Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:47

Rusiyaya sanksiyalar Şəmkir meyvə-tərəvəzçilərinin işinə yarayıb...


Arxiv foto
Arxiv foto

-

Rusiyaya tətbiq edilən sanksiyalar deyəsən Şəmkir rayonunda meyvə-tərəvəz yetişdirən fermerlərin işinə yarayıb. Çünki demələrinə görə, indi Rusiya bazarlarına daha çox və daha əlverişli qiymətlərlə məhsul göndərə bilirlər. Ancaq bunu taxıl, kartof, soğan becərənlər haqqında demək mümkün deyil.

Rəsmi rəqəmlərə görə, Şəmkir rayonunun iqtisadiyyatının 68 faizini kənd təsərrüfatından əldə edilən gəlir təşkil edir. İstər açıq əkin sahələrində, istər də istixanalarda becərilən məhsullar da əsasən Moskva bazarlarında satılır.

Hər il olduğu kimi bu il də əkin sahələrində canlanma var. Ancaq əkdiyi mövsümi məhsulu yığanlar və hələ ki, toxum səpib, torpaqdan alaq təmizləyənlər də bu il daha çox gəlir götürəcəklərinə ümidlənir.

Seyfəli kənd bazarında topdan satışla məşğul olan həmin kəndin sakini Anar Ələkpərov deyir ki, bu il Rusiya bazarlarına ötən ilkindən 2 dəfə çox alma satıb:

«SƏRHƏD AÇILANDAN MEYVƏLƏRİN HAMISI MOSKVAYA APARILIR»

Arxiv foto
Arxiv foto

«Bizdən əsas şaftalı vurulur, alma bağlarımız var, burdan Rusiya bazarına satırıq. Son vaxtlar ötən illərə nisbətən xeyli irəliləyiş var. İndi bağların hamısından meyvə aparılır. Bu mövsüm demək olar ki, 25 -30 ton alma vurduq. Ötən ilin iyun aylarında zəif oldu. Sərhəd açılandan meyvələrin hamısı Moskvaya aparılır».

Böyük hektarlarla faraş məhsul yetişdirən istixanalarda isə hazırda torpağın təmizlənməsi, şitillərin yenilənməsi və toxum səpilməsi mərhələsidir.

16 sot torpaq sahəsində xiyar becərən sahibkar Samir Cəfərov deyir ki, bu il məhsula tələbat çox olsa qiymət artımı barədə də düşünə bilərlər:

«Sərhəd açıq olsa kəndli üçün asan olar. Becərdiyini də rahat aparıb satar. Gömrük açıq olsa yəqin qiymətlərdə də fərq olacaq».

«BİZ ƏKİB BECƏRİRİK, BUNLAR DA ANCAQ RUSİYA BAZARLARINA GEDİR»

Təranə Bəşirov
:

«16 sotu əkib becərirəm. Biz əkib becəririk, bunlar da ancaq Rusiya bazarlarına gedir. Görək məhsul çıxsın. Məhsul yəqin çox olacaq».

Moskva bazarlarını bəzəyən əsas tərəvəzlər 15-20 gündən sonra yetişəcək. Qış fəslində isə şişburun xurma meyvələrinin yığımına start veriləcək. Hazırkı mövsümdə isə kəndli əsasən açıq sahələrdə taxıl, soğan və kartof yığımı ilə məşğuldur. Söhbətləşdiyim kəndlilər taxılı yığıb hökumətə təhvil verdiklərini deyirlər. O ki qaldı soğan və kartofa, bu əkinlə məşğul olanların gileyi ümidlərindən daha çoxdur.

Muxtariyyə kənd sakini Aqil Abbasov deyir ki, o da digər kəndlilər kimi, başqa ölkələrə məhsul satmaq istəyər. Ancaq bunun üçün əvvəl yaxşı pul qazanmaq lazımdır. Lakin əkdikləri məhsulu satmağa icazə vermirlər:

«MƏN AXŞAMA ÇÖRƏK PULU QAZANA BİLMİRƏM»

«Əkib-becərdiyimizin xərci-borcu çıxırmı ki, mən Rusiya bazarlarına aparım. Mən axşama çörək pulu qazana bilmirəm, necə Rusiyaya aparım?. Əziyyət çəkirik, ailə-uşaqla çölün düzündə əkib becəririk, satmağa qoymurlar. Yolun qırağında ucuz sata bilərik. Bazarda 10 manata satdığımı 7 manata verərəm. Elə imkanımız yoxdur ki, Rusiyaya filan mal aparaq».

«UZAQ YERLƏRDƏN KARTOF-SOĞAN GƏLİR, AMMA...»

Yetər Həsənova:

«1 hektar yerdən 3 maşın soğan çıxır. Az qalırıq əkməyək. Uzaq yerlərdən kartof-soğan gəlir, amma biz malımızı sata bilmirik».

Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Mail Mısimov deyir ki, bu il nə qədər yetişdirilən məhsullar varsa hamısının satılacağı gözlənilir. Əlavə edir ki, son 2 ildə Rusiya bazarlarına məhsulların aparılmasında maneə olsa da hazırda bu problem aradan qaldırılıb.

STATİSTİK RƏQƏMLƏR...

Məlumata görə, 2013-cü ildə rayonda 6397 hektar sahədən 108 min 350 ton kartof götürülüb. Bundan başqa 121 min 996 ton tərəvəz, 5673 ton bostan məhsulları, 878 ton günəbaxan, 60 min 203 ton isə meyvə istehsal olunub. 1515 hektardan çox sahədə istilikxanalar tikilib və həmin sahədə tərəvəz məhsulları yetişdirilir.

XS
SM
MD
LG