Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Avropa Birliyi QHT-lərə 3 milyon avro ayırıb


Štefan Füle
Štefan Füle

-

Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Štefan Füle sentyabrın 8-də Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ilə görüşüb. AB-nin yaydığı məlumatda deyilir ki, görüşdə məqsəd AB-nin vətəndaş cəmiyyətinə ölkə hakimiyyətinə tərəfdaş kimi verdiyi dəyəri vurğulamaq olub. Görüşdə vətəndaş cəmiyyətinin fəaliyyəti, son vaxtlar tanınmış insan haqları fəallarına təzyiqlər müzakirə olunub.

Štefan Füle Azərbaycanda vətəndaş cəmiyyətinin demokratik islahatların irəli aparılması, islahat prosesinin dəstəklənməsi və hökumətdən hesab sorulmasında vacib rol oynadığını vurğulayıb:

«BİZ DURUMU YAXINDAN İZLƏYİRİK»

«Siz demokratiyanın və hüququn aliliyinin irəlilədilməsi, fundamental azadlıqların müdafiəsində mühüm rol oynayırsınız. AB, sizin məhdudiyyətlərə baxmayaraq göstərdiyiniz əzmkarlığı yüksək dəyərləndirir. Biz durumu yaxından izləyirik və dəfələrlə QHT qanunvericiliyinə dəyişikliklər, həbslər, vətəndaş cəmiyyətinin tanınmış üzvlərinə həbs cəzalarından narahatlığımızı bildirmişik. İctimai müzakirə və fərqli fikirlər sabit demokratiyanın tərkib hissəsidir və onlara hədə kimi baxılmamalıdır», Füle deyib.

«Məhz buna görə də biz Azərbaycanın vətəndaş cəmiyyətini dəstəkləmişik və dəstəkləyəcəyik. Bu məqsədlə Avropa Birliyi Azərbaycan vətəndaş cəmiyyətinə, demokratiya və insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə 3 milyon avro ayırıb».

Qapalı keçirilən görüşdə Füle və vətəndaş cəmiyyəti nümayəndələri mövcud durumu müzakirə edib.

Bu yerdə dərhal sual olunur: Avropa Birliyinin ayırdığı 3 milyon avro indiki durumda, yəni bir sıra QHT-lərlə bağlı hüququ-mühafizə orqanlarının araşdırma apardığı, hesablarının dondurulduğu vaxtda necə bölünəcək? Seçim necə aparılacaq?

QUBAD İBADOĞLU: «BELƏ OLAN HALDA HANSI MƏBLƏĞDƏ DƏSTƏYİN VERİLMƏSİNİN NƏ ƏHƏMİYYƏTİ VAR?»

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bu fikirdədir ki, bu qrantdan istifadə imkanları məhduddur. Hərçənd, bu haqda görüşdə geniş müzakirə aparılmadığını da söyləyir:

«Bu barədə orda sadəcə məlumat xarakterli informasiya verilib, bu məsələlər orda müzakirə olunmayıb. Eyni zamanda, onun necə paylanması, necə istifadə olunmasında vətəndaş cəmiyyətinin heç bir rolu və iştirakı yoxdur. Onu Avropa İttifaqı öz qayda və prosedurlarına uyğun həyata keçirəcək. İndiki halda Avropa İttifaqının son müsabiqəsinin qalibləri öz qrant vəsaitlərini götürüb fəaliyyətə başlaya bilmirlər. Çünki qrantların qeydiyyatı dayandırılıb, bank hesabları həbsdədir. Belə olan halda hansı məbləğdə dəstəyin verilməsinin nə əhəmiyyəti var?..».

ARZU ABDULLAYEVA: «AB DƏ BUNA İNANIR»

Bununla belə, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Avropa Birliyinin komissarı Štefan Füle ilə görüşü yüksək qiymətləndirir. O, Füle-nin başqa AB rəsmilərindən seçildiyini də vurğulayır.

«Mən bilirəm ki, hökumətlə artıq danışıqlar aparıblar, vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı prezidentlə də görüşməlidirlər. İndi bunun təsiri olacaq-olmayacaq, Azərbaycan gerçəkliyini nəzərə alaraq proqnoz vermək çox çətindir. Ancaq ümid var».

Arzu Abdullayeva
Arzu Abdullayeva

O ki qaldı qeyri-hökumət təşkilatlarına ayrılacaq 3 milyon avroya, Arzu Abdullayeva deyir ki, Avropa Birliyi həm də bu vəsaitin hansı şəkildə bölünməsi üzərində düşünür:

«Ancaq hələlik heç nə bilinmir. Həqiqətən də bununla bağlı çətinlik var. Birgə düşünülməlidir. Əlbəttə bu vəziyyətdə QHT-lərin günahı yoxdur, onlara irəli sürülən ittihamlar absurddur. AB də buna inanır və işini dayandırmır. Mən bildiyim qədər vətəndaş cəmiyyəti ilə iqtidar arasında dialoqa patronajlıq da edəcəklər».

Sentyabrın 9-da Štefan Füle Bakıda jurnalistlərə deyib ki, son illər Azərbaycanda vətəndaş cəmiyyətinin sırası seyrəlir. O, bunu Avropa Şurasının baş katibi və Azərbaycan prezidenti ilə müzakirələr etdiyini söyləyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov komissarın söylədiklərinə cavab olaraq deyib ki, Azərbaycan QHT-lərlə bağlı şəffaflığa nail olmaq istəyir:

«Azərbaycan demokratik və açıq cəmiyyət yaradır. Ona görə də biz Avropa dövlətləri ilə eyni standartları tətbiq edirik. İnsan haqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar Azərbaycanı bu sahədə tənqid edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil».

XS
SM
MD
LG