Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:46

Gürcüstanda biznes quran Zərifə Quliyeva: "Tbilisidə kiçik Bakı yaratmışıq"


Zərifə Quliyeva
Zərifə Quliyeva

-

"Bakıda bu sahəyə ciddi bürokratik əngəllər mövcud idi, ictimaiyyətin hostel anlayışına yanlış yanaşması vardı".

"Biz balıq vermirdik, balıq tutmağı öyrədirdik".

Zərifə Quliyeva Azərbaycan ictimaiyyətinə özünün effektli fəaliyyəti ilə tanış idi. “Birliyə Doğru” İctimai Birliyi ölkədəki ən fəal QHT-lərdən biri kimi tanınırdı.

Zərifəni isə hələ bu birlikdən əvvəl də kimsəsiz, valideyn himayəsindən məhrum, köməksiz uşaqların hamisi kimi tanıyırdıq.

On ildən çox davam edən fəaliyyəti boyu Zərifə 300-dən çox uşağın əməliyyat etdirilməsinə nail olub. Uşaq evlərində yaşayan yeniyetmələr üçün kompüter, dərzi, salon xidmətləri kursları təşkil edib, onlarla kimsəsiz yeniyetmənin peşə sahibi olmasına yardım edib.

Amma bu gün Zərifə ölkə xaricində yaşayır. Gürcüstanda kiçik biznes qurub. Buna səbəb olan şeylərdən biri də, rəhbərlik etdiyi İctimai Birliyin fəaliyyətinin məcbur dayandırılması olub.

- Zərifə, istərdim ki, öncə artıq keçmişdə qalan fəaliyyətinizin nələrdən ibarət olduğunu oxucularla bölüşəsiniz...

- Fəaliyyətimiz keçmişdə qalmayıb. Xeyirxahlıq, insanlıq və s. bu kimi keyfiyyətlər peşə fəaliyyətindən daha çox, bir növ davamlı missiyadır. "Birliyə Doğru"nun sıralarından çıxan hər kəs bu missiyanı davam etdirirsə, deməli, fəaliyyət də davam edir.

Edilən hər yaxşılıq bizim missiyanın davamıdır. Sadəcə, xeyriyyə anlayışına fərqli yanaşmağımız var idi, biz problemi yox, onun həllini görməyə çalışırdıq. 2005-ci ildən bu yana təşkilatın bütün missiyası fandreyzinq aksiyalarının təşkil edilməsi, kütləvi yerlərdə tədbirlərin təşkili, könüllülük prinsipinin qurulması və dövlət dəstəyi gözləmədən, şirkətlərin köməyi ilə bir sıra layihələrin həyata keçirilməsi idi.

Biz könüllülük prinsipinə əsaslanaraq, ictimaiyyət üçün şəxsiyyətlər yetişdirirdik. Həmin şəxslər də fərd olaraq indi bu missiyanı davam etdirirlər.

İstər könüllü komandası, istərsə də kimsəsiz uşaqlarımızdan buna çoxlu nümunələr göstərmək olar. Bizim könüllü üzvlərimiz böyük şirkətlərin ictimai əlaqələr, marketinq və PR departamentlərində çalışaraq, həmin şirkətlərin hesabına müxtəlif xeyriyyə aksiyalarına dəstək olurlar.

Kimsəsiz uşaqlarımız isə, peşə kurslarını bitirərək, müxtəlif peşələrə yiyələniblər. Onların arasından aşpazlar, saç ustaları, dərzilər və rəssamlar yetişib. Bu isə, əksər xeyriyyə qruplarından fərqli olaraq fəaliyyətin davamlılığını təmin edir. Məşhur misalda deyildiyi kimi, balıq vermək yox, balıq tutmağı öyrətmək hər zaman daha faydalı və davamlıdır.

- "Birliyə Doğru" ölkədə ən inanılan, məhsuldar fəaiyyəti olan qurum idi. Niyə bağlandı?

- Bayaq qeyd etdiyim kimi, "Birliyə Doğru" heç zaman gördüyü xeyriyyə işlərində dövlət dəstəyi almayıb və müxtəlif yönlü qrant proqramlarına qoşulmayıb. Çünki hər 2 halda müxtəlif mövqeyə dəstəyi də ifadə etməli idik.

Bizim isə yeganə mövqeyimiz xeyriyyəçilikdən ibarət idi. Alternativ üsul olaraq təşkilat korporativ sosial məsuliyyət və fandreyzinq aksiyalarına arxalanaraq, kiçik büdcələr əldə edirdi və bu büdcələrlə bacardığımız qədər iş görməyə çalışırdıq.

Təbii ki, büdcələr çox kiçik olduğu üçün yetmirdi və bu, təşkilatın maliyyə resursunun tükənməsinə gətirib çıxarırdı. Son zamanlar isə, dövlət qurumları ictimai təşkilatların müstəqil fəaliyyətlərini dəstəkləmədiyi üçün, onlara nəzarət etməyə başladı, daha açıq desək, fəaliyyətlərinə müdaxilə etdi. Bu müdaxilədən sonra digər fəal təşkilar kimi bizim təşkilatın da bank hesabı dövlət tərəfindən donduruldu. Yerli şirkətlər isə dövlətin bu addımından sonra ictimai təşkilatlara dəstək olmaqdan geri çəkildi.

Şirkətlərin geri çəkilməsindən sonra, heç bir maddi resurs olmadan fəaliyyətimizi yalnız təşkilatdaxili insan resurslarımıza əsaslanaraq 6 ay davam etdirə bildik.

Bu 6 ay ərzində peşə kursu layihəmizi bitirərək, 10 kimsəsiz uşağı işlə təmin etdik və təşkilatının fəaliyyətini bununla da dondurduq.

- Tbilisidə hostel ideyası hardan gəldi? Maddi çətinlikdən, yoxsa daha Azərbaycandan kənara da çıxmağın gərəkli olduğunu düşündünüz?

- Hostel ideyası çoxdan mövcud idi, sadəcə olaraq Bakıda bu sahəyə ciddi bürokratik əngəllərin olması və ictimaiyyətin hostel anlayışına yanlış yanaşmasına görə bu ideya Bakıda baş tutmadı. Araşdırmalar nəticəsində hostel üçün ən əlverişli yer olaraq, Tbilisi şəhərini seçdik. Burda hostellərin çox olmasına və onların arasındakı ciddi rəqabətə baxmayaraq, bizim hostelin də spesifik üstünlükləri var.

Əsas hədəf kütləmiz Azərbaycandan Tbilisiyə gələn insanlardır və onların burda rahat olması üçün əlimizdən gələni etmişik. Məlumat üçün deyim ki, otaqların birini Azərbaycan və şərq üslubunda bəzəmişik.

Bu isə o deməkdir ki, Avropadan və başqa yerlərdən gələn insanlar da bununla tanış olur. Beləliklə, Bakıda reallaşdıra bilmədiyimiz hostel ideyası burda reallaşdı və Bakıdan gələn əksər ictimaiyyət insanları bizim hostelə üz tutur. Belə demək mümkündürsə, Tbilisinin içərisində kiçik bir Bakı yarada bildik.

- İş qurmaq məsələsində Azərbaycanla Gürcüstan arasında hansı fərqlər var? Harda biznes qurmaq daha asan və ya daha çətindir?

- Təbii ki, Gürcüstanda iş qurmaq daha asandır. Çünki burda bürokratik əngəllər və korrupsiya mövcud deyil. Hosteli bir şirkət kimi 1 gün içərisində qeydiyyatdan keçirə bildim. Gürcüstanın vergi sistemi iş adamlarının inkişafı üçün olduqca idealdır. Buranın üstünlüyü həm də ondadır ki, dövlət qətiyyən heç bir iş adamına mane olmur və onlara süni əngəllər yaratmır.

- Hazırda işlər necə gedir? Əvvəlki fəaliyyətiniz üçün darıxırsınızmı? Nə vaxtsa təzədən başlamaq fikriniz varmı?

- İşlərimiz stabil gedir. Bir qayda olaraq, kiçik biznesin inkişafına zaman lazımdır və biz bunu anlayırıq. Fəaliyyətimiz təşkilat olaraq dayanıb, ancaq faktiki olaraq fərdi şəkildə davam edir. İnsanlar hələ də yardım üçün bizə müraciət edir və onları bacardığım qədər, yardım edə biləcək insanlara yönəldirəm.

- Yaxınlarda ana olacaqsınız. Siz çoxlu sayda uşaq xəstəlikləri, uşaq əlilliyi, valideynsiz uşaqlar, uşaq evərindən birbaşa küçəyə gedən yeniyetmələr görmüsünüz, çoxlu dəhşətlərin şahidi olmusunuz. O şeyləri gördükdən sonra öz övladın barədə düşünmək necə hissdir?

- Düzünü deyim ki, analıq hissinin necə olacağı ilə bağlı bir fikrim yoxdur. İndiyə qədər qayğı göstərdiyim bütün uşaqlar mənim üçün çox əziz olublar. Düşünmürəm ki, öz övladımı onlardan üstün tutacam. Çünki, bütün varlığımla inanıram ki, özgə uşaq olmur.

Günel Mövlud

XS
SM
MD
LG