Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:54

«Human Rights Watch» rəsmi Bakının ittihamlarına cavab verir


Hugh Williamson
Hugh Williamson

-

Bu təşkilatların Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı bəyanat və hesabatları Bakını həmişə qıcıqlandırır. Deputatlardan tutmuş prezidentə qədər bu qurumları Azərbaycana qarşı qərəzdə ittiham ediblər. Belə təşkilatlardan biri də «Human Rights Watch»dur.

AzadliqRadiosu qurumun Avropa və Mərkəzi Asya üzrə direktoru Hugh Williamson (Hyu Vilyamson) ilə söhbət edərək qərəzlə bağlı ittihamlara onun münasibətini öyrənib.

Williamson deyir ki, əslində Azərbaycan hökuməti özü də bilir ki, «Human Rights Watch», «Amnesty International» kimi təşkilatlar öz mandatlarını hansısa hökumətlərdən almırlar. Onların fəaliyyətinin əsasında beynəlxalq insan hüquqları konvensiyaları durur.

Williamson-un fikrincə, HRW öz müstəqilliyini ancaq siyasi deyil, maliyyə cəhətdən də qoruyur.

««Human Rights Watch» heç bir hökumətdən maliyyə dəstəyi almır və heç bir xarici dövlətin təsiri altında deyil» - deyən Williamson xatırladır ki, Azərbaycan hakimiyyəti ittiham ritorikasını ancaq beynəlxalq təşkilatlara qarşı deyil, ölkə daxilindəki legitim insan hüquqları təşkilatlarına qarşı da istifadə edir.

Williamson hesab edir ki, hazırda Azərbaycanda insan haqlarının vəziyyəti böhran səviyyəsinə çatıb. Onun fikrincə, vəziyyət 2012-ci ildə Azərbaycanda təşkil olunmuş «Avroviziya» mahnı müsabiqəsi ərəfəsində kornalaraq müsabiqədən sonra getdikcə pisləşməyə doğru gedib.

«ZƏİF SƏSLƏR AZƏRBAYCANA AZ TƏSİR EDƏCƏK»

«2014-cü il boyu biz gördük ki ölkənin aparıcı hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər və digər görkəmli xadimlər ya həbs, ya da ölkəni tərk etməyə məcbur oldular. Onlara qarşı yönəldilmiş ittihamlar bir qayda olaraq xuliqanlıq, narkotik və ya korrupsiya kimi saxta məzmun daşıyır, əslində isə siyasi motivlə həyata keçirilirdi» –Williamson AzadlıqRadiosuna bildirib.

Williamson ölkədəki qeyri-hökumət təşkilatlarinin vəziyyətinə də toxunaraq deyir ki, QHT-lərin fəaliyyətinə qarşı qoyulan məhdudiyyətlər - xaricdən alınan maliyyə dəstəyi və qeydiyyat çətinlikləri QHT-lərin fəaliyyətini əvvəl çətinləşdirdi, sonra da ümumiyyətlə mümkünsüz etdi.

Onun fikrincə, belə məhdudiyyətlər və həbslərlə Azərbaycan hökuməti Avropa Şurası kimi təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri pozur.

Bütün bunlara baxmayaraq, Williamson düşünür ki, ancaq Avropa Birliyindən ortaq və vahid təzyiq Azərbaycanda insan haqları ilə bağli vəziyyəti dəyişə bilər. «Ancaq Avropa Birliyi, Avropa Parlamenti və Avropa Komissiyasının ortaq bir səsi ilə Bakıya təsir etmək olar. Zəif səslər Azərbaycana az təsir edəcək» – deyə Williamson bildirir.

XS
SM
MD
LG