Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:51

Prokuror Rəsul Cəfərova 9 il həbs cəzası istədi


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

«Rəsul Cəfərov gərək indiyədək günahını etiraf etmiş olardı, onda bu yüngülləşdirici amil kimi nəzərə alınardı».

Bunu hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesində son çıxışını edən dövlət ittihamçısı Mübariz Mirili deyib.

Rəsul Cəfərovun növbəti məhkəmə prosesi aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində olub.

Dövlət ittihamçısı Rəsul Cəfərova 9 il azadlıqdan məhrumetmə cəzası istəyib. Bildirib ki, ona qarşı qaldırılan bütün ittihamlar məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirilib və məhkəmə işi obyektiv aparıb.

Dövlət ittihamçısının çıxışından öncə isə prosesdə müdafiə tərəfinin və istintaqın təqdim etdiyi sənədlərin təhqiqatı aparılıb, Rəsul Cəfərov sərbəst ifadə verib.

EKSPERT MƏHKƏMƏYƏ GƏLSİN, GƏLMƏSİN

Hakim istintaqın məhkəməyə təqdim etdiyi sənədlərlə bağlı xətşünaslıq ekspertizasının rəyini elan edib. Rəydən bəlli olub ki, zərərçəkən Anar Cəbiyev və Nicat İmranlıya, o cümlədən bəzi şahidlərə məxsus olduğu iddia olunan məxaric qəbzlərindəki imzalar onlara aid deyil.

Daha sonra hakim yoxlama komissiyası tərəfindən aparılmış yoxlamanın nəticəsini, məhkəmə mühasibatlıq ekspertizasının rəyini elan edib.

Rəsul Cəfərovun vəkili Əlibaba Rzayev sənədlərlə bağlı rəy verən ekspertin məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib.

Rəsul Cəfərov istintaqın təqdim etdiyi sənədlərdə səfər xərcləri, ianə və digər bu kimi xərclərin də qrant layihəsi vəsaitləri kimi göstərilməsinə etiraz edib.

ALTERNATİV EKSPERTİZANIN FƏRQLİ RƏYİ

Daha sonra müdafiə tərəfinin təqdim etdiyi sənədlər araşdırılıb. Onların arasında Rəsul Cəfərovun bank hesabına gələn əksər vəsaitlərin hansı yöndə xərclənməsinə dair sənədlər, mədaxil qəbzləri olub.

Müdafiə tərəfi məhkəməyə alternativ ekspert rəyi də təqdim edib, həmin rəydə zərərçəkən Anar Cəbiyev və Nicat İmranlıya məxsus mədaxil qəbzlərindəki imzaların onlara aid olduğu göstərilir.

ƏDLİYYƏ NAZİRLİYİNDƏN AVROPA MƏHKƏMƏSİNƏ

«Biz iddia etmirik ki, maliyyə hesabatlarımız tam ideal formada aparılıb, amma «ümumiyyətlə aparılmayıb» anlayışı da yoxdur».

Bunu isə Rəsul Cəfərov sərbəst ifadəsində deyib. Bildirib ki, haqqında qaldırılan qeyri-qanuni fəaliyyət və mənimsəmə kimi ittihamlar tamamilə əsassızdır:

«2008-ci ildən vergiödəyicisi kimi qeydiyyatdan keçmişəm. İnsan Hüquqları Klubunun ilk layihəsi 2010-cu ilin dekabrında olub. Sədri olduğum İnsan Hüquqları Klubu qeyri-qanuni fəaliyyət göstərməyib. Həmin dövrdəki qanunvericiliyə görə, qeydiyyatsız da fəaliyyət göstərmək mümkün idi. Amma bu o demək deyil ki, biz qeydiyyata alınmaq istəməmişik. Bu məqsədlə üç dəfə Ədliyyə Nazirliyinə müraciət etmişik. Hər üçündə də müsbət cavab ala bilməmişik. Üçüncü rədd cavabını tamamilə qanunsuz hesab etdiyimizə görə, məhkəməyə müraciət etmişik. Nəticədə Avropa Məhkəməsinədək gedib çıxmışıq. Hazırda bu iş Avropa Məhkəməsinin icraatındadır».

Ədliyyə Nazirliyində qeydiyyata alınmaqda hər zaman maraqlı olduqlarını deyən Rəsul Cəfərov iddia edib ki, heç bir vəsaiti təyinatsız qəbul etməyiblər:

«İŞİMİZDƏ QEYRİ-QANUNİ FƏALİYYƏT, MƏNİMSƏMƏ DEYİLƏN BİR ŞEY OLMAYIB»

«Bizim hər hansı gizli işimiz olsaydı, bunu başqa yollarla həyata keçirərdik. Məhz hər şeyi açıq göstərmək naminə həmin vəsaitlər üçün öz bank hesablarımı təqdim etmişəm. Layihələrin icrası donor təşkilatlarla bağlanan müqavilələr əsasında həyata keçirilib, yəni ortada hüquqi sənəd olub. İşimizdə qeyri-qanuni fəaliyyət, mənimsəmə deyilən bir şey olmayıb. Bütün bunları sübut edən sənədləri də təqdim etmişik. Ona görə də, ittihamın mahiyyəti mənə aydın deyil».

Proses aprelin 14-də davam etdiriləcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG