Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 16:57

Təhsil Nazirliyinin rəsmisindən etiraf: "Dərsliklər ən ağrılı problemimizdir" - Debat


Əsgər Quliyev (ön planda) və Nabatəli Qulamoğlu
Əsgər Quliyev (ön planda) və Nabatəli Qulamoğlu

-

Müəllimə Elnaz Eyvazlı:

- Mən bəzən şagirdə deyirəm ki, burda vergül olmalıdır, o deyir ki, kitabda yoxdur. Onda mən yalançı çıxıram.

Dərsliklər və dərs vəsaitlərinin vəziyyətini Azadlıq Radiosunun "Pen klub" proqramında müzakirə edirik.

Qonaqlarımız: Təhsil Nazirliyi Tədris Resursları şöbəsinin sədr müavini Əsgər Quliyev, Təhsil Eksperti Nabatəli Qulamoğlu, dərsliklər üzrə ekspert Nadir İsrafilov, orta məktəbdə ana dili, ədəbiyyat müəlliməsi Elnaz Eyvazlı.

Səadət Akifqızı

- Əsgər bəy, bir neçə ildir dərsliklərin vəziyyəti müzakirə olunur, xüsusilə Azərbaycan dili, ədəbiyyat dərslikləri daha çox diqqətdədir. Bu il də yeni dərsliklər olacaqmı?

Əsgər Quliyev

- Dərsliklər Azərbycan təhsilinin ən ağrılı, ən çətin, ən mürəkkəb, ən çox tənqid olunan bir problemidir. Bilirisiniz, Azərbaycan cəmiyyətində belə bir illüziya yaranıb ki, dərslik yazmaq çox sadə məsələdir və kim istəsə dərslik yaza bilər. Vaxtilə sovetlər dönəmində bütün dərsliklər Rusiyada hazırlanıb Azərbaycana gətirilirdi, təkcə Azərbaycan dili, ədəbiyyatı və tarixi dərslikləri Azərbaycanda hazırlanırdı. Sovetlər dönəmində bizdə dərslik yazmaq təcrübəsi yaranmadı. Sovetlər birliyi kimi dünyanın nəhəng bir dövləti özü də keyfiyyətli dərslik yaratmaq problemini həll edə bilmədi. Moskvada 13 institut dərsliklərin hazırlanması ilə məşğul olurdu.

Biz ilk milli dərsliklərimizi 92-93-cü tədris ilində çap etdik. O dövrdən bu prosesin içində olan birisi kimi deyirəm ki, dərslik yazmağa adam tapmaq çox çətin idi. Çünki bu sahədə təcrübə yox idi. 2006-cı ildən beynəlxalq dərsliklərə uyğunlaşdırılmış, milli kurikulum hazırlandı. Bu sahədə də təcrübəmiz yox idi. Bundan əvvəl dərsliklər sınaqdan keçirilmədən birbaşa kütləvi istifadəyə verilirdi və bu, əlavə problemlər yaradırdı. İndi isə dərsliklər sınaq üçün pilot məktəblərdə keçiləcək, əgər nöqsanlar aşkarlansa onlar düzəldiləcək, yalnız bundan sonra kütləvi istifadəyə veriləcək. Bu, birinci növbədə uzun müddət mətbuatın gündəmindən düşməyən tənqidi yazıların qarşısını alacaq.

2010-cu ildə dərslikləri yoxlamaq Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinə tapşırıldı, onlar dərsliklərin monitorinqini keçirib, tənqidi qeydlərini etdilər. Bəzən həmin dərsliklərin tədrisdən çıxarılması ilə bağlı fikirlər də səsləndi. TQDK-nın tapdığı bütün qüsurlar istisnasız olaraq düzəldildi və çapdan əvvəl dərsliyin bir nüsxəsi yenidən TQDK-ya göndərildi. Azərbaycan təhsilinin tarixində heç vaxt bu ilki qədər kitab çap olunmayıb. Bu il sentyabr ayında şagirdlərimizə 271 adda yeni dərslik verəcəyik, bunların ümumi sayı 8 milyona qədərdir. Bu rəqəmin arxasında Azərbaycan təhsil işçilərinin gərgin əməyi dayanır.

Səadət A.

- Nabatəli bəy, siz də dərsliklərlə bağlı tez-tez tənqidi fikirlərlə çıxış edirsiniz. 23 ildə Azərbaycanda dərslik yazma məktəbi yarandımı? Əsgər bəyin göstərdiyi tənqidi məqamlardan nəticələr çıxacaqmı? (ardı aşağıda)

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

Nabatəli Qulamoğlu

- Əvvəla, Əsgər bəyin bu debatda iştirakını çox pozitiv hal hesab edirəm. Təqribən 7 il bundan əvvəl Təhsil Nazirliyinin bir nümayəndəsi ilə görüşüb debat aparmışdıq. Ondan sonra ilk dəfə Təhsil Nazirliyindən kimləsə debatda iştirak edirəm. Bizim hamımızın marağındadır ki, Azərbaycan təhsili inkişaf etsin, bizim təhsilimizin gələcəyi olsun. Baxıram Əsgər müəllim mənim demək istədiklərimin böyük əksəriyyətini dedi. Bəli, mən yazılarımda dərslikləri tənqid etmişəm, amma dərsliklərin hazırlıq prosesinin çox ağır olduğunu bilirəm. İkinci məsələ budur ki, Azərbaycanda dərslik yaratma məktəbi olmayıb, amma biz çox tələsik olaraq köhnə dərslikləri dağıdıb yenilərini yaratmağa çalışmışıq. Yenə də heç kim iddia edə bilməz ki, dərsliyin hazırlanmasında sui-istifadə halları olmayıb. Hesab edirəm ki, TQDK öz səlahiyyətlərindən müəyyən qədər sui-istifadə etdi. Mən müstəqil ekspert kimi deyirəm ki, TQDK dərsliklər haqda fikirləri həddindən çox dramatikləşdirdi və bu mətbuatın gözündən yayındı. Azərbaycan dili vəsaiti hər il yenidən nəşr edilir, hər il də tənqid olunur və yenidən düzəlişlər olunur. TQDK da dərsliklərin nəşrinə iddialı idi.

Səadət A.

- Hesab edirsiniz ki, burda dava yorğan davasıdır? Yəni əsas keyfiyyətli dərslik deyil, dərsliyin kim tərəfindən nəşr olunmasıdır?

Nabatəli Q.

- TQDK Azərbaycan dili dərsliyi haqda yazır ki, filan cümlədə “o-dan sonra vergül qoyulmamalıdır”, bu, sadə bir korrektə məsələsidir, onu düzəltmək əvəzinə səhv kimi tuturlar.

Əsgər Q.

- Mən razı deyiləm. Dava yorğan davası deyil heç də. Əgər monitorinq aparmaq dövlət başçısı tərəfindən TQDK-yə tapşırılmışdısa, onda dərsliklərin hazırlanması da TQDK-yə tapşırıla bilərdi, amma tapşırılmadı. Burda əsas günah mətbuatın üzərindədir. Mətbuat çalışırdı qaşınmayan yerdən qan çıxartsın. TQDK ilə Təhsil Nazirliyi arasındakı söz davasının qarşısını almaq üçün 2012-ci ildə iki qurumun birgə saytı olan dərslik portalı yaradıldı. O portalda nazirlik tərəfindən mən də çıxış etdim, mətbuat işçiləri də çıxış etdi. O qədər geniş müzakirələr oldu ki, problemin mahiyyətini o qədər geniş izah etdik ki, axırda mətbuatın verməyə heç bir sualı qalmadı. Portal istifadəyə veriləndən sonra nə tənqid edən var, nə şikayət edən var. (ardı aşağıda)

Səadət Akifqızı
Səadət Akifqızı

Səadət A.

- İndi telefon xəttində təhsil eksperti Nadir İsrafilovdur. Nadir bəy, istərdim dərsliklərdə gördüyünüz problemlərdən danışasınız və onları qruplaşdırasınız?

Nadir İsrafilov

- O qüsurlar nə bir verilişə sığışandı, nə də geniş söhbətə. Dərsliklərlə bağlı mətbuatda o qədər alimlər, ziyalılar tərəfindən müzakirələr gedib, iş o yerə çatıb valideynlər, şaigrdlər hətta Facebookda da yazmağa başlayıblar bu haqda. Dərsliklərin problemləri qurtaran deyil və onları qruplaşdırmaq da mümkün deyil.

Əgər bizim təhsilə ürəyimiz yanırsa, etiraf etməliyik ki, dərsliklərimiz bərbad vəziyyətdədir. Bunu qəbul etməliyik. 2005-ci ildən bəri 20-dən artıq dərslik çıxdaş olundu. Ötən illər ekspertlər dərsliklərlə bağlı qüsurları deyəndə Təhsil Nazirliyinin sabiq rəhbərliyi iki arqument gətirirdi. Birincisi, guya bu qüsurları deyənlər Təhsil Nazirliyindən incik düşən adamlar idi, ikinci arqument isə o idi ki, guya dərslik müəllifləri bu iradlarla razılaşmırlar. Bu, çox absur arqumentlər idi. Əvvəla, nnazirlikdən incik düşmək nə deməkdir? TQDK ki sıradan bir insan deyil, dövlət qurumudur və onun apardığı monitorinqlər hər şeyi göstərdi, ikincisi də dərslik müəllifləri necə öz işlərinə pis deyər. Kim öz ayranına turş deyər. Bizim bəla ondan ibarətdir ki, biz deyilənləri səmimi qəbul etmirik. Nə qədər ki, deyilənləri qəbul etməyib qüsurların üstündən mala çəkəcəyik, qüsurlar qalacaq.

Bizim təhsilin bu hala düşməsinin əsas səbəblərindən biri dərsliklərimizin indiki səviyyəsidir. Bu vəziyyətdən çıxış yolu odur ki, deyilən qüsurlar səmimi şəkildə qəbul edilməlidir. Çox təəssüf ki, DQŞ ( Dərslikləri Qiymətləndirmə Şurası) deyilən nöqsanları qılıncla, qalxanla qarşılayır. O deyir ki, nazirlik yalnız dərslikləri qiymətləndirir, amma ordakı nöqsanlara görə dərsliyi təqdim edən nəşriyyat cavabdehdir. Əgər DQŞ dərsliklərdəki qüsurları düzəltməyəcəkdisə, onda o qurum kimə lazımdır? Axı bizim keçmişdə yaxşı təcrübəmiz olub, Yəhya Kərimovun yazdığı əlifba kitabı vardı. O vaxtlar dərsliklər müəllifin adıyla gedirdi, Kiselyovun "Həndəsə"si deyirdilər. İndi Politexnik institutunu bitirən bir mühəndis dərslik yazır. Ümumiyyətlə, tender vasitəsiylə dərslik buraxmaq doğru deyil, dərsik məsələsi Təhsil Nazirliyinin tabeliyində olmalıdır.

Əsgər Q.

- Sovet dövründə dərslik yaratmaq təcrübəmiz indikinin bir faizi həcmində də deyildi heç. Nazirlik dərsliyin hazırlanmasına müdaxilə edə bilmir, çünki qanunvericilik bunu tələb edir. Dərsliyin müəllifini nəşriyyat özü müəyyənləşdirir. Dərslik yaradılmasında bizim bu gün bir nömrəli problemimiz kadr çatışmazlığıdır.

Səadət A.

- İndi telefon xəttində ədəbiyyat müəlliməsi Elnaz Eyvazlıdır. Elnaz xanım, siz dərsliyin hazırlanma prosesində iştirak etməsəniz də, onu əsasən siz və şagirdləriniz istifadə edirsiniz. Dərslikləri istifadə edərkən hansı problemləri yaşayırsınız əsasən? (ardı aşağıda)

Elnaz Eyvazlı
Elnaz Eyvazlı

Elnaz Eyvazlı

- Mən on ildən artıqdır ki, orta məktəbdə Azərbaycan dili, ədəbiyyat fənlərini tədris edirəm. Son illərdə hər iki dərsliklərdə problemlər göz qabağındadır. Şagird elə bir varlıqdır ki, onu dərsliyin hazırlanma prosesi, kimlərin hazırladığı maraqlandırmır. Ona maraqlı olan əlindəki vəsaitdir. Mən az-çox yazı adamı olduğum üçün bu prosesləri bilirəm. Bəzi şeylər var ki, mən bunları bilirəm, amma şagird bunu bilmir. Mən bəzən şagirdə deyirəm ki, burda vergül olmalıdır, o deyir ki, kitabda yoxdur. Onda mən yalançı çıxıram. Mən uşaqlara dərslikdəki səhvləri izah etməyə çalışıram, dərsliyin uşağın gözündən düşməməsinə çalışıram. Bir doqquzuncu sinif şagirdi mənə deyir ki, bu axı dərslikdir, siz mənə qayda izah edirsiniz, dərslikdə o qayda səhv verilib. Mən indi kimə inanım, niyə müəlliflər dərsliklərə belə məsuliyyətsiz yanaşırlar.

Proqramın videoyazısı

XS
SM
MD
LG