Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:44

Fransız aktyoru terrorçulara haqq qazandırmaq ittihamı ilə tutdular


Dieudonné M'Bala M'Bala
Dieudonné M'Bala M'Bala

Baş nazir Manuel Valls deyib ki, Dieudonne-nin söylədiyi fikir sadəcə, “yersiz zarafat” deyil: “İrqçilik, anti-semitizm, terrora haqq qazandırılması fikir, rəy deyil, cinayətdir”.

-

Radikal islamçıların “Charlie Hebdo” satirik qəzetində və “Kosher” dükanında törətdiyi qətliamlardan sonra Fransa boyu azad sözün müdafiəsi və terrora yox şüarı ilə böyük mitinqlər keçirildi.

Mitinqlərdən bir gün sonra isə Fransanın tanınmış komediya aktyorlarından olan Dieudonne (Dyedonne) yəhudiyə məxsus “Kosher” dükanında 4 girovu öldürmüş terrorçuya simpatiyasını bildirməsi ittihamı ilə saxlandı.

Dieudonne mitinqlərdən sonra Facebook səhifəsində yazmışdı ki, “Mən özümü Charlie Coulibaly kimi hiss edirəm".

Bu, “Charlie Hebdo“ya dəstək olaraq səsləndirilmiş “Mən Şarliyəm” şüarının, bir də “Kosher” dükanında qətliam törədən şəxsin adının sintezidir.

Bu fikir Facebook-da aktyorun fanatlarını iki cəbhəyə bölmüşdü. Bəziləri onun həddini aşdığını bildirmiş, bəziləri isə Fransa hökumətini azad söz prinsiplərini istədiyi şəkildə, hərəyə bir cür tətbiq etdiyini yazmışdı.

Mübahisəli “comment” 1 saatdan sonra Facebook-dan yığışdırılmışdı.

Dieudonné M'bala M'bala
Dieudonné M'bala M'bala

Dieudonne beynəlmiləl ailədə doğulub, atası kamerun əsillidir, anası isə fransızdır. Katolik məktəbində oxuyub. Yaradıcılığına münasibət birmənalı deyil. O, yəhudi aktyor Élie Semoun-la birlikdə çıxış edərək məşhurlaşıb. Şoularında irqçi stereotiplərə qarşı çıxıb. Hətta ictimai fəal kimi seçkilərdə ifrat millətçilərlə mübarizə aparıb. Amma sonradan yəhudiləri tənqid etməyə başlayıb. Son vaxtlar şoularında irqçi və anti-semit zarafatlar edir.

Amma bu həbsin özü də söz azadlığı ilə bağlı debatlara təkan verib.

Fransa qanunları “terrora haqq qazandırmağı” qadağan edir. İndi aktyorun bu qanunu pozub-pozmadığı araşdırılır.

Baş nazir Manuel Valls deyib ki, Dieudonne-nin söylədiyi fikir sadəcə, “yersiz zarafat” deyil:

“İrqçilik, anti-semitizm, terrora haqq qazandırılması fikir, rəy deyil, cinayətdir”.

Ötən həftə baş vermiş terror aktlarından sonra Fransada terrorçuları müdafiə etmək ittihamı ilə 50-dən çox adam saxlanıb. O cümlədən bir nəfər sərxoş vəziyyətdə qışqıraraq terrorçuları alqışladığı üçün 4 illik həbs cəzasına məhkum edilib.

Dieudonne-nin cəzası isə, mübahisəli fikri İnternetdə paylaşdığı üçün, daha ağır ola bilər: 7 illik həbs cəzası, ya da 120 min dollar cərimə.

Amedy Coulibaly, Parisdə "Kosher" dükanında qətliam törədən şəxs, 9 yanvar
Amedy Coulibaly, Parisdə "Kosher" dükanında qətliam törədən şəxs, 9 yanvar

Fransanın bir neçə şəhərində yerli hakimiyyət Dieudonne-nin yəhudiləri ələ salan, yəhudi soyqırımının miqyasını kiçildən zarafatlar etdiyi şoularına qadağa qoyub.

Onu ilk dəfə deyil ki, “terrorçulara haqq qazandırmaq” maddəsi ilə istintaqa cəlb edirlər.

Israil - Parisdə "Kosher" dükanında öldürülmüş yəhudilərdən birinin tabutu Tel-Əviv aeroportuna gətirilib. 13 yanvar
Israil - Parisdə "Kosher" dükanında öldürülmüş yəhudilərdən birinin tabutu Tel-Əviv aeroportuna gətirilib. 13 yanvar

Ötən ilin sentyabrında o, “İslam dövləti” yaraqlılarının edam etdiyi Amerika jurnalisti James Foley ilə bağlı zarafat etdiyi üçün sorğu-sual olunmuşdu.

Bundan başqa o, bir neçə dəfə yəhudilər haqda zarafatlarına görə cərimə edilib.

Dieudonne həm də “knel” jestini populyarlaşdırması ilə tanınır. Bu jest nasist salamına bənzəyir. Və anti-semitlər onu sinaqoqlar və Holokostu anım abidələrinin qarşısında istifadə edirlər. 2013-cü ildə İngiltərə çempionatında məşhur futbolçu Nicolas Anelka da bu jesti etdiyi üçün qınağa tuş gəlmişdi.

Aktyorun özü isə hakimiyyətin onu təzyiqlər yolu ilə susdurmaq, sözünü sərbəst şəkildə demək haqqından məhrum etmək istədiyini bildirir. Dieudonne-nin fanatlarının böyük hissəsi gənclərdir və onun həbsi gənclər arasında narazılıq yarada bilər.

“İnsanları maarifləndirmək üçün çox böyük səylər lazım olacaq” – jurnalist Eric Mandonnet deyir, - “Bəzi şəhərkənarı bölgələrdə Dieudonne-ni üsyankar qəhrəman sayırlar və Fransa ədliyyəsinin bu qərarı orada qətiyyən anlaşılmır”.

XS
SM
MD
LG