Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:42

İntiqam Əliyevin 25 illik ailə dastanı xanımının dilindən...


İntiqam Əliyev xanımı ilə toyunda
İntiqam Əliyev xanımı ilə toyunda

.

Intiqam Əliyevlə Nurlana xanımın toy mərasimi
Intiqam Əliyevlə Nurlana xanımın toy mərasimi

1990-cı ilin yayında 19 yaşlı Nurlana üzbəüz qonşuları 29 yaşlı, ağır təbiətli, ucaboylu hüquqşünasdan sevgi məktubu alanda çox düşünmədən “hə” deyib: Nurlananın rəfiqələrinin qardaşı binada savadlı, vicdanlı, haqqın tərəfində olan birisi kimi tanınırdı, futbol oyunlarında, məhəllə oğlanlarının arasında olan söhbətlər gənc qızın qulağına çatmamış deyildi.

Həbsdə olan hüquqşünas İntiqam Əliyevin xanımı Nurlana Əliyeva AzadlıqRadiosuna deyir ki, barəsində açılmış ittihamlar 25 illik həyat yoldaşının adına yaraşmır.

“Mən İntiqamı 3-4 yaşından tanıyıram... İntiqamın nəinki özü, ata-anası da el arasında dürüst adamlar kimi ad qazanmışdı.. Özü də bilir ki, onun həbsi ictimai fəaliyyətinə görədir”..

Hüquqşünas İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur. Özü ittihamları qəbul etmir. Beynəlxalq qurumlar bu həbsi siyasi motivli sayır.

Üzbəüz mənzilə gəlin köçən Nurlana həyat yoldaşının üzünü doyunca görə bilmir. İntiqamın nişanlı vaxtlarındakı uzun iş saatları evlilik illərində də davam edir, o, gecə saatlarına qədər işləyir:

“İntiqama həmişə deyirəm ki, sən “trudoqolik”sən.. Evə ən tez halda axşam 9-10-da gəlirdi. Gündüzlər işləyirdi, axşamlar isə təhsilini davam etdirirdi”.

İllər keçdikcə İntiqam Əliyevin işgüzarlığına yeni qohumlar da öyrəşir. Məsələn, qaynının nişanında süfrənin başında hər kəs yeyib-içib, söhbət edərkən, hüquqşünas özü ilə götürdüyü dəftər-kitabını qarşısına qoyub işləyəndə onu tanıyanlar buna təəcüblənmir.

Böyük qızı Nərmin doğulanda İntiqam Əliyev körpənin üzünü görən kimi deyir ki, bu qız mənim davamçım olmalıdır.

İntiqam Əliyev qızı və oğlu ilə
İntiqam Əliyev qızı və oğlu ilə

Nurlana Əliyeva deyir ki, ailənin üzləşdiyi çətinliklərə, həbsdən dolayı yaşadıqları həsrətə rəğmən o istəyir ki, həm Nərmin, həm də oğlu Nəcmin məhz atalarına bənzəsin:

“Çünki İntiqam əqidəli adamdır. İnsanını əqidəsi varsa, bütün digər keyfiyyətləri də olacaq. Mən indidən görürəm ki, hər iki övladımız İntiqama çəkib”.

İntiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyəti onlarla hüquqşünas gəncin yetişdiyi ocaq olub.. Hərçənd, İntiqam Əliyev onun peşə yolunu davam etdirən qızı Nərminin bu təşkilatda işləməsinə qarşı olub:

"İntiqam həmişə uşaqlara deyib ki, mən bu yerə qədər öz zəhmətimlə, valideynlərimin köməyi olmadan gəlib çıxmışam, siz də mənim dəstəyim olmadan ayaqlarınızın üstündə durmağı bacarmalısınız”.

Nurlana Əliyeva həyat yoldaşının görüşünə hər həftə gedir. Deyir ki, İntiqam onlara səhhəti haqqında danışmağı qadağan etsə də, hətta özü heç bir ağrısının olmadığını desə də, yeriyəndə ayağını çəkdiyi aydın görünür...

İntiqam Əliyev həbsdən ictimai həyatda baş verənlərlə bir-bir maraqlanır, amma ayrıca maraqlandığı məhz tələbələridir:

“Tələbələrinin təhsilini davam etdirməsi, kimin hansı universitetdə oxuması... təhsil planları.. bunları mütləq soruşur.. İntiqam üçün təhsil, bütün gənclərin savadlı olması birinci növbəli məsələlərdən biridir. Evə gələn qonaqdan da soruşurdu ki, uşaqlar xarici dillər öyrənirmi? O hesab edir ki, millətin yüksəlişi təhsillə çox bağlıdır”.

XS
SM
MD
LG