Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Məkkəni Las-Veqasa çevirən müsəlmanlar


-

Məkkənin dağıdılması

1960-cı illərdən fərqli olaraq bu gün Məkkə ziyarətyinə gedənlər İslamın ən müqəddəs şəhərində onun tarixini görə bilmirlər.

Bi fikri Pakistan əsilli, britaniyalı alim və yazar, Birləşmiş Krallığın 100 ən güclü intellektualının siyahısında yer alan Ziauddin Sardar “The New York Times” qəzetində dərc olunmuş məqaləsində yazır.

Məqalədə deyilir ki, indi Məkkənin dominant tikilisi Kəbənin yerləşdiyi Müqəddəs Məscid yox, onun başı üstündən asılmış 600 metrliik göydələn – Məkkə Kral Saatı Qülləsidir (Makkah Royal Clock Tower). Bu qüllə dəbdəbəli ticarət mərkəzləri və supervarlılara xidmət edən otel kompleksləri ilə birlikdə müasir Məkkənin memarlıq simasını təşkil edir.

Disneyland və Las Veqasın qarışığı

Ziauddin Sardar bunu “Disneyland və Las Veqasın qarışığı” adlandırır.

O yazır ki, Müqəddəs Şəhərin “keşikçiləri” – Səudiyyə Ərəbistanının hökmdarları tarixə dərindən nifrət edirlər və hər şeyin təzə görünməsini istəyirlər.

Müəllif qeyd edir ki, 1970-ci illərdə Məkkənin dağıdılmasına başlananda bunun şahidi olub.

O vaxtlar Məhəmməd peyğəmbərin zamanından qalma Bilal məsçidi də daxil saysız-hesabsız qədim binalar sökülüb. Ecazkar pəncərələri olan Osmanlı evlərinin yerini müasir binalar tutub.

Məqalədə deyilir ki, az-çox mədəni və tarixi əhəmiyyəti olan dini tikililər lap bu yaxınlarda buldozerlənib.

“Məkkə Kral Saatı Qülləsi mədəniyyət və tarixi əhəmiyyəti olan təxminən 400 abidənin xarabaları üstündə ucaldılıb” – yazır alim.

O qeyd edir ki, qüllə 1780-ci ildə tikilmiş və Məkkəni quldur və işğalçılardan qoruyan Əcyad Qalasını kölgədə qoyub, Məhəmmədin birinci arvadı Xədicənin evi ictimai ayaqyoluna çevrilib, “Məkkə Hilton” oteli isə birinci xəlifə Əbu Bəkrin evi üzərində ucalır.

Peyğəmbərin evini sökmək planları

Tarixçi alim yazır ki, Kəbədən başqa Müqəddəs Məscidin içində tarixin yalnız kiçik “qəlpəcikləri” qalıb. Bunlardan biri də 16-cı əsrdən bu yana Osmanlı sultanları tərəfindən ucaldılan və üzərində Məhəmməd peyğəmbərin yoldaşlarının adları həkk olunmuş mərmər sütunlardır.

“Yeni plana görə Müqəddəs Məscidin bütün interyeri ilə bərabər bu sütunlar da söküləcək və yerində ultramüasir, bublikşəkilli binalar tikiləcək” – deyilir məqalədə.

Məqalədə Məhəmməd peyğəmbərin yaşadığı evdən də söhbət gedir. Müəllif yazır ki, Səud zəmanəsinin çox hissəsini bu evdən mal bazarı kimi istifadə ediblər, sonradan bura ictimaiyyət üçün bağlı kitabxanaya çevrilib, lakin “radikal din xadimləri” bunu da çox görürlər və yəqin ki, buralar da sökülüb maşın parkına çevriləcək.

“Ruhani xadimlər qorxurlar ki, adamlar burda Allaha yox, peyğəmbərə sitayiş edə bilərlər, bu isə bağışlanmaz günah sayılır” – yazır müəllif.

Məkkə heç vaxt intellektual mərkəz olmayıb

Ziauddin Sardar daha sonra yazır: “Bağdad, Dəməşq və Qahirədən fərqli olaraq Məkkə heç vaxt İslamın intellektual və mədəni mərkəzi olmayıb. Lakin bu plüralist şəhər üçün tarixən müxtəlif müsəlman təriqət və məktəblərinin debatları yad deyilmiş. İndi isə o, monolit dini vahidə çevrilib və burada İslamın yalnız bir tarixi interpretasiyası – Səudiuyyə islamının Sələfi təriqəti icazəlidir və başqa təriqətlər saxta hesab olunur”.

Məqalədə deyilir ki, belə vəziyyət zəvvarlar üçün problem ayaradır. Məsələn ötən il Məkkəyə Miçiqandan gəlmiş şiə zəvvarlar ekstremistlərin bıçaq hücumuna məruz qalıblar. Avqust ayında isə Amerika müsəlmanlarının koalisiyası Dövlət Departamentindən ziyarətləri üçün mühafizə istəyib.

Həcc sözünün mənası

Müəllifin gəldiyi qənaətə görə, Məkkə tarixinin bu cür silinməsi “həcc” sözünün belə mənasını dəyişib.

“Cəhd” mənasını verən Həcc ziyarəti bir vaxtlar doğrudan da səfər etmək, müqəddəs ocaqları bir-bir dolaşmaq və müxtəlif mədəniyyət və təriqətdən olan dindaşlarla ünsiyyət qurmaq cəhdi idi, indi isə bu ziyarət müxtəlif dini mərasimlərin icrası və dükan-bazar alış-verişi deməkdir.

“İndi İslamın ruhi ürəyi olan Məkkə ultramüasir, monolit anklavdır. Burada tarixin mənası yoxdur, istehlakçılıq isə həddini aşır. Ona görə də təəccüblü deyildir ki, hərfilik və bu hərfiliklə bağlı İslamın qatil interpretasiyası müsəlman torpaqlarında bu qədər hegemon olub” – yazır Ziauddin Sardar.

XS
SM
MD
LG