Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:00

«Mənə dedilər A.M.A.Y-ı tik, mən də tikmişəm»


Abdulla Abdullayev məhkəmədə
Abdulla Abdullayev məhkəmədə

-

«Bizim yol» qəzeti A.M.A.Y-ın rəhbərinin Abdulla Abdullayevin məhkəməsindən silsilə yazılarını davam etdirir.

Abdulla Abdullayev 2006-2012-ci illərdə «Birlikbank» ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyərkən müxtəlif firmaların adı ilə götürdüyü kreditləri A.M.A.Y-ın Nobel prospektində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə, 3 milyon 918 min manatı mənimsəməkdə təqsirləndirilməsinə etiraz edib: «Bu, kreditdir, bu niyə ittiham olsun ki? Banklar kredit verib, girov da götürüblər, pullarını da alıblar. Burada hansı mənimsəmədən söhbət gedir? 31 firma qeydiyyatdan keçirmək nə vaxtdan cinayət olub? Bir firmanın bir neçə bankda hesab açması, bir neçə bankdan kredit götürməsi niyə cinayət sayılır? İstintaqın özü də təsdiq edirsə ki, bu vəsaitlər A.M.A.Y-ın binasının tikintisinə sərf edilib, o zaman hansı mənimsəmədən söhbət gedir? Pulun mənbəyi də məlumdur, xərcləndiyi yer də, hansı mənimsəmədən danışırsınız?».

Məhkəmədə hakimlə onun arasında belə bir dialoq olub:

A.Abdullayev: Sizin ittihamla bağlı dediklərinizi başa düşürəm, ancaq bildirmək istəyirəm ki, bu ittihamın heç bir əsası yoxdur. Hakimsiniz, sizə sifariş veriblər ki, Abdullanı tutun, siz də tutmusunuz. Mənə də tapşırıq veriblər ki, A.M.A.Y-ın binasını tik, mən də tikmişəm.

Hakim: Bizə heç bir tapşırıq verilməyib. İndi nə deyirsiniz, sizi tutaq?

A.Abdullayev: Tapşırıq verilsə, əlbəttə tutacaqsınız. Mənə ən ağır cəza verilsə də, sizdən narazılığım olmayacaq. Bilirəm ki, hamı tapşırıq yerinə yetirir. Amma xahiş edirəm ki, nə cəza verəcəksinizsə, tez verin. Gedək işimizin-gücümüzün dalınca.

Pənah Hüseyn
Pənah Hüseyn

«AZADLIQ-2015» BLOKU ÖLKƏ RƏHBƏRLİYİ İLƏ GÖRÜŞ İSTƏYİR

«Azadlıq-2015» seçki blokundakı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn «Yeni Müsavat»a bildirib ki, blokun siyasi şurasının iki gün əvvəlki iclasında manatın kəskin devalvasiyası ilə bağlı yaranmış sosial-siyasi vəziyyət müzakirə olunub və onlar ölkənin siyasi rəhbərliyi ilə erkən görüşü məqsədəuyğun sayırlar:

«Fakt ondan ibarətdir ki, ABŞ hakimiyyətinin nümayəndəsi Nuland-ın Bakıya səfəri zamanı Azərbaycana münasibətin ən mühüm elementi kimi hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun mövcudluğu vurğulandı. Politoloji leksikonda vətəndaş cəmiyyətinin ən mühüm spektrlərindən birini siyasi partiyalar təşkil edir. Son dövrdə iqtidarın vətəndaş cəmiyyətinin digər çevrələri ilə yadda qalan elə bir təması olmadığından, məncə, Nuland siyasi partiyalarla görüşü nəzərdə tuturdu. Belədirsə, son ayların Azərbaycan iqtidarı üçün ən ciddi uğuru icraçı olaraq Əli Həsənov və onun sahəsi ilə bağlıdır. Hərçənd ki, Əli Həsənov bu görüşləri birbaşa İlham Əliyevin göstərişi ilə həyata keçirdiyini bəyan edib və bunun başqa cür olması da Azərbaycan kimi siyasi sistemlərdə mümkün deyil».

Bahar Muradova
Bahar Muradova

BAHAR MURADOVA YENƏ ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏN DANIŞIR

Milli Məclisin sədr müavini Bahar Muradova «Yeni Azərbaycan» qəzetinə Azərbaycan hökumətinin ABŞ ilə münasibətlərə ciddi önəm verdiyini söyləyib:

«Azərbaycanla Amerikanın əlaqələri strateji tərəfdaşlığa söykənir. Bu münasibətlər bu və ya digər şəxslərin hansısa maraqlara söykənən açıqlamalarından pozulan münasibətlər deyil və hər iki dövlət rəsmi siyasəti buna imkan verməz».

B.Muradova bildirib ki, ABŞ-da bir sıra dairələr və konkret şəxslər ölkələrin münasibətlərinin ruhuna uyğun olmayan açıqlamaları ilə yadda qalmağa çalışırlar. Onun qənaətincə, bu, arzuolunan deyil və çox zaman da bu fikirlər elə fikirlər olaraq qalır.

«...Çünki xalqın, ictimaiyyətin, vətəndaşların əksəriyyətinin dəstəkləmədiyi bir siyasəti hər hansı bir təzyiqlə reallaşdırmaq mümkün deyil. Yəni, Azərbaycanın müstəqil iradə ortaya qoymasını, müstəqil siyasət yürütməsini gözü götürməyən dairələrin planları bu günə qədər də Azərbaycanda alınmayıb, bundan sonra da alınmayacaq»- deyə, vitse-spiker vurğulayıb.

Manat
Manat

MANAT NİYƏ KƏSKİN UCUZLAŞDI?

«Azadlıq» qəzeti bu sualın cavabını araşdırıb: «2014-cü ilin mayında 0.72 avro olan dollar hazırda 0.88 avroya alınır. On ay müddətində dollar avroya nisbətən 22.2 faiz möhkəmlənib. 2014-cü ilin iyunundan Türkiyə lirəsi ucuzlaşır. İyunda 2.12 lirə olan dollar hazırda 2.46 lirəyə dəyişdirilir. Lirə 9 ayda 16 faizdən çox ucuzlaşıb... Rusiyada 2014-cü ilin iyunundan rubl dollara nisbətən ucuzlaşır. Həmin dövrdə 33.4 rubl olan dollar hazırda 62.3 rubla dəyişdirilir. Dollar rus rubluna nisbətən 86.5 faiz bahalaşıb. Gürcüstanda noyabrın 14-dən başlayaraq dollar lariyə qarşı bahalaşaraq 1.75 nisbətindən 2.3 nisbətinə çatıb. Üç ay ərzində dollar lariyə nisbətən 31.5 faiz bahalaşıb».

İqtisadçı Samir Əliyev «Azadlıq» qəzetinə bildirib ki, Azərbaycanda milli valyutanın Gürcüstandan, Türkiyədən, Qazaxıstandan, avrozona ölkələrindən fərqli olaraq kəskin ucuzlaşması bu dövlətlərdə devalvasiyanın dövrü olaraq aparılması ilə əlaqədardır: «Türkiyə Azərbaycandan fərqli olaraq valyutasını 2009-cu il böhranı zamanı bir qədər ucuzlaşdırdı. Azərbaycan isə bu müddətdə heç bir devalvasiya həyata keçirməyib. 2006-cı ildən bu günə kimi Azərbaycanda bu addım atılmayıb. Bir növ manatın üzərində bu yük yığılıb qalıb və nəticədə bu cür kəskin ucuzlaşmaya gedilib».

LONDONDA YAZIÇI ELÇİNİN ƏSƏRİ OYNANILIB

Londonda xalq yazıçısı Elçin Əfəndiyevin «Teleskop» əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib. «Azərbaycan» qəzeti yazır ki, premyera ikinci Beynəlxalq «Buta» Azərbaycan incəsənəti festivalı çərçivəsində baş tutub.

Tamaşanın premyerasında Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, yerli və xarici sənətsevərlər iştirak ediblər.

Tamaşa martın 7-dək davam edəcək.

XS
SM
MD
LG