Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:28

Rusiyadan mühacir pulları Azərbaycana geri qayıdarsa...


Arxiv foto
Arxiv foto

-

«Yeni Müsavat» qəzeti yazır ki, Krımın işğalından sonra Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını çökdürməsi artıq region ölkələrinə də təsir edib.

«Rusiyaya qarşı sanksiyaların Azərbaycana real təsiri hələ ki dünya bazarında neftin qiymətinin ucuzlaşmasıdır. Bu prosesin Azərbaycan iqtisadiyyatına zərbə vuracağı şübhəsizdir. Amma ekspertlər hesablayırlar ki, bunun fəsadları özünü hələ bir müddət sonra göstərəcək».

Qəzet yazır ki, hazırda Rusiyadakı vəziyyət Azərbaycanda bir ərzaq qıtlığı təşvişi yaradıb. «Rusiyanın bir sıra bölgələrində yaşanan ərzaq qıtlığı, dükanların bir çoxunun demək olar ki, boş olması, SSRİ dönəmində olduğu kimi, ərzaq mağazaları qarşısında növbələrin yaranması barədə Bakıya gəlib çatan xəbərlər insanları Azərbaycanda da belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı təşvişə salıb».

«Ekspertlərin fikrincə, əslində Azərbaycan vətəndaşlarının bu cür narahatlığı başadüşüləndir. Çünki Rusiyadakı böhranın bütün dünyaya, həmçinin region ölkələrinə ciddi təsir edəcəyi şübhəsizdir. İqtisadçılar hesab edir ki, yaxın dövrlərdə Azərbaycanda ciddi ərzaq qıtlığı gözlənilməsə də, bahalaşmanın olacağı qaçılmaz görünür. Onların fikrincə, insanları təlaşlandıran həm də bu amildir. Eyni zamanda ekspertlər düşünürlər ki, Rusiyadakı böhran uzun müddət davam etsə, bəzi ərzaq məhsulları ilə bağlı Azərbaycanda da müəyyən problemlər yarana bilər».

«HƏQİQİ VƏ EFFEKTİV DİALOQ ÜÇÜN...»

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn «Media forum» saytının iqtidar-müxalifət dialoqu ilə bağlı suallarını cavablayıb. Deyib ki, İqtidar-müxalifət dialoqunun əhəmiyyətli və effektiv olması üçün dialoq mühiti yaradılmalıdır və bu işdə əsas məsələlər hakimiyyətdən asılıdır. «Dialoq mühitinin yaradılması üçün ən effektiv yollardan biri siyasi məhbusların azadlığa buraxılması istiqamətində addım atılması olar. Bu da iqtidardan asılıdır. Əgər siyasi məhbuslar azadlığa buraxılsa, ölkədə dialoq üçün fərqli mühit yaranar.

Həqiqi və effektiv dialoq üçün əsas müxalifət təşkilatları olan Müsavat və AXCP prosesdə iştirak etməlidir. Müsavat və AXCP-nin qatılmadığı hər hansı tədbiri iqtidar-müxalifət dialoqu adlandırmaq mümkün deyil.

QHT-lərin də dialoqda iştirak etməsi vacibdir. Hakimiyyətin siyasətinə qarşı müxalif mövqedə dayanan vətəndaş cəmiyyətinin, gənclik hərəkatının nüfuzlu liderlərinin dialoq prosesində iştirak etməsi mümkündür.

Nəhayət, sonuncu prezident seçkisində müxalifətin vahid namizədi olmuş professor Cəmil Həsənlinin dialoqda yer alması faydalı olardı».

«NAĞD PUL KÜTLƏSİ AZALA BİLƏR»

«Azərbaycandan Rusiyaya dollar axını ola bilərmi?» sualına «Azadlıq» qəzeti iqtisadçı Məhəmməd Talıblı ilə birgə cavab tapmağa çalışıb.

M. Talıblının fikrincə, Azərbaycandan dollar və avronun Rusiyaya axınının ən böyük təsirlərindən biri valyuta sabitliyinin dəyişilməsi, manatın dəyərinin itirilməsi, döviyyədə dolların həcminin hədsiz azalması, nağd pul kütləsinin azalma riskləri halları ola bilər. Digər tərəfdən, əgər Rusiyadan mühacir pullar ölkəmizə qayıtsa, bu, inflyasiya təzyiqlərini artıracaq və bazarda bahalaşma tendensiyalarını gücləndirəcək. Bəzi mal və xidmətlərin qiymətləri yüksələcək: «O cümlədən daşınmaz əmlak bazarında titrəyişlər olacaq. Əgər kütləvi olaraq geriyə dönüş prosesi sürətlənsə, o zaman daşınmaz əmlak bazarında müəyyən mənada bahalaşma güclənəcək. Əsas fəsadlardan biri əmək bazarında gərginliyin artmasıdır. Yəni indi əmək bazarındakı məlum kütləni iqtisadiyyat və iş yerləri çox çətinliklə «həzm» edir. Əgər buna əlavə olaraq Rusiyadakı gələn əmək qabiliyyətli əhalini də əlavə etsək, onda əmək bazarı xeyli yüklənəcək. Bunun isə hansı kataklizmlər yaratması qeyri-müəyyəndir».

BULVARDA YENİ ATRAKSİONLAR OLACAQ

«Exo» qəzeti isə yeni il bayramöncəsi Bakı sakinlərinə şad xəbər verir. Qəzet yazır ki, Dənizkənarı Milli Parkda dekabrın 27-28-də iki yeni atraksionun açılışı olacaq. Movilet adlı atraksion qeyri-adi metal konstruksiyadan ibarətdir və 360 dərəcə fırlanır. Svaynder adlı digər atraksionun detalları barədə məlumat verilmir. Qəzet onu da yazır ki, bayram günlərinin birində bütün gün ərzində bulvardakı bütün atraksionlar pulsuz olacaq.

XS
SM
MD
LG