Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:45

Bacısı: “Xədicə 9 yaşında artıq həqiqət üçün mübarizə aparırdı”.


Bu balaca qız indi həbsdədir. Xədicə İsmayıl 4 yaşında.
Bu balaca qız indi həbsdədir. Xədicə İsmayıl 4 yaşında.

-

“İlk dəfə “həqiqət gərək açılsın, yoxsa daha ciddi problemlər yaranacaq” fikrini Xədicədən eşidəndə onun doqquz yaşı var idi: Mən 5-ci, o, 4-cü sinifdə oxuyuduq. Bir dəfə “iki” almışdım, istəyirdim ki, anamdan gizlədəm... Xədicə dedi ki, olmaz, anama deyəcəm. Yalvardım ki, demə, Xədicə, düzəldəcəm qiymətimi. O, məndən bir yaş kiçik idi, amma mənə göstəriş verirdi. Dedi ki, yaxşı, sənə bir az vaxt verirəm...”

Həbsdə olan jurnalist Xədicə İsmayılovanın böyük bacısı, məktəbə qədər tərbiyə üzrə mütəxəssis Səbinə Rəhimova ilə Skype vasitəsilə söhbət edirik. Səbinə Rəhimova bacısından heyranlıqla danışır. Birnəfəsə. Əlavə suala ehtiyac görmədən:

Xədicə 2 yaşında.
Xədicə 2 yaşında.

“Müəllimin mənimlə ədavəti var idi deyə, qiymətimi düzəldə bilmirdim. Xədicənin nəzarəti isə üstümdə idi. Bir gün artıq səbri tükəndi, götürdü dəftəri, apardı qoydu anamızın qarşısına ki, qızınla məşğul ol...

Dedim ki, Xədicə, niyə məni satdın? Dedi ki, əgər mən həqiqəti açmasam, nəticəsi sonra daha pis olacaq.. İndi uşaqlıq illərimizi yada salanda başa düşürəm ki, Xədicə o vaxtdan həqiqəti sevən idi... 9 yaşından artıq həqiqəti üzə çıxarırdı.”

9 yaşlı Xədicə müəlliməsi ilə.
9 yaşlı Xədicə müəlliməsi ilə.

“Xədicə necə bacıdır?” sualına cavabında bacısı Səbinə Rəhimova deyir ki, Xədicə üçün bacı, ya özgə fərqi yoxdur, onun üçün insan var:

“Xədicə bənzərsiz insandır. Sizə bir misal deyim. Tutaq ki, mən və başqa kimsə ondan kömək xahiş edib. Xədicə baxır ki, bizim hansımızın xahişinin mahiyyəti ictimai faydalıdır, birinci ona kömək edir. Onun üçün iqtidar-müxalifət, doğma-ögey fərqi də yoxdur. Onun üçün sadəcə insan var, insan haqları var, əzilən, köməyə ehtiyacı olan insan var. Odur ki, Xədicə mənim pərəstiş etdiyim, böyük hərflərlə insandır”.

Səbinə Rəhimova deyir ki, Xədicəni tutduğu yoldan çəkindirməyə çalışmayıblar, çünki başa düşüblər ki, o, qərarlarında dönməzdir:

Xədicə ata nənəsi ilə.
Xədicə ata nənəsi ilə.

“Onun bütün həyatı, qərarları ictimaidir. Facebook-unda qərarını, mövqeyini yazırdı. Biz də öz payımızı götürürdük. Biz başa düşürük ki, Xədicə belə dedisə, məsələ bitib, bunu dəyişmək mümkün deyil. Biz də onu olduğu kimi qəbul etmişik”.

Bu yerdə söhbətə Xədicə İsmayılovanın anası, 71 yaşlı təqaüddə olan mühəndis Elmira xanım da qoşulur.

Xədicə İsmayılın anası Elmira xanım
Xədicə İsmayılın anası Elmira xanım

​Anası Elmira İsmayılovanın dediklərindən:

“Xədicə uşaqlıqdan bizim evdə hər kəsin doğru danışmasına nəzarət edib. Uşaqlıqda da onunçün həqiqətdə güzəşt yox idi. Ağa ağ deyirdi, qaraya qara. Orta məktəbi bitirəndə fərqlənmə attestatı düşürdü ona. Məktəbdən dedilər ki, rüşvət gətirin verək. Xədicə dərhal dedi ki, bu haqda heç düşünməyin də. Biz rüşvət verməyəcəyik.

Xədicə beş yaşından kitab oxumağa başlayıb. Kitaba necə dalırdısa, bəzən nə qədər çağırırdıq, eşitmirdi. O, bir gecəyə bir kitab oxuyurdu.

Mən istəyərdim ki, onun ailəsi olsun, uşaqları olsun.. Əvvəllər dedim qulaq asmadı, indi isə deyir ki, mən ailəmi, uşaqlarımı təzyiq altında qoymaq istəmirəm, ona görə də ailə istəmirəm.

Çox darıxıram Xədicədən ötrü..Ən çox da gülər üzündən ötrü darıxıram. Həftədə bir dəfə zəng vurur. Deyirəm, necəsən, deyir ki, yaxşıyam, başqa heç nə demir..”

XS
SM
MD
LG