Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

«Rosneft» rəhbərinin Bakıya şübhəli səfəri


Russia -- The Rosneft logo
Russia -- The Rosneft logo

-

EKSPERT: “NEFT FONDUNU ÇƏTİN GÜNLƏR GÖZLƏYİR”

“Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər azalıb”.

Bunu “Media forum” saytına iqtisadçı ekspert Samir Əliyev deyib. Fondun 2014-cü ilin doqquz ayının yekunlarını şərh edən ekspert bildirib ki, bu müddətdə fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib:

“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,9 faiz azdır. 2013-cü ilin yanvar-sentyabr aylarında fondun gəlirləri 311,2 milyon manat idi. 2012-ci ildə isə bu göstərici daha yüksək - 440,4 milyon manata bərabər olub”.

Samir Əliyev Neft Fondunu qarşıda çətin günlər gözləyini bildirib. Güman ki, bir tərəfdən neft hasilatının azalması və onun ucuzlaşması nəticəsində daxilolmaların aşağı düşməsi, digər tərəfdən dövlət büdcəsinin gələn il pula ehtiyacının daha da artması fondun aktivlərin azalmasına gətirib çıxaracaq. Üstəgəl, fondun puluna Rusiya şirkətlərinin göz dikməsi vəsaitlərin səmərəsiz istiqamətə yönəldilməsi ilə nəticələnə bilər.

Neft Fondu Çin yuanını valyuta ehtiyatına daxil etmək planını açıqlayıb. Bu, təqdirəlayiqdir, ancaq onun məbləği müzakirə mövzusudur. Çünki Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə yuanın məzənnəsinə mənfi təsir göstərə bilər. Məncə, yuanın daxil edilməsi avronun payının azaldılması hesabına baş verməlidir. Yəqin ki, yaxın 1-2 ildə Rusiya aktivləri cəlbediciliyini itirəcək. Müşahidələr göstərir ki, yaxın dövrdə ən etibarlı valyuta məhz ABŞ dolları olacaq”.

“ROSNEFT” RƏHBƏRİNİN BAKIYA ŞÜBHƏLİ SƏFƏRİ

Oktyabrın 20-də dövlət başçısı İlham Əliyev Rusiyanın “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti Igor Sechini qəbul edib. Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, ”Rosneft" və Azərbaycan Dövlət Neft Şirkəti arasında birgə layihələrin reallaşması müzakirə olunub. Tərəflər iki ölkənin birgə layihələrinin Azərbaycan və Rusiyanın hüdudlarından kənarda reallaşması məsələsini də nəzərdən keçiriblər. Bunların hansı layihələr olduğu açıqlanmır. Lakin qeyri-rəsmi mənbələrə görə, söhbət SOCAR-ın Türkiyə və digər ölkələrdəki layihələrində “Rosneft”in iştirakından gedir.

İqtisadçı Məhəmməd Talıblı “Azadlıq” qəzetinə deyir ki, SOCAR-ın indiki halda əməkdaşlıq formatına sadiq qalması və bunun yüksələn xətt üzrə davam etməsi rəsmi Bakının enerji vektorunda nisbi korrektələr etməsi ilə bağlıdır. Amma bu siyasət Qərbdə yaxşı qarşılanmayacaq.

“Rusiyanı dalandan çıxarmaq üçün ”quşun dimdiyindəki su" effekti onsuz da nəyisə dəyişməyəcək. Amma bu, Azərbaycanın sivil dünyanın əleyhinə davranışı kimi yaddaşlarda qala bilər. Bu isə arzu olunan deyil", deyə M.Talıblı vurğulayıb.

AYAZ MÜTƏLLİBOV: “AZƏRBAYCANIN GÜZƏŞTƏ GEDƏCƏYİ BİR ŞEY YOXDUR

“Modern.az” saytı yazır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ danışıqları ilə bağlı apardığı sülh danışıqlarının intensivləşməsi problemin həllinə olan ümidləri artırır. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə İlham Əliyev və Serj Sərkisyanın oktyabr ayının 27-də Parisdə gözlənilən görüşü də ölkə mətbuatının əsas gündəm mövzularından biridir.

Ayaz Mutəllibov: "Güzəştə gedəsi bir ölkə varsa, o da Ermənistandır”
Ayaz Mutəllibov: "Güzəştə gedəsi bir ölkə varsa, o da Ermənistandır”

Dağlıq Qarabağ danışıqlarının intensivləşməsini Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov müsbətə doğru addım kimi dəyərləndirir. Sabiq prezident Modern.az saytına açıqlamasında bildirib ki, danışıqların aparılması sülhlə bağlı vacib amillərdən biridir.

Ayaz Mütəllibov fikrincə danışıqların sürətləndirilməsi pozitiv olsa da, onun perspektivi haqqında qəti fikir söyləmək düzgün olmaz. Eks-prezident Qarabağla bağlı məsələdə Azərbaycanın güzəştə gedəcəyi heç bir şeyin olmadığını vurğulayıb.

"Azərbaycandan hər hansı bir kompromis gözləmək əbəsdir. Güzəştə gedəsi bir ölkə varsa, o da Ermənistandır”.

AZƏRBAYCANDA EBOLA TƏHLÜKƏSİ

“Bizim yol” qəzeti Ebola virusu təhlükəsindən yazır. Professor Adil Qeybulla deyir ki, bu cür epidemiya şəklində yayılan viruslar sərhəd tanımırlar. Onun sözlərinə görə, Ebola virusunun Azərbaycana və digər ölkələrə yayılma riski var, buna real yanaşmaq lazımdır.

Ebola virusu sərhəd tanımır
Ebola virusu sərhəd tanımır

A.Qeybulla transsərhəd zonalarda əvvəlcə dövlət tərəfindən ciddi nəzarət qoyulmalı olduğunu bildirir. Qızdırması, toksikasiyası olan xəstələr təcrid olunmalıdır:

"Xəstə adamlar karantin rejimə keçirilməlidir. O ki qaldı insanlar özlərində virusun əlamətlərini - yüksək hərarət, halsızlıq, zəiflik, bel ağrıları olduqda dərhal həkimə müraciət etməlidirlər. Bilirsiniz ki, virus heyvanların orqanizmində parazitlik edir. İnsanlar sitrus meyvələrinə ehtiyatla yanaşmağa başlayıblar. Ancaq bitkilər tərəfindən insana virusun yoluxması real görünmür. Bununla bağlı konkret nümunə ortada yoxdur".

ERMƏNİSTANDAN AZƏRBAYCANA QORXULU VİRUS DAŞIYICISI OLAN MAL-QARA GÖNDƏRİLİR

Azərbaycanın rayonlarında, əsasən heyvandarlıqla daha çox məşğul olan Bərdə, Beyləqan, Ağcabədi kimi rayonlarda ətin qiymətində iki manat ucuzlaşma müşahidə olunur. Əvvəllər 8 manata satılan dana əti indi 6 manata təklif olunur. Bir neçə ay öncəyə qədər 9-10 manata satışı həyata keçirilən qoyun ətinin isə pərakəndə satış qiyməti 7-8 manata enib. Maraqlıdır ki, bu ucuzlaşma paytaxt Bakıda müşahidə edilmir. Ətin qiyməti əvvəllər olduğu kimi qalır.

Bu vəziyyətin səbəbləri barədə İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov “Yeni Masavat”a maraqlı açıqlamalar verib. V.Məhərrəmov Gürcüstandan gətirilən xırda və iribuynuzlu heyvanların əksəriyyətinin əslində Ermənistan və ermənilərin işğalı altında olan Azərbaycan ərazilərində yetişdirilən heyvanlar olduğunun istisna edilmədiyini də vurğuladı:

“Gürcüstanın bu qədər potensialı yoxdur. Gürcüstan öz əhalisinin ətlə təminatını tam şəkildə ödəyə bilmir. Ermənistan isə diri heyvan ixracatanı həyata keçirir. İrana, Gürcüstana heyvan ixrac edirlər. Ermənistanın öz ərazisində, işğal etdiyi Azərbaycan ərazilərində yüz minlərlə baş heyvan saxlamaq üçün şərait var. Ermənilər bu imkandan yararlanırlar. Həmin ərazilərdə heyvan saxlanılır. Ermənistanın özündə əhali az olduğundan və alıcılıq qabiliyyəti aşağı olduğundan İrana və Gürcüstana çoxlu sayda iri və xırdabuynuzlu heyvanlar satırlar. Özü də çox ucuz qiymətə. Gürcüstandan bizim ölkəyə gətirilən heyvanların Ermənistandan gətirildiyinə dair məlumatlar var. Azərbaycanda mal-qara arasında əvvəllər müşahidə olunmayan təhlükəli xəstəliklərin məhz həmin heyvanlardan yoluxması da istisna deyil”.

XS
SM
MD
LG