Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:31

Azərbaycanda başdaşının qiyməti qalxdı


Qəbirstanlıq, Gəncə şəhəri
Qəbirstanlıq, Gəncə şəhəri

-
“MÜSAVAT DƏYİŞMƏSƏ, BU HAKİMİYYƏT DƏYİŞMƏYƏCƏK”

Müsavat Partiyasının son qurultayı və başqanlıq seçkiləri hələ də siyasi gündəmin əsas mövzularından biridir. Başqanlığa namizəd Qubad İbadoğlunun və onun tərəfdarlarının seçkilərlə bağlı iradları, eləcə də qarşı tərəfin buna cavabları ittiham səviyyəsində davam edir. Q.İbadoğlu “Yeni Müsavat”a müsahibəsində deyir ki, partiyadan çıxmaq niyyətində deyil.

“Bizim mübarizəmiz Müsavatın güclənməsi ilə bağlıdır. Güman edirik ki, qarşı tərəf hələ də emosiyaların təsiri altındadır, 6 oktyabr toplantısından sonra müəyyən bir isterika keçirir. Onlara müəyyən müddət lazım ola bilər. Bir müddətdən sonra görəcəklər ki, haqsızdılar, onda onların xahişi onlara müzakirələr üçün biz imkan yaradacağıq... 43 yaşım var, eyni zamanda hesab etmirəm ki, mən uduzmuşam, mən bu dönəmdə öz borcumu həm vətəndaş, həm də siyasətçi kimi yerinə yetirdim, qazanclarım və itkilərim oldu. Amma yenə də hesab edirəm ki, ədalətli seçki olsaydı mənim qazanclarım daha çox olardı və bundan cəmiyyət də bəhrələnərdi. İstənilən halda, mənim mübarizəm davam edir. Mübarizəm Müsavatın başqanı olmaq uğrunda yox, Müsavatın dəyişməsi, güclənməsi, yeniləşməsi uğrundadır. Çünki Müsavat Partiyasından xalqın böyük gözləntisi var. Müsavat dəyişməsə, bu hakimiyyət dəyişməyəcək. Azərbaycanda ilk növbədə dəyişikliklər Müsavatdan başlanılmalıdır".

AZƏRBAYCANDA BAŞDAŞININ QİYMƏTİ QALXDI

Bölgələrdə qəbir daşlarının qiyməti bahalaşıb. “Qafqazinfo” xəbər verir ki, Bərdə, Ağdam və Tərtər rayonlarında son 4 ayda qəbir daşı sexlərində qiymət artımı yaşanır və özəl qəbir sexlərində qiymətlər 20-25 faizə qədər bahalaşıb. Qəbir daşı satışı ilə məşğul olan sahibkarların sözlərinə görə, bahalaşmaya səbəb əsasən xarici ölkələrdən gətirilən qranit və mərmərin qiymətinin artmasıdır.

Qəbirstanlıq, Bakı şəhəri
Qəbirstanlıq, Bakı şəhəri

“Məzar daşlarının qiyməti ölçüsünə, dizaynına, rənginə, işlənməsinə görə dəyişir. Onların qiymətləri isə ayrı-ayrı sexlərdə bir-birindən cüzi ya da tamam fərqlənir. Müxtəlif daş sexlərində apardığımız araşdırmaya görə, ən ucuz olan sadə əhəngdaşından hazırlanan qəbir daşları üçün qiymət 300-400 manatdır. Həmin daşlar daş qırıntılarının üyüdülüb sementlə qarışdırılması və müəyyən qəliblərə salınması yolu ilə hazırlanır. Rayon kəndlərində belə qəbir daşlarına daha çox ehtiyac var”.

MƏŞHUR DİSSİDENT HEYDƏR ƏLİYEVİN SİRLƏRİNİ AÇIR

Sentyabrın 24-də günorta təxminən saat 12-13 radələrində dissident Nadir Ağayev Binəqədi rayonunda yaşadığı evin blokunda naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Nadir Ağayevə “beşbarmaqla” zərbələr endirib. Dissident “Azadlıq”a bildirib ki, döyülməsi ölkə başçısı İlham Əliyevə ünvanladığı müraciətlə bağlıdır. O geniş müraciəti broşür şəklində çap etdirib.

Nadir Ağayev İlham Əliyevə müraciətində mərhum dövlət başçısı Heydər Əliyevi ittiham edir. Dissidentin sözlərinə görə, onun işdən çıxarılaraq həbs olunması və başına gələn müsibətlərdə məhz Heydər Əliyev günahkardır.

650 MİN GİZLİ İŞ YERİ?

“Azadlıq” qəzeti prezident İlham Əliyevin Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında sözlərə diqqət çəkir. İlham Əliyev yenə iş yerlərinin artdığını deyib:

“Ötən 9 ayda Azərbaycanda 100 min yeni iş yeri açılıb. Bununla da son 10 ildə açılan yeni iş yerlərinin sayı 1 milyon 300 minə çatıb”.

Dəri emalı fabriki
Dəri emalı fabriki

Müəllif Statistika Komitəsinin rəqəmlərini müqayisə edir. Belə ki, 2003-cü ildən 2013-cü ilə qədər, 11 il ərzində işləyənlərin sayı 548600 nəfər çoxalıb. Builki artımı da (100 min) əlavə etsək, 648600 edir.

“Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılsa da, son 12 ildə işləyənlərin sayında artım 648600 olub, düz iki dəfə az. Bəs qalan iş yerlərində kim çalışır? Xaricdən gələnlərmi? 650 min xaricdən gələn işçi varmı ölkədə? Mümkün deyil axı. Bəlkə onları görmürük. Qalan 650 mindən artıq iş yerləri də doğrudan açılıb, amma orda işləyən yoxdur? Bəs bu necə olur?”

“MANATI UCUZLAŞDIRMAQ LAZIMDIR”

“Bizim Yol” dolların bahalaşması və neftin ucuzlaşmasından Azərbaycanın itirəcəklərini araşdırıb.

“Neft gəlirlərinin azalması fonunda Azərbaycan Mərkəzi Bankı manatın kursunu sabit saxlamaq üçün rezervlərini xərcləməli olacaq. Burada vəziyyətdən çıxış yolu ya manatın məzənnəsinin dollara nisbətən aşağı salınması, ya da dövlət rezervlərinin istifadəsidir. Bunun hansı daha sərfəlidir?

Azərbaycan manatı
Azərbaycan manatı

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Bizim Yol"a şərhində hər iki variantın təhlükəli tərəflərinin olduğunu bildirib:

"2009-cu ildə qlobal maliyyə böhranını nəzərə almasaq, ondan sonrakı dövrlərdə manatın bahalaşması problemi yaşanıb. Mərkəzi Bank öz valyuta ehtiyatlarını bazara yönəldib ki, manatın bahalaşmasının qarşısını alsın. Əsas məqsəd manatın kursunu saxlamaqdır. İl ərzində manatın dollara nisbətən bahalaşması 0,2-0,3 faiz civarında dəyişir".

“İŞİD-Ə QARŞI MÜHARİBƏDƏ AZƏRBAYCAN TÜRKİYƏYƏ DƏSTƏK VERƏCƏK”

“İŞİD Türkiyə ərazisində təhlükə yaradacaqsa, Azərbaycan strateji müttəfiq kimi Türkiyəni hərtərəfli şəkildə dəstəkləyəcək”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı təhlükəsizlik müqavilələri buna imkan verir.

“Lakin Türkiyə hələ ki İŞİD-ə qarşı müharibəyə başlamayıb. Baş nazirin koalisiya qüvvələri qarşısında şərti var.Türkiyə İŞİD-ə qarşı o zaman quru əməliyyatlarına başlayacaq ki, bu əməliyyatlar sonradan Suriyada davam edəcək. Hələlik nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa gəlməyiblər”, - deyə komitə üzvü vurğulayıb.

XS
SM
MD
LG