Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

İlham Əliyev: «Azərbaycan növbəti illərdə Avropa üçün yeganə yeni qaz mənbəyi olacaq»


İlham Əliyev
İlham Əliyev

-

««Cənub» qaz dəhlizi bizi birləşdirir və onunla bağlı əlavə əlaqələndirmə, fikir mübadiləsi lazımdır».

Bunu fevralın 12-də Bakıda «Cənub» qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edən prezidenti İlham Əliyev deyib.

İlham Əliyev nitqində vurğulayıb ki, «Şahdəniz» yatağı və Azərbaycanın digər qaz yataqları təbii qazı Azərbaycandan beynəlxalq bazara nəql edəcək «Cənub» qaz dəhlizinin çəkilməsinin zəruriliyini diktə edib:

«2012-ci ildə Trans-Anadolu - TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında saziş imzalandı. Bu saziş «Cənub» qaz dəhlizinin həyata keçirilməsində mühüm rol oynadı. Çünki Azərbaycan qazının nəql edilməsində əsas olacaq layihənin uzun illər ərzində müzakirəsi zamanı bizim tərəfimizdən TANAP layihəsi təqdim edildi, dərhal bütün tərəfdaşlarımızın güclü dəstəyini qazandıq. Bir sözlə, TANAP «Cənub» qaz dəhlizinin həyata keçirilməsində mühüm yer tutur. Siz yəqin ki, bilirsiniz, artıq TANAP-ın praktiki həyata keçirilməsinə başlanıb. 2013-cü ildə Trans-Adriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə «Cənub» qaz dəhlizinin təməlqoyma mərasimi burada - Bakıda keçirildi».

«AZƏRBAYCANIN TƏSDİQLƏNMİŞ QAZ EHTİYATLARI 2.5 TRİLYON KUBMETRDƏN ÇOXDUR»

Prezident bildirib ki, «Cənub» qaz dəhlizi üçün resurs bazası bp-nin əməliyyatçı olduğu «Şahdəniz» yatağıdır:

««Şahdəniz»dən başqa digər nəhəng qaz yataqlarını da götürsək, – yeri gəlmişkən, hesablamalarımıza görə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2.5 trilyon kubmetrdən çoxdur, - «Abşeron», «Ümid» və digər yataqlar «Cənub» qaz dəhlizi layihəsinə birmənalı olaraq töhfə verəcək. Çox güman ki, bu gün proqnozlaşdırdığımız rəqəmləri üstələyən daha çox hasilatımız və ixracımız olacaq».

«CƏNUB» QAZ DƏHLİZİ ENERJİ TƏHLÜKƏSİZLİYİDİR

Azərbaycan prezidenti vurğulayır ki, «Cənub» qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir:

«Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq».

İlham Əliyev deyir ki, Azərbaycan enerji resurslarının şaxələndirilməsində öz rolunu oynayır:

«Şaxələndirmə haqqında danışanda, biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq». (AzərTAC)

XS
SM
MD
LG