Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:36

"Charlie Hebdo" tirajı 5 milyona qaldırdı. Köşklər önündə növbələr [Video]


Terrora məruz qalmış "Charlie Hebdo" jurnalının tirajı 5 milyon nüsxəyə qaldırıldı.

Jurnalın yeni sayı əl-əl gəzir və köşklərə çatan kimi qurtarır.

Köşklər qarşısında uzun növbələr yaranır. (Video) Bu, Fransada görünməmiş haldır.

(Ardı aşağıda)

Radikal islamçılar ötən həftə jurnalın redaksiyasına hücum edərək 12 nəfəri öldürmüşdülər - Məhəmməd peyğəmbərin karikaturasına görə qisas aldıqlarını deyərək.

Yenə də karikatura

Bu nömrənin birinci səhifəsində Məhəmməd peyğəmbərin karikaturasının verilməsi bir sıra müsəlman ölkələrini və islamçı qrupları hiddətləndirib.

Jurnalın son sayında Məhəmməd peyğəmbəri əks etdirən karikatura dərc olunub. O hönkürür, əlində isə üzərində “Mən Charlie-yəm” yazılmış vərəq var. “Mən Charlie-yəm” şüarı jurnal üzərinə basqına etirazın devizinə çevrilib.

Bir sıra radikal islamçı qruplaşmalar jurnal üzərinə bundan əvvəlki hücumları məhz Məhəmməd peyğəmbərin karikaturaları ilə əlaqələndirmişdilər.

Jurnala hücumdan iki gün sonra Parisdə bir islamçı yaraqlı supermarketə hücum edərək 4 yəhudini öldürmüş və bir neçə adamı girov götürmüşdü.

Elə həmin silahlının polis qadını öldürdüyü də güman edilir.

Redaksiya jurnalın son nömrəsinin tirajının artırılaraq 5 milyon nüsxəyə çatdırılması qərarına məcmuə tez bir zamanda satılıb qurtardıqdan sonra gəlib.

Adi vaxtlarda jurnal 60 min tirajla çıxsa da, onun son sayının 3 milyon tirajla buraxılması qərara alınmışdı.

Peyğəmbərin karikaturası başqa ölkələrdə

Bu da qeyd olunmalıdır ki, “Charlie Hebdo”nun bu nömrəsi ingilis, ərəb və türk dilləri də daxil olmaqla 6 dildə nəşr olunub.

Satışdan əldə olunan gəlir terror qurbanlarının ailələrinə veriləcək.

Üz səhifəsindən başqa jurnalın son sayındakı digər səhifələrdə Məhəmməd peyğəmbərin karikaturaları yoxdur.

Bununla belə, jurnalın üz qabığındakı karikatura ilə əlaqədar onun naşirlərinə qarşı yeni təhdidlər səslənib.

İslam Dövləti adlanan təşkilatın radiostansiyası bildirib ki, bu karikaturanın dərc olunması “son dərəcə axmaq hərəkətdir”.

Türkiyənin “Cümhuriyyet” qəzeti jurnalın, karikaturalı üz qabığı da daxil olmaqla yalnız bir hissəsini təkrar dərc edib. Əvvəlcə bütün nömrənin dərc edilməsi gözlənilsə də, sonradan redaksiya təhlükəsizlik mülahizələri ilə bu planından əl çəkib.

Fransadan kənarda “Washington Post”, Almaniyanın “Frankfurter Allgemeine” , İtaliyanın “Corriere della Sera” qəzetləri Məhəmməd peyğəmbərin karikaturasını dərc ediblər.

Yaxın Şərqdə çox az media qurumu bu karikaturaları çap edib.

Əl-Qaeda və İD-in roluna dair mülahizələr

İnternetdə yayılmış bir videoda bildirilir ki, 12 nəfərin həyatına son qoymuş terror hücumuna görə məsuliyyəti öz üzərinə əl-Qaeda təşkilatının Yəmən bölümü (AQAP) götürüb.

Lakin videoda bu iddianın həqiqiliyini isbat edəcək heç nə açıqlanmır. Bundan bir qədər əvvəl elə məhz bu qruplaşma “Charlie Hebdo” üzərinə basqını alqışlamış, lakin həmin vaxt aktın məhz təşkilat tərəfindən icra edildiyini bildirməmişdi.

AQAP tərəfindən hazırlandığı inandırıcı görünən videoda hər halda bir neçə sual cavabsız qalır. Söhbət ilk növbədə AQAP-ın terror aktlarının törədilməsində birbaşa rolu məsələsindən gedir. Said Kouachi-nin Yəməndə əl-Qaeda nümayəndələri ilə görüşündən və orada təlim almasından iki il keçib. Üstəlik onun sponsor kimi adını çəkdiyi Anwar Al-Awlaki 2011-ci ildə dron zərbəsi ilə öldürülüb. Bu da əlavə olunmalıdır ki, başqa hallarda olduğu kimi bu dəfə AQAP akt barədə əvvəlcədən hazırlanmış video təqdim etməyib.

Bütün bunları nəzərə alan təhlükəsizlik ekspertləri belə bir nəticəyə gəliblər ki, əl-Qaedanın AQAP bölməsinin Paris aktlarındakı rolu sadəcə ilhamlandırmaqdan ibarət olub.

Öldürülmüş başqa bir terrorçu Coulibaly isə İD-ə bağlı olduğunu bildirmişdi, lakin burası dəqiqdir ki, AQAP və İD heç vaxt şərikli əməliyyat keçirmirlər.

"Guardian"

XS
SM
MD
LG