Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:35

Taleh Xasmməmədov təcridxanada damarlarını doğrayıb


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlandığı Gəncə istintaq təcridxanasında özünə qəst etdiyi bildirilir. Bu haqda AzadlıqRadiosuna “Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansın rəhbəri Oqtay Gülalıyev məlumat verib. Taleh Xasməmmədov da həmin alyansın üzvüdür. Oqtay Gülalıyev deyir ki, hadisənin nə vaxt baş verdiyini bilməsələr də, hüquq müdafiəçisi martın 16-da xəstəxanaya yerləşdirilib:

“Ailə üzvlərinin verdiyi məlumata görə, Taleh Xasməmmədov qanunsuz həbs olunduğuna görə son 10 gündür aclıq aksiyası keçirimiş. Bunun nəticəsiz olmadığını görüb, qolunda damarını doğrayaraq özünə qəsd edib. Hadisənin nə zaman baş verdiyi bizə hələlik tam dəqiq məlum deyil. Ehtimal var ki, bu, dünən olub.

Hadisədən sonra vəziyyətinin ağır olduğunu görüb, onu Penitensiar Xidmətin Mərkəzi Tibbi Xəstəxanasına gətiriblər. Hazırda da oradadır. Aldığımız məlumata görə, onun vəziyyəti çox ağırdır. Alyansın üzvləri xəstəxanada onunla görüşmək istəsələr də buna icazə verilməyib”.

Məlumatı dəqiqləşdirmək üçün AzadlıqRadiosu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə sorğu göndərib. Sorğunun cavabı alınan kimi AzadlıqRadiosunun saytına yerləşdiriləcək.

Fevralın 24-də saxlanan Taleh Xasməmmədov 3 aylıq həbs olunub. O, xuliqanlıqda ittiham edilir. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Xasməmmədov adam döyməklə hüquqa-zidd hərəkət edib. Ailə üzvləri isə onun şərlənərək həbs olunduğunu iddia edirlər.

Fevralın 27-də hüquq müdafiəçisinə həbs verilən gün onun qardaşı Valeh Xasməmmədov də məhkəmənin qarşısında damarlarını doğramışdı.

Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət ittihamları ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamı ilə azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» sayırdı.

XS
SM
MD
LG