Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:55

Rafiq Daşdəmirlinin oğlu ev dustaqlığına buraxılıb


Sənan Daşdəmirli
Sənan Daşdəmirli

-

AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli fevralın 13-də ev dustaqlığına buraxılıb.

Nərimanov rayon Məhkəməsi həmin gün Sənan Daşdəmirli barədə daha 2 aylıq həbs-qətimkan tədbiri seçsə də, vəkil Azər Nağıyevin qaldırdığı vəsatətdən sonra bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Sənan Daşdəmirli barəsində ötən il noyabrın 18-də 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. O, qanunsuz narkotik maddə satışında ittiham olunub.

CƏRRAHİYYƏ ƏMƏLİYYATINA EHTİYAC VAR

Sənan Daşdəmirli AzadlıqRadiosuna açıqlamasında ev dustaqlığına buraxılacağını gözləmədiyini deyib:

«Belə bir qərar veriləcəyini gözləmirdim. Təcili cərrahiyyə əməliyyatına ehtiyac olduğu üçün bu qərar verildi. Məhkəmə əvvəlcə 2 aylıq həbs-qətimkan tədbirini təsdiqlədi. Sonradan vəsatət qaldırıldı və razılığa gəldilər».

Daşdəmirli saxlanmasını belə təsvir edir:

«Axşam 7-nin yarısında işdən evə gəlirdim. Mülkigeyimlilər yaxınlaşıb məni bir maşına oturdular. Məni «Bandotdel»ə apardılar. 17 gün orada saxlanıldım, sonra Kürdəxanı təcridxanasına göndərildim. Noyabrın 17-də tutuldum, 18-də məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçdi. Kürdəxanı təcridxanasına həkimlər gəlib sağlıq problemlərimlə bağlı sənədlər tərtib etdilər. Təcili cərrahiyyə əməliyyatına ehtiyac olduğunu təsdiqlədilər».

FACEBOOK AKSİYASI

Rafiq Daşdəmirli isə oğlunun məhz onun siyasi fəaliyyətinə görə tutulub girov saxlandığını bildirir.

Son bir neçə həftədə «facebook» sosial şəbəkəsində «Free Khadija», «Free Seymur», «Free Rasul», eləcə də «Free Senan» aksiyaları keçirilib. İstifadəçilər profil şəkillərini həbsdə olan şəxslərin fotoları ilə əvəzləyiblər.

Rafiq Daşdəmirli deyir ki, «Free Senan» aksiyası AXCP Rəyasət Heyətinin qərarıyla keçirilib:

«700-dək üzvümüz, dostlarımız bu kampaniyaya qoşuldular. Sənanın bu gün ev dustaqlığına buraxılmasında bu kampaniyanın rolu oldu. Həmin dostlara öz təşəkkürümü bildirirəm».

Ötən il onlarla müstəqil və müxalifət fəalı həbsə atılıb. Onlar həbslərinin siyasi motivli olduğunu desələr də, hakimiyyət hər bir şəxsin konkret cinayətə görə saxlandığını bildirir.

XS
SM
MD
LG