Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:42

Obama müsəlman gənclərin qəddarlıqla qətlə yetirilməsini pislədi


ABŞ - Deah Barakat (solda), Yusor Abu-Salha (ortada) və Razan Abu-Salha
ABŞ - Deah Barakat (solda), Yusor Abu-Salha (ortada) və Razan Abu-Salha

-

ABŞ prezidenti Barack Obama Şimali Karolinada 3 müsəlman tələbənin "qəddarcasına" qətlə yetirilməsini qətiyyətlə pisləyib.

Obama öldürülən tələbələrin yaxınlarına başsağlığı verib və qətl hadisəsinin motivinin dini nifrət olub-olmadığını araşdırmağı tələb edib.

"ABŞ-da heç kəs xarici görünüşünə, inancına görə hədəfə alınmamalıdır".

Obamanı hadisəyə dərhal reaksiya verməməkdə suçlayanlar da vardı.

Onu tənqid edənlərdən biri də Türkiyə prezidenti Recep Tayyip Erdogandır.

23 yaşlı Deah Shaddy Barakat, onun 21 yaşlı həyat yoldaşı Yusor Mohammad Abu-Salha və 19 yaşlı başqa bir qohumu Razan Mohammad Abu-Salha-nı öldürən şəxs polisə təslim olub.

Məlumata görə, həmin şəxs - Craig Stephen Hicks tələbələrin qonşusu olub və onlar arasında avtomobillərin harda saxlanması üstündə xeyli müddətdir mübahisə varmış.

Amma qətl hadisəsi həm ABŞ-da, həm də ondan kənarda müzakirələrə təkan verib. Bəziləri bunu anti-İslam ovqatının nəticəsi kimi də yozulub.

Craig Stephen Hicks
Craig Stephen Hicks

Qətlin istintaqını aparan Federal Təhqiqat Bürosu deyir ki, dini nifrət versiyasını da araşdırırlar.

Hicks-in arvadı mətbuata deyib ki, əri insan haqlarını dəstəkləyən bir adamdır və cinayətin dinlə, inancla heç bir bağlılığı yoxdur.

Lakin Hicks-in qonşuları bildiriblər ki, o tez-tez əlində silah küçəyə çıxar və ətrafdakılarda qorxu yaradardı.

Qətlə yetirilmiş qızların qohumları da mətbuata danışıblar. Onlar deyiblər ki, qızlar Hicks-dən çəkinirdilər. Çünki o onların hicab geyinməsini bəyənmirdi.

Hicks-in, sosial şəbəkələrdəki statusları əsasında, ateist olduğu deyilir.

Müsəlman tələbələrin dəfnində minlərlə insan iştirak edib.

Bu arada sosial şəbəkələrdə gedən müzakirələrdə ABŞ mediasının hadisəni işıqlandırma tərzi də tənqid olunub. Bir Twitter istifadəçisi yazıb ki, əgər bir müsəlman 3 xristian tələbəni qətlə yetirsəydi, ABŞ mediası bu xəbərə qat-qat çox yer ayırardı.

Suriya əsilli Barakat diş həkimliyi üzrə təhsil alırdı.

O, ictimai fəaliyyətlə də məşğul idi. Suriyadan olan qaçqınlara pulsuz tibbi yardım göstərilməsi üçün xeyriyyə kampaniyası təşkil etmişdi.

Məqsəd 20 min dollar toplamaq olsa da, indi kampaniyanın hesabına 330 min dollar toplanıb.

Onun həyat yoldaşı isə ABŞ-da müsəlmanlar haqda müsbət imic yaratmağa çalışan kampaniyada iştirak edirdi.

XS
SM
MD
LG