Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Neft qiymətləri antidemokratik rejimləri diz çökdürür


-

Neftin qlobal qiymətləri bu həftəsonu da düşməkdə davam edir.

Bir sıra neftdən zəngin, demokratiyadan kasad ölkələrin belə, çox da ümid bəsləmədikləri OPEC yığıncağının ardınca isə qiymətlərin çöküşü yeni vüsət alıb.

Cümə günü London birjasında Brent markalı neftin bir “çəlləyinin” qiyməti 2, 43 dollar azalaraq 70, 27 dollara enib.

ABŞ xam neftinin yeni aşağı qiyməti isə birdən-birə 7, 54 dollar ucuzlaşaraq bir barrel üçün 66, 15 dollar həddinə düşüb.

Səudiyyə - “neftin qibləsi”

Əslində neft ixrac edən və dünya neftinin üçdə birini verən OPEC-in fövqəladə iclası başa çatar-çatmaz neftin qiyməti bir gündə 5 dollar enib.

Hazırkı neft qiymətləri bundan əvvəl yalnız 2010-cu ildə qeydə alınıb.

OPEC 2011-ci ildə razılaşdırıldığı kimi neft istehsalının həcmini gündə 30 milyon barrel həcmində saxlamaq qərarına gəlib. Daha doğrusu? bu qərara gəlməli olub, çünki ən böyük neft istehsalçısı olan Səudiyyə, istehsalı azaltmaq firkrində olmadığını qəti şəkildə bildirib.

Səudiyyə neft nazirinin bəyanatı büdcələri tamamilə neftdən asılı olan ölkələri məyus edib.

OPEC-in əksər üzvləri öz dövlət büdcələrindəki balansı neftin bir barrelinin 80 dollar olduğu səviyyədə az-çox saxlaya bilərlər, lakin bundan aşağısı büdcələrə çox ciddi təsir göstərəcək.

Azərbaycanın vəziyyəti daha kövrəkdir

“The Financial Times” qəzetinin yazdığına görə ekspertlər Səudiyyənin də büdcəsinin neftdən asılı olduğunu vurğulayırlar, lakin bu qənaətdədirlər ki, ən böyük neft istehsalçısı öz valyuta ehtiyatları hesabına daha aşağı qiymətlərlə, daha uzun müddətdə ayaqda qalmaq iqtidarındadır.

Rusiya, İran, Venesuela, habelə daha kiçik neft istehsalçıları olan Qazaxıstan, Azərbaycan kimi ölkələrhaqqında belə arxayın danışmaq mümkün deyil.

Bir sıra beynəlxalq təhliçilərin qənaətinə görə, bu sırada Azərbaycanın vəziyyəti xüsusilə kövrəkdir, çünki neft qiymətlərinin qlobal enişi bu dəfə Azərbaycan neftinin tükəniş fazası ilə üst-üstə düşüb.

Beynəlxalq Valyuta Fondunun son qiymətləndirilməsində deyilir ki, 2015-ci il üçün büdcəsini bir barrel üçün 90 dollardan hesablamış Azərbaycan böyük çətinliklərlə üzləşə bilər.

Qaz neftin yerini verməyəcək

SOCAR rəhbərliyi də daxil olmaqla, Azərbaycan rəsmiləri indi daha çox vəziyyətdən vergi siyasətinə və neft fondundan istifadə həcmlərinə yenidən baxmaqla çıxılacağına işarə edirlər.

Dərin təhlil aparılmadan da belə təsəvvür formalaşır ki, əl atılacaq tədbirlər heç də populyar olmayacaq.

Azərbaycan hakimiyyətinə bağlı şərhçilərin bu boşluğu qazın dolduracağı barədə ifadə etdikləri ümidlər isə daha çox ictimaiyyətə hesablanmış təsəlli kimi qiymətləndirilir.

Ən bəsiti ona görə ki, qaz neft gətirən gəliri gətirməyəcək.

“Yeni dünyaya xoş gəldik”

“Yeni neft dünyasına xoş gəldik” – deyə elan edib “Societe Generale” bankının baş neft təhlilçisi Michael Wittner, - Səudiyyə Ərəbistanı və OPEC innən belə bazarı tənzimləmək mexanizmi olmayacaq. Onların bu rolu tükənib”.

Təhlilçi deyir ki, artıq neft bazarını bazarın özü tənzimləyəcək.

Bir çox ekspertlər bu qənaətdədirlər ki, OPEC-in istehsalı azaltmamaq və bazarı ucuz neftlə doldurmaq siyasəti ABŞ şist neftinin bazarını öldürmək məqsədi güdür.

Lakin bəzi təhlilçilər bildirirlər ki, ABŞ-ın şist neftinin öz bazarı var və kənar qiymətlər bu bazarda həlledici rol oynamır.

Moskva “imperializmi” qınayır

Neft qiymətlərinin enməsini özlərinə qarşı az qala “qlobal imperializm yürüşü” elan edən Rusiya, İran və Venesuela, bazarın ABŞ və onun ən yaxın müttəfiqlərindən olan Səudiyyə tərəfindən razılaşdırılmış “siyasətlə tənzimləndiyini” iddia edirlər.

Bunların arasında Rusiyanın vəziyyəti doğrudan da maraqlı görünür. OPEC-in neft istehsalını azaltmasını istəyən Moskva öz quyularını dayandırmaq fikrində deyil.

Bunun bir səbəbi boşalan büdcəni birtəhər doldurmaqdırsa, digər səbəbi tamamilə təbiidir.

Öz neftini Sibir buzlarından çıxaran Rusiya bəyan edib ki, quyular dayandırılsa, sədəcə olaraq donub ölə bilər.

Diz çökdürən qiymətlər

Media bazarında çox gənc olmasına baxmayaraq, “Bloomberg”, “The Wall Street Journal”, “The Economist” və “New York Times” kimi nəhənglərin səngərindən çıxmış mətbuat veteranlarından ibarət “Quartz” biznes məcmuəsi isə yazır ki, neft qiymətlərinin enmə səbəblərindən fərqli olaraq, onun nəticələrini dəqiqliklə proqnoz etmək olar.

Məcmuədə dərc olunmuş “OPEC və Rusiya diz üstündə” məqaləsində deyilir ki, düşməkdə olan neft qiymətləri ilk növbədə təcavüzkar xarici siyasət yeridən ölkələri - Rusiya, İran və Venesuelanı vurur.

Neftin lənəti kimi tutacaq?

“Quartz” yazır ki, sözü gedən ölkələr hələ qarşıdan gələn uzun müddətdə belə vəziyyətlə barışmalı olacaqlar.

“İstehlak edən ölkələr üçün bu çox yaxşıdır. Yəni ucuz neftdə yaxşı nə ola bilər?” – deyilir məqalədə.

İranın nüvə silahı ambisiyalarından, Vladimir Putinin avantürizmindən boğaza yığılmış “Qərb üçün də bu yaxşı xəbərdir”, yazır məcmuə.

Müəllifin fikrincə, burda neft istehsal edən ölkələr üçün də fayda var. Onlar üçün bu, iqtisadiyyatlarını şaxələndirməyə son çağırış zəngidir.

Əgər bir vaxtlar “neftin lənəti” deyildikdə, bu lənətin neftlə zəngin ölkələri və onların xalqlarını vurduğu düşünülürdüsə, indi bu lənət daha çox həmin ölkələrin elitalarına qarşı yönəlib.

XS
SM
MD
LG