Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:49

“Azərbaycan: Avropa Oyunlarından öncə məhbusları azad et”


Azerbaijan -- 2015 Baku european games
Azerbaijan -- 2015 Baku european games

-

İnsan haqları pozuntuları birinci Avropa Oyunlarını ləkələyə bilər. Avropa Olimpiya Komitələri və əsas Milli Olimpiya Komitələri Azərbaycan hökumətini çağırmalıdır ki, haqsız yerə həbs olunmuş jurnalistləri və fəalları azadlığa buraxsın. Bu bəyanatla aprelin 7-də İdman və İnsan Haqları Alyansı çıxış edib.

Birinci Avropa Oyunları Azərbaycanda iyunun 12-dən 28-dək keçiriləcək. 50 ölkədən 6 min atlet 20 idman növü üzrə yarışacaq. Oyunlar Olimpiya Hərəkatının himayəsi altında təşkil olunur.

“Avropa Olimpiya Komitələrinin özəl mövqeyi onlara Prezident Əliyev qarşısında insan haqları problemlərini qaldırmağa imkan verir,” Amnesty International təşkilatının Niderland üzrə direktoru Eduard Nazarski deyir. “Avropa Olimpiya Komitələrinin susqunluğunun riski odur ki, Azərbaycan hökuməti bunu tənqidçilərini susdurmaq mesajı kimi qəbul edir. Olimpiya Xartiyasına görə, bu idman tədbiri cəmiyyətin harmonik inkişafının mərkəzində duraraq insan ləyaqətini və idmanı təbliğ etməlidir”

OLİMPİYA XARTİYASI POZULUR

İdman və İnsan Haqları Alyansı bu yaxınlarda yaradılmış koalisiyadır. Tərkibinə Amnesty International, Human Rights Watch hüquq-müdafiə təşkilatları, FIFPro – Dünya Oyunçular Birliyi (World Players’ Union), Avropa Futbol Tərəfdarları (Football Supporters Europe), Supporters Direct Europe, Terre des Hommes, və Transparency International təşkilatının Almaniya bölməsi daxildir. Alyansın məqsədi meqa idman tədbirləri keçirən ölkələrdə insan haqları, ətraf mühit və anti-korrupsiya qaydalarına əməl olunmasını təmin etməkdir.

Bu yaxınlarda alyans Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey-ə göndərdiyi məktubda komitələri çağırırdı ki, Azərbaycanda hökumət tənqidçilərinə təzyiqləri, media azadlığı mühitinin pisləşməsini qınasın. Qurum bütün bunların Olimpiya Xartiyasının əsas prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirirdi.

​Alyans vurğulayır ki, Azərbaycanda aparıcı jurnalistlərin və insan haqları fəallarının həbsi, media orqanlarının, təşkilatlarının, insan haqları qruplarının təqibi Olimpiya Xartiyası ilə üst-üstə düşmür. Bu təzyiqlər Bakı Oyunlarını işıqlandıran minlərlə jurnalistin işinə də mənfi təsir göstərə bilər.


3 TƏLƏB

İdman və İnsan Haqları Alyansı Avropa Olimpiya Komitələrini çağırıb ki, 12 iyun açılış mərasimindən öncə 3 addımı atması üçün Azərbaycana təzyiq göstərsin:

  1. Bütün haqsız həbs olunmuş jurnalistləri və insan haqları fəallarını dərhal və qeyd-şərtsiz azadlığa buraxsın (Xədicə İsmayıl, Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Rauf Mirqədirov, Anar Məmmədli, ilqar Məmmədov və Tofiq Yaqublunun adları çəkilir);
  2. İnsan haqları fəalları, jurnalistlər, müxalifət fəalları və ifadə, birləşmə və toplaşma azadlığından yararlanan digərlərinin qısnanması, qorxudulması və qanunsuz saxlanmasına son qoyulsun;
  3. İnsan haqları və demokratik qrupların bilərəkdən qeydiyyata alınmamasından əl çəkilsin, müstəqil qrupların qanuni işinə əngəl törədilməsin.

“Azərbaycan hökuməti Avropa Oyunlarına milyardlarla dollar və böyük enerji sərf edir, digər tərəfdən hökuməti tənqid edənləri amansız təqibə məruz qoyur,” Nazarski deyib. “Media qurumları və qeyri-hökumət təşkilatları bağlanıb. Amnesty International azı 20 nəfəri vicdan məhbusu kimi tanıyıb. Həmin şəxslərə qondarma ittihamlarla uzun müddətli həbs cəzası kəsilə bilər”.

Hakimiyyət hələlik bu bəyanata reaksiya verməyib. Ancaq hökumət təmsilçiləri oxşar bəyanatları dəfələrlə pisləyib, beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycana qarşı qərəzli “qara piar” kampaniyası apardığını bildirib. Rəsmilər ölkədə bütün fundamental hüquq və azadlıqların qorunduğunu bildirir.

XS
SM
MD
LG