Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:58

Günel Mövlud. «Günah keçisi»


Günel Mövlud
Günel Mövlud

-

Qarşısındakı zəhmətkeş insana hörmət etməyi bacarmayan kişi qadına da hörmət edə bilməz. Heç kimə hörmət edə bilməz.

Çünki belə adamlar hörmətin, ehtiramın, mədəni davranışın nə olduğunu ümumiyyətlə bilmirlər.

Günel Mövlud

«GÜNAH KEÇİSİ»

Ofisiantları təhqir edənlər barədə ikicə kəlmə

Başqa ölkələri bilmirəm, bizdə dəqiq belə bir kateqoriya var. Ofisiantı təhqir edənlər. Bu kateqoriyanın böyük əksəriyyətini kişilər təşkil edir.

Əlbəttə, naz-qəmzəsini, hikkəsini, lazımsız, yersiz və əsassız şıltaqlığını ofisiantın başında çatladan əsəbi qadınlar da az deyil, amma onların misallarını parlaq hesab etmək olmaz.

Həm də kifayət qədər qadın tanıyıram ki, restoranda masaya qulluq edən ofisianta kömək eləməyə çalışır: yeməkləri düzməyinə, nəyisə masadan qaldırmağına kömək edir, boş yer qalmayanda yenicə gəlmiş yemək üçün yer açır və s.

Amma ofisiantı təhqir edən kişilər…

Sovet ədəbiyyatının «yeməkpaylayan» adı qoyduğu, amma dilimizdə ən uyğun və ən işlək adını tapa bilməyən bu xidmət adamını təhqir etmək elə bil bizim kişilərin bir növ borcu, öhdəliyidir.

Rəisdən, müdirdən, valideyndən, arvaddan, məşuqədən – kimdən nə yığdığı, nə çəkdiyi, nə qəzəbləndiyi varsa, bunların hamısı bu yazıq ofisiantın başında çatlamalıdır. Rəis danladısa, acığını ofisiantdan çıxırlar.

Müdir narazıdısa, günahkar ofisiantdır. Valideyn evə çağırırsa, zəhərini ofisianta tökməlisən. Arvad deyindi, məşuqə gülərüzlə qəbul eləmədi – günahkar yenə də ofisiantdır…

Ofisiantları təhqir edənlər təkcə varlı, vəzifəli adamlar və onların uşaqları deyil. Baxırsan, yetimin, kasıbın biridi, ayda-ildə əlinə artıq 5-10 manat düşüb restorana getməyə, amma o nadir hallarda belə, qardaş bütün kasıblığının, yetimliyinin, məhrumiyyətlərin acığını ofisiantdan çıxmağı özünə borc bilir. Başqa vaxt hər şeyi görüb, görməzdən gələn, danlaq, təhqir, kinayəni asanlıqla götürən, öz evində, öz doğma arvadı tərəfindən adam yerinə qoyulmayan, arvadın qorxusundan ən keyfiyyətsiz yeməyi marçamarçla yeyən adamlar ofisiantın süfrədə, davranışda ən xırda qüsurunu bağışlamırlar. Hər xırda şeyə görə onu danlamağı, acılamağı, alçaltmağı özlərinə borc bilirlər. Bəziləri lap dərinə gedib, ofisianta ofisiantlıq öyrədirlər: «bunu belə doğramazlar», «ən yaxşı ofisiant gələndə nəsə gətirən, gedəndə nəsə aparandı», «bunu iki saat əvvəl demişəm, indi gətirirsən», «filan şeyi filan təhər eləyərlər»…

Bəziləri ofisiantı təhqir etməklə yanındakı qadına özünü göstərir. Özünün necə vurub-yıxan, ciddi, əsəbi, kədərli oğlan, kişi olduğunu başqa heç bir situasıyada, heç kimin yanında sübut etmə imkanı olmayanlar bu iş üçün ofisiantı seçirlər. Yanlarındakı qadının gözü qarşısında ofisiantı təhqir etməklə guya özlərini dəhşətli dərəcədə sözü keçən, ciddi adam kimi göstərməyə çalışırlar. Bizim qadınların böyük əksəriyyəti kişilərə mənəvi keyfiyyətlərinə, insani xüsusiyyətlərinə görə deyil, belə axmaq-axmaq şeylərə görə dəyər verdikləri, qiymətləndirdikləri üçün, ofisiantı təhqir edənlər çox vaxt istədiklərinə nail olur, yanlarındakı qadının gözündə öz çəkilərini artırmış olurlar.

Halbuki özünə hörmət edən, mənəviyyatdan, insanlıqdan bir azca xəbəri olan qadın vəziyyətdən istifadə edib, ona xidmət etməyə məcbur olan adamı təhqir edən, özü də qadının gözü qarşısında təhqir edən kişinin heç üzünə də baxmaz.

Çünki qarşısındakı zəhmətkeş insana hörmət etməyi bacarmayan kişi qadına da hörmət edə bilməz. Heç kimə hörmət edə bilməz. Çünki belə adamlar hörmətin, ehtiramın, mədəni davranışın nə olduğunu ümumiyyətlə bilmirlər. Buna görə də, hər kəslə olduğu kimi, xidmət sektorunda çalışanlarla da etik davranmağın nə olduğunu bilmirlər.

Ofisiant qadındırsa, hələ bir az da gənc, gözəldirsə, onda ofisiantı təhqir etmənin məqsədləri dəyişir. Bu ölkədə kişilərə başa salmaq mümkün deyilki, əgər qadın kafedə, restoranda ofisiantdırsa, deməli, o, ofisiantdır. Sadəcə ofisiantdır. Məhz ofisiantdır. Fahişə deyil, küçə qadını deyil, bədənini satmır. Bu tip əclaflara başa salmaq olmur ki, bir qadın, bir qız restoranda məcməyidə sənə yemək gətirirsə, sənə qulluq edirsə, bu o demək deyil ki, sən onunla istədiyin kimi rəftar edə bilərsən. O demək deyil ki, ona mütləq yatmaq təklif etməlisən. Razılaşmayanda, üstünə qışqırmalısan. Müdiri çağırıb, şikayət etməlisən. İşdən qovdurmağa çalışmalısan. Bunları başa salmaq olmur.

Yazının sonunda, insanlarımızın ofisiantlara münasibətini bir azca yumşaldacağına xidmət edə biləcək, olmuş bir hadisəni yazım:

Bir dəfə yaşlı şairlərimizdən biri AqşinYeniseylə Elnur Astanbəylini restorana dəvət edir. Gənclər deyirlər ki, pulumuz yoxdur. Yaşlı şair hesabı ödəyəcəyinə söz verir. Oturub, yeyib-içirlər. İçkiləri bir az artıq olur, ya nəsə, axır ki, aralarında bərk mübahisə düşür. Gənc şairlər yaşlı şairi bərk tənqid edirlər. Tənqidi həzm edə bilməyən yaşlı şair qalxıb, hesabı ödəmədən məclisi tərk edir.

Dostlarımız qalırlar bir-birinin üzünə baxa-baxa. Hesabı ödəmək üçün müxtəlif variantlar axtarırlar. İkisinin cibində cəmi 3 manat pul olur. Vəziyyətdənçıxmaq üçün, vaxtı uzatmaq qərarına gəlirlər. Buna görə də, çay sifariş verirlər. Çay içdikləri ərəfədə xeyli adama zəng edib, kömək istəyirlər. Zəng etdikləri adamlardan biri başqa yerdə olduğunu, biri pulunun olmadığını, biri xəstə yanında olduğunu deyir. Bir sözlə, heç kim restorana gəlib, hesabı ödəməyi boynuna götürmür.

Gənc şairlər uzun-uzadı götür-qoy edir, məsləhətləşir, çıxış yolu axtarırlar. Bu ərəfədə onlara xidmət edən ofisiant şairlərin vəziyyətindən nəsə anlayır. Şairlər qərara gəlirlər ki, hesab gəlsin, nə qədər borclu olduqlarını biləndən sonra ofisiantdan pulu ödəmək üçün bir-iki gün möhlət istəsinlər. Ofisiant hesabı gətirir və şairlər kağıza baxıb, şoka düşürlər. Yedikləri bütün kababların, salatların, qəlyanaltıların, içdikləri araqların, şirələrin, çayın hamısı üçün kağızda 3 manat hesabolur. Şairlər bir də duruxanda, ofisiant yaxınlaşıb deyir:

- Qardaş, üzürlü sayın, mən deyəsən, hesabı səhv gətirmişəm.

Və kağızı alıb, 3 manatlıq hesabı pozaraq, yazır: «1 manat»

Şair dostlarımız 1 manatıödəyirlər. Sonra Elnur Aqşinə deyir:

- Bu ofisiant oğlan bizi burda qoyub gedən şairdən istedadsız ola bilər, amma ondan min dəfə kişi adamdır!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG