Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:52

Mərkəzi Bank 6 aya azı 6,6 milyard itirib (Yenilənib)


Azerbaijan -- screen shot from infographic, undated
Azerbaijan -- screen shot from infographic, undated

-

Azərbaycanın Mərkəzi Bankın valyuta ehtiyatı ötən 6 ayda 6 milyard 645 milyon dollar azalıb. Baş bankın ehtiyatı 2014-cü ilin oktyabrından azalmağa başlayıb.

Mərkəzi bankın valtuyat ehtiyatları ilə bağlı məlumatlarından görünür ki, bank 3 ildə yığdığı valyuta ehtiyatını 4 ayda itirib. Belə ki, 2011-ci ilin sonunda baş bankın valyuta ehtiyatı 10 milyard 481 milyon dollar idi. 2014-cü ilin oktyabrına qədər valyuta ehtiyatları 4.5 milyard dollar artaraq, 15 milyardı ötüb. Amma oktyabrdan sonra ehtiyat azalmağa başlayıb. 6 ayda azı 6.6 milyard itirib. Aprelin sonuna Mərkəzi Bankın valyuta ehtiyatı təxminən 8.4 milyard dollardır.

ANTİ-BÖHRAN PROQRAMI QƏBUL EDİLMƏLDİR…

İqtisadçı Zöhrab İsmayıl düşünür ki, bu gedişlə ehtiyatlar tamamilə tükənə bilər:

«Mərkəzi Bankın valyuta rezervləri yaxın 5-6 ay ərzində tamamilə tükənə bilər. Bundan sonra manatın dəfələrlə ucuzlaşması qaçılmaz olacaq. Azərbaycan hökuməti anti-böhran proqramı qəbul etmək və həyata keçirmək əvəzinə hələ də problemləri gizlətməklə məşğuldur».

Zöhrab İsmayıl problemdən çıxış yolu kimi siyasətin köklü şəkildə dəyişdirilməsini görür:

«Yalnız siyasətin köklü dəyişikliyi bu problem səngidə bilər. Çünki dollara yaranan yüksək tələbatın əsas səbəblərindən biri korrupsiya və gizli kapital axınıdır. Odur ki, təcili iqtisadi və siyasi islahatlar başlanmalıdır».

İLHAM ƏLİYEV: «İLİN SONUNA VALYUTA EHTİYATI AZALA BİLƏRDİ»

Dünya bazarında ötən ilin avqustundan neft ucuzlaşmağa, dollarsa bahalanmağa başlayıb. Dollara nisbətdə digər valyutalar ucuzlaşıb. Azərbaycanın Mərkəzi Bankı 2014-cü ilin avqustundan fevralın 21-nə qədər manatı sabit saxladı. Fevralın 21-də manat dollara nisbətdə 33 faiz ucuzlaşdı. Mərkəzi Bank əsas ehtiyatlarını məhz bu ərəfədə itirib.

Manatın ucuzlaşmasından bir neçə gün sonra prezident İlham Əliyev bildirdi ki, hökumətin manatı tədricən ucuzlaşdırmaq siyasətindən bəzi möhtəkirlər, natəmiz adamlar qazanc məqsədilə istifadə etdi. Bundan sonra Mərkəzi Bank manatın devalvasiyasına getməli oldu:

İlham Əliyev
İlham Əliyev

«Çünki bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdı. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınıb. Belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi».

Mərkəzi Bankın valyuta ehtiyatları haqda məlumatlarından görünən odur ki, manatın 33 faizlik ucuzlaşması problemi həll etməyib. Belə ki, mart ayında mərkəzi bankın ehtiyatı daha 1.5 milyard, apreldə isə təxminən 1.1 milyard (1 milyard 84 milyon dollar) azalıb.

DAR GÜNƏ YIĞILAN EHTİYAT BİTƏRSƏ…

Mərkəzi Bankın valyuta ehtiyatının azalması adi vətəndaşların həyatına necə təsir edir? Ölkənin valyuta ehtiyatının azalmasından onlar nə itirir?

İqtisadçı Oqtay Haqverdiyev bildirir ki, ölkəni bir ailəyə bənzətsək, onun valyuta ehtiyatları da dar günə yığdı ehtiyatıdır:

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

«Götürək bir ailəni. Həmişə 100-200 manat kənara atır ki, birdən həkim lazım oldu və ya dərman almaq gərəkdi. Yəni, bu da dövlət səviyyəsində ehtiyat saxlayır. İndi hardasa 8.4 milyardlıq ehtiyat var.Bu ehtiyat tükənəcəkmi, tükənəcəksə nə qədər müddətə tükənə bilər? Bunu indidən demək çətindir».

Oqtay Haqverdiyev də bu çətin dönəmdən daha az itki ilə çıxmağın yolunu siyasi sistemdə görür. Bildirir ki, əslində Mərkəzi Bank haqqında qanuna görə, onlar bütün addımları özləri dəyərləndirməli və qərarları da özləri qəbul etməlidir:

«Mərkəzi Bank kiməsə qulaq asmadan özü nəyi doğru hesab edirsə, həmin qərarı da qəbul etməlidir. Amma Azərbaycanda belə deyil. Hər bir addım prezidentlə razılaşdırılmalıdır. Bizim sistem belə qurulub. Mən deyə bilmərəm bu pisdir, ya yaxşı. Məsələn, Amerikanın Mərkəzi Bankı prezident ona nəsə desə belə, qərarları özü müstəqil qəbul edir. Ümumiyyətlə, heç prezident onların işinə qarışmır. Hətta nəsə demiş olsa belə, qulaq asmayacaqlar və özləri nəyi doğru bilirlərsə, onu da edəcəklər. Onların qanunları bunu tələb edir. Biz də isə hər şey fərqlidir».

Ötən ilə Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dollar idi. Həmin ehtiyatlar əsasən Neft Fondunda və Mərkəzi Bankda toplanırdı. Manatın ucuzlaşması Mərkəzi Bankın, neftin ucuzlaşması isə Neft Fondunun ehtiyatların azalması ilə nəticələnir.

XS
SM
MD
LG