Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Hər fəslin öz çətinliklərini yaşayan kənd...


Arxiv fotosu
Arxiv fotosu

-

Neftçalanın Həsənabad qəsəbəsinin Mirqurbanlı yaşayış məntəqəsinin sakini Arid Cəfərov AzadlıqRadiosunun «Qaynar xətt»inə kəndin sosial problemlərindən şikayət edib. Deyir kənddə su, qaz, işıq yoxdur. Problemlər adamları kənddən pərən-pərən salıb. Kəndə keyfiyyətli su verilmədiyindən adamlar aldıqları cüzi maaşın böyük hissəsini suya xərcləyirlər. Həyətyanı sahələri ola-ola meyvəni, tərəvəzi bazardan alırlar. Çünki susuzluqdan həyətyanı sahələrdə əkin işləri apara bilmirlər:

"SİVİLİZASİYANI O VAXTLAR GÖRDÜK"

«Bəyənmədiyimiz Sovetin vaxtında biz əsl sivilizasiya keçmişik. 1987-ci ildən bu tərəfə qaz, işıq, su problemlərini yaşamağa başlamışıq. Bu problemlər 1993-cü ilə qədər müəyyən qədər idisə, həmin ildən bu tərəfə daha da artdı. Əvvəllər işıq sönürdü, qısa vaxtdan sonra yanırdı, ancaq indi sönəndə günlərlə yanmır. Düzdür, son vaxtlar işıq bir az düzəlib, ancaq su və qaz problemi hələ də olduğu kimi qalır».

- Problem nədədir, qaz, su xətləri yoxdur?

- Var. Hər evdə qaz, işıq xətti var. Sadəcə, qaz vermək, qaz almaq korrupsiyadır. Tez-tez sayğacları dəyişirlər, hər dəfə dəyişəndə də adamlardan pul alırlar. Biz ölkənin paytaxtdan sonra sayğac quraşdırılan ikinci abonentiyik. 53 yaşım var, mən gözümü açıb evimizdə işıq, qaz, su görmüşdüm. Son 17-18 ildə bizi hər şeydən təcrid etdilər. Su nasosxanası kənddən 12 kilometr kənardadır. Ay ərzində cəmi bir dəfə su vurulur. Yəni biz 6 manatlıq su görmürük. Sonuncu dəfə 22 gün əvvəl vurulub, çənlərdə su çoxdan qurtarıb. Demək olar ki, yaddan çıxmışıq. İndiyə qədər işləmiş icra hakimiyyəti başçılarına da, indiki icra başçısına da dönə-dönə dərdimizi deyirik. Həmişə də eşitdiyimiz bu olur ki, yaxşı olacaq. Biz hələ də gözləyirik. Qış aylarını nə zülmlə keçiririk, bunu bir Allah bilir. Elə yerdə yaşayırıq ki, burda ağac əkmək də mümkün deyil, burda «ximzavod» var, mədən sularının içində yaşayırıq. Meşə təsərrüfatı yoxdur. Odunu talış zonasından pulla alırıq. Balon qazı işlədirik, işıqdan istifadə edə bilmirik, çünki işığa pul çatdıra bilmirik. Şəxsən mən müəlliməm, 200 manat maaş alıram, ailədə 5 nəfərik. Aldığım maaşın çox hissəsini su maşınına, oduna verirəm.

HƏR FƏSLİN ÖZ ÇƏTİNLİYİ

Arif Cəfərov deyir ki, bu kənddə hər fəslin öz çətinlikləri var:

- Qışda lap çox əziyyət çəkirik. Burda neçə ailədə yaşlı adamlar soyuqdan ölüblər. Qaz yox, işıq yox, odun almağa da pul yox. Yaşaya bilməyiblər.

Şikayətçinin sözlərinə görə, kəndlilərin torpaq sahələri olsa da, əkinçiliklə məşğul ola bilmirlər. Səbəbsə susuzluqdur:

- Şəxsən mənim 6 sot torpağım var. Ancaq neynirəm o 6 sot torpağı ki, mən onu əkib becərə bilmirəm, faydasını görmürəm. O gün başçıya da deyirəm ki, mən məzuniyyət pulumu alıb meyvə-tərəvəzə verəcəyəm. Çünki torpağımda əkməyə su yoxdur, əgər su olsa, əkib becərsəm aldığım maaşın böyük hissəsini bazara xərcləməzdim.

Kənd sakini kənddəki bir çox ailələrin problemlərdən baş götürüb paytaxta üz tutduqlarını da deyir. Bildirir ki, kənddə başını saxlaya bilməyənlər Bakıda kirayə ev tutub, iş tapıb özlərinə güzəran qururlar. Belə davam edərsə, yaxın vaxtlarda kəndi boşalmaq təhlükəsi gözləyir.

Ancaq Neftçala rayon icra hakimiyyətimdən bu gileyləri əsassız hesab edirlər.

- Mirqurbanlı kəndi Neftçala şəhərindən cəmi 7 kilometr aralıda məsafədə yerləşir. Şəhərlə kəndi asfalt yol birləşdirir. Kəndin tən ortasından təqribən iki kilometr uzunluğunda təzə asfalt yol çəkilib. Qaza, suya gəlincə onlar da yerindədir, ancaq fasilələrlə verilir. Bizdə Neftçalanın su kanalizasiya sisteminin yenidən qurulması 2012-ci ilin proqramına daxil olduğundan yeni nasosxananın qurulması da gələn ilə planlaşdırılıb. Hazırda isə 40-cı ildə tikilən nasosxana işləyir, Neftçala da ordan qidalanır.

Qurumdan sakinlərin kəndi kütləvi tərk etmələrini də təsdiqləməyiblər.

- Həsənabad inzibati ərazisində təqribən 800 yerlik iki iri məktəb var. Uşaq bağçaları var. Neft idarəsi var ki, camaatın xırda problemləri olanda ora müraciət edirlər. «Azəryod»un böyük bir zavodu var, şüşə istehsalı zavodu var. Ora rayonumuzda ən çox iş yeri olan ərazidir. Ən sivil yerlərimizdən biridir. Qışda ola bilsin ki, qaz bir qədər zəif olsun, ancaq yay aylarında heç bir problem olmur. Su məsələsində isə əksinə, qışda problem olmur, yayda fasilələrlə verilir. Həftənin 3 gününü kəndə su vurulur.

XS
SM
MD
LG