Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Yataqobada qaz istəyənləri oduna görə cəriməylə hədələyirlər...


Xaçmaz rayonu, Yataqoba kəndi
Xaçmaz rayonu, Yataqoba kəndi

-

Yataqoba Xaçmazın inzibati ərazi vahidliyində bir kənddir. Qusarçayın kənarında yerləşən bu kənddə azı 120 ailə yaşayır. Kəndin əhalisi 17-ci əsrdə Qubanın Qrız kəndindən köçüb gələnlərdən formalaşıb. Sayca üstünlük azərbaycanlı ailələrdə olsa da, kənddə ləzgilər və tatlar da yaşayır. Sakinlər deyirlər ki, kənddə hələ də 3-4 əsr əvvəlin problemləri qalmaqdadır - qaz yox, su yox, işıq yox, yol yox...

Kənddə hansı qapını döysən eyni gileyləri eşidərsən. İbadulla Quliyev deyir ki, hələ də 2 il əvvəl kəsdiyi ağacların cəriməsini ödəməkdədir:

“GEDİB DƏRƏDƏN İKİ AĞAC KƏSMİŞƏM, TUTUB 2200 MANAT CƏRİMƏ YAZIBLAR”

“Qazım yox, odunum yox... Gedib dərədən iki ağac kəsmişəm, tutub 2200 manat cərimə yazıblar ... Əzab-əziyyətin içərisindəyəm... Ondan-bundan dilənib pul yığıb aparıb 5-3 manat ödəyirəm ki, cəriməm azalsın”.

İndi havalar soyuduqca İbadulla kişi bilmir maye qaz olmayan kənddə hansı alternativ yanacaqdan üsuldan etsin ki, yaza qədər donmasınlar:

“İSTƏYİRİK Kİ, YOLUMUZ DÜZƏLSİN, KƏNDİMİZƏ QAZ VERSİNLƏR, QIŞDA ƏZAB-ƏZİYYƏT ÇƏKMƏYƏK"

Bəhruz Həsənovun deyir ki, qohumları rayondan kəndə çətinliklə gələ bilir.

Bəhruz Həsənov
Bəhruz Həsənov

“Kəndimiz qazsızdır, yolsuzdur. Camaatdır də, əzab-əziyyətlə yaşayırıq. Çörəyi dişimizlə-dırnağımızla qazanırıq. İstəyirik ki, yolumuz düzəlsin, kəndimizə qaz versinlər, qışda əzab-əziyyət çəkməyək.

- Rayon mərkəzinə nəqliyyat necə işləyir?

- Çox çətindir. Avtobus bir gün var, 3 gün yoxdur. Taksilərin ümidinə qalırıq”.

“GECƏ BİRİNİ AĞRI TUTDU, TƏCİLİ YARDIM GƏLMİR”

Başqa kənd sakini:

“Gecə birini ağrı tutdu, təcili yardım gəlmir. Yalvar-yaxarla kimdənsə xahiş edirik, xəstəmizi xəstəxanaya çatdırsın deyə...”

“Bizi hədələyirlər ki, qaza görə səsinizi çıxarsanız, oduna da həsrət qalacaqsız”.

Kənd sakini İmaməddin Səfərovun isə deməsindən belə çıxır ki, indi bütün kənd cərmə təhlükəsiylə üz-üzə qalıb:

“KÖMÜRÜ CAMAAT UZUNQULAQLA ÇAYLARDAN GƏTİRİR”

“Yol yox, su yox qaz yox. Pis vəziyyətdə yaşayırıq. Odun, kömür istifadə edirik. Müraciət edirik, tələb edirik, bizi cəriməylə hədələyirlər. Odunun maşını 300 manatadır. Camaat dolana bilmir, ora-bura qaz ötürürük, 300 manata odun alırıq. Gəlib həyətdə odun tutsalar, 200 manat cərimədir. Kömürü camaat uzunqulaqla çaylardan gətirir. Kömürə görə də cəriməylə hədələyirlər. Bir sözlə, bizi hədələyirlər ki, qaza görə səsinizi çıxarsanız, oduna görə cərimələnəcəksiz”.

“BİR DƏFƏ YOLA ÇIXMAQLA MAŞINIMIZ PİS GÜNƏ QALIR”

İkram Aydınov:

“Taxılları biçməyə kombayn yoxdur. İkinci böyük problem yollarımızdır. Bir dəfə yola çıxmaqla maşınımız pis günə qalır. Qaz çəkilməyib. Bu dəqiqə bu boyda kənd qazsız və yolsuzdur”.

Şərəfxanım Sultanova
Şərəfxanım Sultanova

Vaxtilə kolxozda can qoyduğunu deyən Şərəfxanım Sultanova isə cüzi təqaüdlə razılaşmır:

“5 il hektarçı olmuşam. Mənim dövlətə, zavoda verdiyim pomidoru heç kəs verməyib. Bir gündə “Kamaz”a 70-75 yeşik pomidor yükləyib aparırdılar. İndi eşidirəm ki, pensiyaları da azaldırlar. Görünür çox verirlərmiş, ona görə azaldırlar”.

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev isə son illərdə kəndlərə diqqətin artırıldığını bildirib. O, AzadlıqRadiosuna deyib ki, təkcə keçən il prezidentin sərəncamı ilə 20 kəndi əhatə edən 21 kilometr uzunluğunda asfalt çəkilib. Sentyabrın 15-də isə kəndlərdə altı məktəbin açılışı olub və başqa məktəblərin də tikintisinə başlanılıb. Başçı yaxın vaxtlarda kəndlərdəki kanalizasiya-su xətlərinin yenilənəcəyini, qaz xətlərinin çəkiləcəyini deyib. Ancaq bu xoş məramın Yataqoba kəndinə nə vaxt çatacağını dəqiq bilən yoxdur.

XS
SM
MD
LG