Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:45

Britaniya deputatı girovluqda olan azərbaycanlılarla bağlı müraciət etdi


«Heç bir mülki şəxs öz evlərini ziyarət etmək istəyində olduğu üçün saxlanılmamalı, və yaxud öldürülməməlidir».

«Trend»in yazdığına görə, Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Christopher Pincher-in Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, David Lidington-a Kəlbəcərdə Ermənistan hərbçilərinin girov götürdüyü Dilqəm Əsgərov, Şahbaz Quliyev və öldürülən Həsən Həsənovla bağlı müraciətində belə deyilir.

«Bu iki şəxs nə Ermənistan, nə də BMT tərəfindən tanınmayan, lakin ermənilər tərəfindən «sərhəd» kimi iddia edilən Dağlıq Qarabağ ərazisinə ailələrinin məzarını ziyarət etmək məqsədilə daxil olublar. Lakin, onlar hüquqi müdafiə ilə təmin edilmədən saxlanılıb, daha sonra erməni telekanallarında «təxribatçı» kimi təqdim ediliblər. Onlara bir mülki şəxsin və bir hərbiçinin ölümündə ittiham irəli sürülüb. Ailə üzvlərinin məzarını ziyarət etmək üçün Dağlıq Qarabağa daxil olmuş digər azərbaycanlı, Həsən Həsənovun Şaplar kəndindəki əməliyyat zamanı öldürüldüyü Ermənistan qüvvələri tərəfindən bəyan edilib. Əminəm, Siz də razılaşarsınız ki, heç bir mülki şəxs öz evlərini ziyarət etmək istəyində olduğu üçün bu şəkildə rəftar görməməlidir. Yəni saxlanılmamalı, və yaxud öldürülməməlidir».

Məlumata görə, məktubda girov götürülən şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən yardımın və konsulluq xidmətinin göstərilməsinin zəruriliyi vurğulanır:

«Başa düşürəm ki, hazırda regionda həllini gözləyən daha böyük problemlər var. Lakin mən ümidvaram ki, Siz Böyük Britaniyaya dost ölkə olan və bu yaxınlarda münaqişənin yenidən alovlandığı Azərbaycan üçün bu məsələnin həllinin və üç şəxsin doğma evlərinə qaytarılmasının nə qədər mühüm olduğunu anlayışla qarşılayacaqsınız. Öldürüldüyü bildirilən cənab Həsənovun məsələsi ilə bağlı ümid edirəm ki, Siz Dağlıq Qarabağda əsas söz sahibi olan Ermənistan hakimiyyətini onun ölüm faktını təsdiq etməyə, nəşinin ailəsinə qaytarılması və ölüm səbəbini araşdırmaq üçün bütün zəruri addımların atılmasına çağırasınız. Sizin cavabınızı gözləyir və ümid edirəm ki, Böyük Britaniya hökuməti məsələnin tezliklə həllinə səy göstərəcəkdir».

İyulun 11-də Ermənistan hərbçiləri işğal altında olan Kəlbəcər rayonu ərazisində 3 azərbaycanlını girov götürülüb. Ermənistan rəsmiləri həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bəyan ediblər. Amma Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təkzib edib və orduda belə şəxslərin xidmət etmədiyini bildirib. Azərbaycan tərəfi həmin şəxslərin Ermənistan silahlı qüvvələrinin işğalı altında olan öz doğma yurdlarını, oradakı yaxınlarının məzarlarını ziyarət üçün getdiklərini bildirib.

Şahbaz Quliyevlə Dilqəm Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsi ilə ailələrinə məktub göndərib, vəziyyətlərinin normal olduğunu bildiriblər. Öldürülən Həsən Həsənov isə Dağlıq Qarabağda dəfn edilib.

XS
SM
MD
LG