Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:32

Azərbaycan Ukraynanın silahlandırılmasına qarşıdır


Əli Həsənov
Əli Həsənov

-

«Azərbaycan Ukraynanın silahlandırılmasına dair ABŞ-da səslənən, getdikcə artan tələbləri dəstəkləmir. Bu mövqe Bakının həmin münaqişənin milli təhlükəsizlik və daxili sabitliyə mümkün təsirindən narahatlığını göstərir».

Bunu «Financial Times» qəzetində «Azərbaycan Ukraynanın silahlandırılmasına qarşıdır» başlıqlı yazıda oxuyuruq.

İKİLİ STANDART

«Ümumiyyətlə, Azərbaycan münaqişələrin hərbi yolla həllinə qarşıdır. İnanırıq ki, müasir dünyada münaqişələrin həlli üçün hərbidən başqa yollar da var». Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov qəzetə müsahibəsində deyib.

Cənab Həsənovun bildirdiyinə görə, Azərbaycan xarici siyasətində nə Qərb, nə də Rusiyanın tərəfini saxlayır, ancaq ötən il BMT-də Rusiyanın Krımı anneksiyasını pisləyən qətnaməyə səs verib. Azərbaycan Qərb hökumətlərinin Ermənistana qarşı eyni sərt mövqe tutmamasından narazıdır.

«Biz bu məsələdə Qərbin ikili standartlarına etiraz edirik. Bir münaqişədə Qərb onları «separatçılar» adlandırır, digərində yox», - deyən Həsənov Ermənistanla Azərbaycan arasında son zorakılıqlara görə «Ermənistanda mövqelərini möhkəmləndirmək istəyən daxili qüvvələri» günahlandırıb. Dövlət rəsmisi təklif edib ki, ABŞ və müttəfiqləri Ermənistanı Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlardan çıxarsınlar.

BARIŞIQ TONU

«Financial Times» Ukrayna münaqişəsinin Bakını çətin seçim qarşısında qoyduğunu yazır. Bakı bir tərəfdən Kiyevdəki demokratiya inqilabından, digər tərəfdən Rusiya sarıdan narahat olub.

«Cənab Əliyev və hökuməti milli müstəqilliyin saxlanmasına və daxili sabitliyə özünün ali prioritetləri kimi baxır. Ötən il Bakının ABŞ-la münasibətləri gərginləşib. Hakimiyyət siyasi şərtləri sərtləşdirib və müstəqil mediaya hücuma keçib. Onsuz da Əliyev hökumətinin opponentlərinə məkanı daralmışdı», - FT yazır.

Ancaq cənab Həsənov müsahibəsində ABŞ-la bağlı barışıq tonunda danışıb, Bakının terrorçuluğa qarşı və enerji sahəsində əməkdaşlıq etdiyini vurğulayıb. İnsan haqları sarıdan narazılığı ABŞ-dakı qeyri-hökumətlərinin ayağına yazıb, Amerika hökumətinin deyil.

300 AZƏRBAYCANLI SURİYADA

«Təəssüf ki, bu insidentlərdən ABŞ-Azərbaycan münasibətlərini pisləşdirmək, Azərbaycanın imicinə zərbə vurmaq üçün istifadə edənlər var. Ancaq Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlığa sadiq qalır».

Cənab Həsənov Azərbaycanın Qərb ölkələri ilə eyni problemi paylaşdığını da bildirib, belə ki, 300-dək azərbaycanlı Suriyaya islamçı ekstremistlərlə döyüşməyə gedib. Onlar ölkələrinə qayıdanda potensial təhlükə mənbəyidirlər.

«Məncə, Qərb ölkələrindən bir neçə yüz nəfərin həmin regiona getməsi bir neçə yüz azərbaycanlıdan daha az təhlükəlidir», - deyən Həsənov Azərbaycanın əhalisinin 9 milyon yarım olmasına eyham vurub.

XS
SM
MD
LG