Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:37

Günel Mövlud. Bu nə görməmişlikdir?


Günel Mövlud
Günel Mövlud

-

Lütfən, əxlaqsız sözünü qəribçiliyə salmayın. Avropadan beş manata aldığın köynəyi şəhərin mərkəzindəki dükanda 80 manata satmağın adı ticarət deyil, əxlaqsızlıqdır.

Günel Mövlud

BREND XƏSTƏLƏRİ

Bizim bir qohum ailə var. Gənc ailədirlər, iki uşaqları var.

Ər işləyir, qadın uşaqlara baxır.

Kişinin maaşı bizim standartlara görə yaxşıdır. Yəni həm dolanmaq, həm ailənin gələcəyi üçün qənaət edib, tədbir görmək mümkündür.

Amma ər maaş alandan iki həftə sonra ailə başlayır qohumlardan borc almağa. Təxminən 2000 manata yaxın pul ailənin bir aylıq dolanışığına çatmır.

Bir-iki dəfə onlarda qonaq olmuşam. Pulu necə xərclədiklərini görəndən sonra məsələni başa düşdüm.

Ailə, xüsusilə də qadın bazarlığı balaca məhəllə dükanlarından deyil, böyük marketlərdən edir. Paltarları normal dükanlardan deyil, bahalı alış-veriş mərkəzlərindən, şəhər mərkəzindəki əxlaqsız dükanlardan alır.

Lütfən, əxlaqsız sözünü qəribçiliyə salmayın. Avropadan beş manata aldığın köynəyi şəhərin mərkəzindəki dükanda 80 manata satmağın adı ticarət deyil, əxlaqsızlıqdır.

Arvopada maksimum 150-200 manata aldığın kostyuma Bakının mərkəzində 3000 manat qiymət qoymağın başqa adı yoxdur.

Hələ guya bizimkilər müsəlmandır. Halbuki, İslamın da ticarət qaydalarına görə, tacir malı beş manata alıbsa, ən çox da beş manat artığına sata bilər.

Nəsə, mövzudan yayınmayaq. Sözügedən ailə maaş alandan sonra iki həftə boyu yeməyi bahalı kafelərdə yeyib, paltarı, ərzağı bahalı ticarət mərkəzlərindən alıb, növbəti günləri də korluq çəkir, borc alır, maaş gününün yaxınlaşmağını gözləyirlər.

Ölkədə bir deyil, yüzlərlə, minlərlə belə ailələr var. İmkanı çatdı, çatmadı, özlərini brendlərin, markaların, bahalı yerlərin əsirinə çeviriblər. Əski-üsküyə, dadsız yeməklərə həvəslə pul xərcləyirlər. Nə var, nə var, o bahalı dükanlarda şəkil çəkdirəcəklər. O bahalı köynəyin qiyməti ilə öyünəcəklər. Brendlə fəxr edəcəklər. Halbuki həmin köynəkdən brend olmasa da, daha yaxşısını, daha zövqlüsünü on dəfə ucuz almaq mümükündü.

Şerif. Kristal
Şerif. Kristal

Bahalı kafelərdə cibini yağmalatmaqdansa, normal yerdə oturub, keyfiyyətli, natural, sadə yeməklər yemək mümkündü.

Amma yox, onların əksəriyyəti çox vaxt bilir ki, “Tarqovı”dan 150 manata aldığı ətək hanısısa sadə dükanda 15 manatdı. “Mado”da-zadda 15 manata yediyi dondurma başqa yerdə 3 manatadı.

Brend paltar, əşya alan adam ona ödədiyi pulun uzaqbaşı dörddə birini keyfiyyətə ödəyir. Qalan dörddə üçünü o paltarı, o əşyanı reklam edən modelin, aktrisanın, müğənninin şöhrətinə, məşhurluğuna, imicinə verir.

Bunu bilirlər, amma yenə də pul yığırlar, ayın iyirmi beş günü korluq çəkib, beş gün bahalı kafelərdə, bahalı dükanlarda sülənirlər.

Nə var, nə olub? Bu nə görməmişlikdir? “Mado”da şəkliniz olacaq, 150 manatlıq köynəklə öyünəcəksiz, George Clooney-nin reklam elədiyi saatı taxacaqsız deyə, bu israfçılığı eləməyə, sizə bir həftə, bəzən hətta bir ay bəs edəcək pulu havaya sovurmağa dəyərmi?

Demirəm, xəsislik edin, əyləncəyə, paltara, yeyib-içməyə pul xərcləməyin. Amma 50 manata dost-tanışı evə yığıb, doyunca yemək, əylənmək, söhbətləşmək varsa, o pulu bahalı kafedə iki fincan yanıkeksli qəhvəyə xərcləməyin nə mənası var?

Normal ölkələrdə gözəl-gözəl qadınlar ikinci əl paltarlar geyinir. Uşaqlarına da bu paltarlardan geyindirirlər. Məsələ təkcə pulda deyil. Bunun həm də qlobal mesajı var. İkinci əl paltarlar geyinməklə təkrar istehsalın qarşısın almağa kömək etmiş olurlar. Gələcək nəsillərin resurslarına qənaət edirlər. Kifayət qədər də zövqlü görünürlər.

Kasıbın olanından, beş-on ölkə gəzmişəm. Sırf İslam ölkəsi də olub, əhalisi mühafizəkar xristianlardan ibarət olanı da, multikulturalizmin tüğyan elədiyi ölkələr də…

Amma bu ölkələrin heç birində brend mallar satan dükanların Azərbaycandakı qədər alış-verişli, bol müştərili olduğunu görməmişəm. Qarabağlılar demiş, bizdə itə atar daşı olmayan kasıblar da əlinə pul keçən kimi “Tarqovı”dakı dükanlardan nəsə almağı, bahalı yerlərdə oturmağı bir zərurət, lüks bilir.

Brend xəstələrinin, zinət, parıltı, dəbdəbə, şıq azarlılarının çoxunu başa düşmək olur. İnsan özünü hamıdan yaxşı tanıyır. Öz mahiyyətini hamıdan yaxşı bilir. Vay o gündən ki, insan öz mahiyyətinin qara qəpiklik, ucuz, boş olduğunu anlasın. Bu ucuzluğu, boşluğu bahalı paltarlarla, brendlərlə, zinətlə, parıltı ilə gizlətməyə çalışır. İçinin zənginliyindən şübhəli adamlar həmişə zahirlərini bahalı etməyə çalışırlar.

Deyilənə görə, bir gün Harun ər-Rəşid hamama gedir. Müdrik dəlilərdən olan qardaşı Divanə Bəhlulu də özü ilə aparır. Hamamlanma prosesinin qızğın yerində, qəfildən əlini belinə vurub, Divanə Bəhluldan soruşur:

- Bəhlul, səncə mən bu görkəmimlə neçəyə dəyərəm?

Bəhlul deyir:

- Yüz dinara.

Hökmdar təccüblə deyir:

- Nə danışırsan, mənim elə təkcə belimdəki fitənin qiyməti yüz dinardır.

Bəhlul cavab verir ki:

- Elə mən də fitənin qiymətini nəzərdə tuturdum.

Bu lətifənin müxtəlif variantları var. Bəzi mənbələrə görə, bu hadisə Harun Ər-Rəşidin deyil, Əmir Teymurun başına gəlib.

Hər kimin başına gəlməyindən asılı olmayaraq, lətifədə böyük bir hikmət var.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG