılar meydana çıxartdı. Dünyanı tanımadan özününkünə “ən”la başlayan müsbət sifətlər vermək görməmişlikdi. Demirəm bizimkilər pisdi. Çox yaxşı şeylər var. Ancaq “ən” deyillər. Başqa qitələri yox, eləcə qonşu arealı gəzin, nə qədər yanıldığınızı görəcəksiniz. Təbiətindən tutmuş, meyvələrinə, yeməklərinə, memarlığına qədər. Xəyal qırıqlığına uğramağınız xeyrinizə olacaq.

Birincisi yalançı maniyadan qurtulacaqsınız, ikincisi də ən azı coğrafiyamızı tanıyacaqsınız. Ona görə ki indiyə qədər bizə öyrədilən coğrafi şüur çox yanlışdı. Bizə Azərbaycan hər zaman əlahiddə bir məkan kimi öyrədilib. Sanki dağlarımız sərhəddə bitir, çaylarımız sərhəd keçid məntəqəsindən başlayır, quşlar ancaq öz səmamızda uçur, tariximizdə olan dövlətlər ancaq burada qurulub, filan bitkilər ancaq burada yetişir. 9 iqlim qurşağı söhbəti elə təəssürat yaratmışdı ki sanki qonşularımızda uzaqbaşı 3-4 iqlim qurşağı var və nə mutlu bizə. Zamanla anladım ki, ərazisinin böyük hissəsi yarımsəhra olan dövlət üçün bunun ciddi əhəmiyyəti yoxdur.

Ancaq indi bu “ən”lər elə gündədir ki, ən yaxşı narı, almanı, üzümü, gilası, ənciri əkən kəndli nəinki dünyanın “ən” yaxşı kəndlisidir, ən pis vəziyyətinə namizəddir artıq. “Ən yaxşı meşələr, dağlar” bu gün bir qrup adamın de-fakto özəl mülkü sayılır, ətrafı hasarlanıb. Dünyanın ən gözəl gölü hesab etdiyimiz Göy-gölə gedə bilirikmi? Və ya yayda “ən gözəl dəniz olan” Xəzərin sahilində təmiz yerdə rahat istirahət etmək mümkündürmü hasarların əlindən? Dünyanın istisnasız ən gözəl nemətlərindən olan kürüdən dada bilirikmi?

İstəyirəm dünyanın yox, heç olmasa regionun “ən”ləri bizdə olsun. Ən demokratik. ən yüksək maaş, ən azad, ən qanunsevər, ən təhsilli, ən istehsalçı, ən elmli sifətlərini alaq. Ondan sonra burdakı yeməklər də, meyvələr də, təbiət də, musiqi də həqiqətən bizim üçün ƏN yaxşısı olacaq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG