Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:31

Obama Rusiyanın atəşkəsinə inanmır


NATO Ukraynadakına bənzər təcavüzlərə qarşı yeni 4000 əsgəri qüvvəlik birləşmə yaratdığını elan edib.

-

NATO Uelsin Nyuport şəhərində keçirilən sammitində Ukraynadakına bənzər təcavüzlərə qarşı yeni 4000 əsgəri qüvvəlik birləşmə yaratdığını elan edib.

NATO-nun çevik reaksiya qüvvələrinin əsasında yaradılan “avanqard” qoşun birləşməsinin 1000 əsgəri Britaniya hərbçilərindən ibarət olacaq.

Bu qoşunlar Şərqi Avropanın hər hansı bir yerində böhran yaranacağı təqdirdə maksimum 2-5 gün arasında döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Hazırda mövcud olan və bundan sonra da olacaq çevik reaksiya qüvvəsinin hazırlıq vəziyyətinə gətirilməsi üçün adətən daha uzun müddət lazım gəlir.

Prezident Barack Obama Uels sammitində bəyan edib ki, NATO-nun belə bir yeni birləşmə yaratması Rusiyaya, gələcəkdə indi Ukraynadakına bənzər təcavüzlərdən çəkinməsi üçün xəbərdarlıqdır.

Obama ümid etsə də, inanmır

Barack Obama müxbirlərə deyib ki, Ukrayna və Rusiya tərəfindən dəstəklənən separatçılar arasında cümə günü əldə olunmuş atəşkəs razılaşmasına ümidlər bəsləyir, lakin keçmiş təcrübəyə əsaslanaraq separatçıların bu razılaşmaya əməl edəcəklərinə və Rusiyanın Ukraynanın suverenliyini pozmağa yönəlmiş zorakılığının dayanacağına inanmır”.

“Bizim alyansımız Ukraynanın suverenlyini, müstəqiliyini, ərazi bütövlüyünü və özünümüdafiə hüququnu tam dəstəkləyir” – deyib Obama.

Barack Obama NATO-nun yeni çevik reaksiya qüvvəsinin Rusiyanın hər hansı gələcək təcavüzdən çəkinməsi üçün yaradıldığını bir daha təsdiq edib.

Yeni birləşməyə Britaniya başçılıq edəcək

Britaniyanın baş naziri David Cameron bəyan edib ki, yeni “avanqard” birləşməsinə Britaniyanın yüksək rütbəli zabitləri rəhbərlik edəcəklər.

Bundan əlavə Britaniya NATO-nun Şərqi Avropada növbəti 16 ay müddətində keçiriləcək hərbi manevrlərində iştirak üçün 3500 əsgər hazırlayacaq.

Cənab Cameron həmçinin bəyan edib ki, Kral Dəniz Donanmasının ikinci yeni təyyarədaşıyan gəmisi “Prince of Wales” xidmət üçün istifadəyə veriləcək.

Rusiya qayda kitabını cırır

NATO sammitində çıxış edən Britaniya baş naziri David Cameron deyib ki, “dünya yeni və yaranmaqda olan təhlükələrlə üzləşib”.

“Şərqdə Rusiya Krımı ilhaq etməklə və suveren Ukrayna torpağına qoşun çıxarmaqla qaydalar kitabını cırır. Cənubda isə Şimali Afrikadan Yaxın Şərqə doğru sabitsizlik qurşağı yaranıb” – deyib Cameron.

NATO-nun yeni döyüş vahidi üçün qərargah Polşada yerləşək və birləşmənin özü ilin sonunadək döyüşə hazır vəziyyətə gətiriləcək.

“Avanqard” dəstə üçün lazımi silah və sursat, habelə hərbi texniki vasitələr artıq indidən Şərqi Avropadakı bazalarda yerləşdiriləcək.

Atəşkəs Rusiyanı yeni sanksiyalardan xilas etməyəcək

ABŞ prezidenti Barack Obama bəyan edib ki, Vaşinqton və Avropa İttifaqı tərəfindən Rusiya üzərinə qoyulmuş sanksiyalar yalnız o halda dayandırılacaq ki, Minskdə əldə olunmuş atəşkəs razılaşması pozulmasın.

“Bu gün Birləşmiş Ştatlar və Avropa, sanksiyalarımızn Rusiyanın maliyyə, energetika və müdafiə sahələrinə daha dərin və daha geniş tətbiq olunmasına dair qərarı yekunlaşdırblar” – deyib Barack Obama.

Diplomatik mənbələrdən alınan xəbərlərdə deyilir ki, yeni sanksiyalara Vladimir Putinə yaxın fərdlərin xarici səfərlərinə qadağanı və onların mülkiyyətinin dondurulmasını nəzərdə tutur.

Rusiyanın Qərbə daha çox ehtiyacı var, nəinki Qərbin Rusiyaya

Britaniyanın baş naziri David Cameron deyib ki, mövcud sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərir.

“Hər halda Rusiyanın Avropa İttifaqına və Birləşmiş Ştatlara daha çox ehtiyacı var, nəinki Avropa İttifaqının və Birləşmiş Ştatların Rusiyaya” – deyib David Cameron.

Baş nazir deyib ki, Ukrayna və separatçılar arasında atəşkəs pozularsa, Qərb Rusiya üzərinə daha sərt sanksiyaların qoyulmasında qətiyyətlidir.

Cənab Cameron xatırladıb ki, Rusiya üzərinə sanksiyalar Ukraynanın suverenlyinin qorunması üçün qoyulur.

İŞİD-ə qarşı NATO koalisiyası

Amerikanın dövlət katibi John Kerry bəyan edib ki, NATO sammitində İslam Dövlətinə qarşı mübarizə koalisiyanın yaradılması üçün on ölkənin iştirakilə ilkin razılıq əldə edilib.

John Kerry ABŞ-ın müdafiə naziri Chuck Hagelin iştirakı ilə Britaniya, Fransa, Avstraliya, Almaniya, Kanada, Türkiyə, İtaliya, Polşa və Danimarkanın nümayəndələrinin görüşünü keçirib.

John Kerry bildirib ki, görüşdə iştirak edən ölkələrin xarici işlər nazirləri İŞİD təhlükəsi qarşısında gözləmək üçün vaxt qalmaması fikri ilə razılaşıblar.

ABŞ dövlət katibi bildirib ki, Amerika ən müasir hərbi texnologiyalara malikdir və ona lazım olan müttəfiqlərin qətiyyəti və birliyidir.

O deyib ki, BMT Təhlükəsizlik Şurasının iki həftədən sonra keçiriləcək iclasına qədər NATO-ya daxil ölkələrin İŞİD-ə qarşı koalisiyanı elan etmələri mühümdür.

XS
SM
MD
LG