Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:35

Komissar Muižnieks Leyla və Arif Yunusların işindən yazır


Nils Muižnieks
Nils Muižnieks

-

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və əri, tarixçi alim Arif Yunusun işiylə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə qeydlərini göndərib. Yazılı müşahidələr aprelin 20-də açıqlanıb.

Bu, komissarın Azərbaycanda ifadə və birləşmə azadlıqları sahəsində sistematik nöqsanlara, tənqidi səslərə qarşı repressiv tədbirlərə işıq salan qeydlərinin beşincisi- sonuncusudur.

REPRESSİYANIN BARİZ NÜMUNƏSİ

«Leyla və Arif Yunusların işi Azərbaycanda son illər yaranan repressiyaya bariz nümunədir. Belə ki, insan haqları fəalları məhdudlaşdırıcı QHT qanunvericiliyi ilə təqib olunur, seçmə üsulla, həqiqiliyə uyğun gəlməyən ittihamlar əsasında cinayət məsuliyyətinə cəlb olunurlar», - Komissarın ofisinin yaydığı press-relizdə belə deyilir.

Leyla və Arif Yunusların Avropa Məhkəməsində qaldırdığı iddia onlara açılmış cinayət işi, həbsdə saxlanmaları, evlərində və Sülh və Demokratiya İnstitutunda axtarış, Bakı aeroportunda üzərlərində aparılmış axtarış, pasportlarının alınması, ölkədən çıxmalarına qoyulmuş qadağa və bank hesablarının dondurulması ilə bağlıdır.

Leyla və Arif Yunus ötən ilin yayında həbs olunublar. Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Həyat yoldaşı Arif Yunusa da dövlətə xəyanət ittihamı irəli sürülüb. «Amnesty International» onları «vicdan məhbusları» kimi tanıyıb.

TƏNQİDİ SƏSLƏR AZAD OLSUNSUN

Komissar bir daha Azərbaycanda ifadə, birləşmə azadlıqları sahəsində çatışmazlıqlardan bəhs edir, tənqidi səslərin susdurulduğunu, özəlliklə Avropa Şurasıyla əməkdaşlıq edən hüquq müdafiəçilərinin, fəalların həbsə atıldığını vurğulayır. Komissar hakimiyyəti ifadə etdikləri fikirlərinə görə saxlananları azadlığa buraxmağa, vətəndaş cəmiyyəti tərəfdaşlarına repressiyaları dayandırmağa çağırır. Muižnieks həbs-qətimkan tədbirinin narazı fikir bildirənlərə qarşı bir cəza aləti olduğunu qeyd edir.

Avropa Məhkəməsinə üçüncü tərəf müdaxiləsi Komissarın əlavə səlahiyyətidir və insan haqlarını irəli aparmaq, qorumaq məqsədi daşıyır. Bu səlahiyyət Avropa İnsan Haqları Konvensiyasında nəzərdə tutulub və Komissarın ölkə və tematik fəaliyyətinə əsaslanır. Adətən qeydlərdə iş üzrə şərhlər verilmir, ancaq Komissar onu narahat edən aspektlərlə bağlı Avropa Məhkəməsinə obyektiv və qərəzsiz informasiya təqdim edir.

Komissar Nils Muižnieks 2012-ci ilin noyabrında, 2013-cü ilin mayında və 2014-cü ilin oktyabrında Azərbaycanda olub. O, bu il fevralın sonundan başlayaraq, 2 ay ərzində «Tolişi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov, hüquqşünas İntiqam Əliyev, hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərovun işləri barədə qeydlərini yayıb.

Azərbaycan rəsmilərindən bu tənqidlərə münasibət açıqlayan olmayıb. Müxtəlif vaxtlarda verilən bəyanatlarda isə hakimiyyət təmsilçiləri insan haqları ilə bağlı tənqidləri rədd edir, bir sıra ictimai fəalların konkret cinayət işlərinə görə həbs edildiklərini bildirir.

XS
SM
MD
LG