Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:25

Əli İnsanovun xarici bankda tapılan 1.5 milyon dolları da müsadirə edilə bilər


Əli İnsanov
Əli İnsanov

-

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun xarici banklardan birində adına qoyulan 1.5 milyon dolların müsadirə edilməsi haqda təqdimata baxılıb. Təqdimatı məhkəməyə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi verib.

AzərTAc-ın məlumatına görə, vəsait «Banque de Luxembourg» adlı kommersiya bankına 2000-2002-ci illərdə qoyulub.

Vəkil Ağaveys Şahverdi bildirib ki, 1.5 milyon dollar Əli İnsanovun ixtira etdiyi «İnsanovin» dərmanının satışından yığılıb. O, bununla bağlı müvafiq orqanlara sorğular verilməsi, həmçinin Əli İnsanovun işlədiyi dövrdə vergiödəyicisi kimi dövlət büdcəsinə ödədiyi vergilər barədə Vergilər Nazirliyinə də sorğu göndərilməsi barədə vəsatətlər verib.

Məhkəmə vəsatətlərin təmin olunması barədə qərar qəbul edib.

Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, həbsinin siyasi sifarişli olduğunu bildirir. Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş nazirin hüquqlarının pozulması və ona kompensasiya verilməsi barədə qərar çıxarıb.

XS
SM
MD
LG