Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:44

Əndəlib Qaracadaği. Şeirlər


-

QƏZƏLLƏR


Sərgəştə könlümün yenə min müddəası var,
Qovğalı başımın nə bəlalı bəlası var.


Bir dəm şikəstə könlüm açılmaz, səbəb nədir?
Gəl gör zəmanənin yenə bir macərası var.


Namehribani gör, küsüb əğyar ilən gəzər
Yarəb, kimin bu tərzdə bir bivəfası var?!


Sərrafi-əql ləli-ləbin müştərisidir,
Can nəqdini nisar qılıbdır, bəhası var.


Vəhm eylə, tərk qıl belə sevdanı, ey fələk,
Kim, bir xətərli mərhələdir, çox cəfası var.


Tənha bilib vücuduma qəsd etmə, ey könül,
Yüz min bəlayi-dövr kimi aşinası var.


Ey Əndəlib, naleyi-bicadan əl götür,
Gəl gör, bu gülşənin nə əcayib səfası var.

* * *


Hərçənd düşdü eşqin odu canə, ey gözəl,
Atəş vurubdu xərməni-imkanə, ey gözəl.


Gər məndən olsa, gül üzünə salasan niqab,
Aləm məbadə od tutub odlanə, ey gözəl.


Arif yanında küfrdür, Allaha xoş deyil,
İnsan demək sən kimi cananə, ey gözəl.


Bir badə ver ki, bəzmi-vüsalında şövqdən,
Ləlin kimi dönübdür cigər qanə, ey gözəl.


Yıxdın evini cümlə müsəlmanü kafərin,
Nəzzarə eylə küfr ilə imanə, ey gözəl


Sahibqirani-nəqd nədir, burda can gərək
Sərf etməyə bu huriyi-Rizvanə, ey gözəl.


Qurban yerinə eyd günü Əndəlibi kəs,
Gər piri can qəbul ola qurbanə, ey gözəl.


* * *


Tarı bilsin, hicr bizar eyləyib candan məni,
Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.


Qarə olsun ruzigari, həm pərişan xatiri,
Ayıra hər kimsə, ol zülfi-pərişandan məni.


Bülbüli-şuridəni gəl, mən təsəvvür eyləyib,
Mən qılma, bağiban, seyri-gülüstandan məni.


Aşiqəm, didar ku, ya kafərəm zünnar ku?
Tutma sən xaric müsəlmandan məni.


Qümri tək boynuma sallam həlqeyi-geysulərin,
Salmasa o sərvqəd ayrı gülüstandan məni.


Mətləb oldur, bəlkə, yarın könlünə təsir edə,
Əndəlibəm, mən qılma ahü əfgandan məni.


* * *


Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,
Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.


Bilirdim çün rəqib etməz əlaci-dərdi-pünhanim,
Əbəs kim, ol xətakarə məni-biçarə yalvardım.


Gəhi büxtanə səndən şikayətlər qılıb, gəhi
Əlimü qadirü həyyi-əlğəffarə yalvardım.


Gəhi bir zahidi-bietibarın minnətin çəkdim,
Gəhi bir sərxoşu hər anda, hər xummarə yalvardım.


Basani-Əndəlib, ey gül, kənari-künci-gülzari
Qənimətlər bilib, hər guşə tutdum xarə yalvardım.


MÜXƏMMƏS


Zülm eyləyib bu gərdişi-dövran, haray haray!
Ömrüm yetişdi axıra, ey can, haray, haray!
Göz yaşı sel tək aşdı başımdan, haray, haray!
Könlüm sarayın eylədi viran, haray, haray!
Bir olmadı bu dərdlərə dərman, haray, haray!


Ey çərxi-bivəfa, yenə zülmün əyan olub,
Əğyarə yox, mənə zülmün yaman olub,
Qövmü əqraba nə var, hamı gözdən nihan olub,
İllət nədir ki, bir bu qədər bədgüman olub,
Görməz bu zülmü gəbrü müsəlman, haray, haray!


Görməz bir öylə qaməti dünyada heç çəmən,
Zülfü saçılmış ay üzünə, sanki yasəmən,
Əsla ki, bir ola o gözə ahuyi-Xütən,
Bağrım qan oldu, seyr eyləyəndə o qaşı mən,
Qan içdirir o çeşmeyi-müjgan, haray, haray!


Bilməm bu könlümün nə qüsuri, günahı var,
Qalmaz əlində böylə ki, bir səbrlə qərar,
Əğyarə yar olub dedilər ki, o şux nigar,
Ey vay, əgər ki, keçsə belə qarə ruzigar,
Məskən olar mənə o biyaban, haray, haray!


Baldan şirin o dilləri indi yad edir könül,
Böylə xəyal ilə özünü şad edir könül,
Biçarə, bax, bu növ ilə fəryad edir könül
Kimdir fələk əlindən elə dad edir könül,
Min aşiq öldürüb sitəmlə bu meydan, haray, haray!


Sənan şeyx ikən o cürə bütpərəst olub,
Vurmuş daşa piyaləni eylə şikəst olub,
Huşyar imiş əzəldə, dönüb böylə məst olub,
Heç bilmədim ki, gün dönüb axşam nə vəqt olub,
Getdi aman, din ilə iman, haray, haray!


Aldatmayın məni belə, ey dostlarım, daha,
Dildara yetməyib qalıb ancaq bir Allaha,
Əl çək, təbib, bir də sağalmaz dəyən yara,
Olmaz daha bu Əndəlibin dərdinə çara,
Gülzarının üzü dönüb ondan, haray, haray!

QOŞMALAR

Ay silkinib gedən yaşılbaş sona,
Səndə tər cığalar, tellər görünər.
Aşiq olan sənin kimi şahbaza
Mənim tək rüsvayi-ellər görünər.

Yar yarın yolunda gərək neyləyə,
Başın, canın, malın qurban eyləyə.
Meylin verən sənin təki Leyliyə,
Məcnun tək məskəni çöllər görünər.


Gedən, getmə, bir bəri bax, ay gedən,
Gözüm doymur sən tək gözəl kimsədən,
Gah yaxandan şölə verər ağ bədən,
Gah olur ki, nazik əllər görünər.


Oxlayıbsan məni, ey ziba sənəm,
Nə hasil, qoymursan yarama məlhəm.
Gecə xəyalınla olaram həmdəm,
Səhər yastığımda göllər görünər.


Eşitməsən Əndəlibin ahini,
Tutsan bivəfalıq rəsmi-rahini
Sidqilə çağırram şahlar şahini
Gör necə tufanlar, sellər görünər.


* * *


Mənim ərzi-halım bir təriq ilə,
Söhbət salıb nazlı yarə deyən yox,
Hicran odu saldı məni ayaqdan,
Yandi gözəl cismim narə, deyən yox.
Eşq atəşi canda çəkib zəbanə,
Aşiqliyim məşhur oldu cəhanə.
Pünhan saxlamaqdan yetişdim can,
İndi vurub aşikarə, deyən yox.
Halım hökumətli, dövlətli, mallı,
Qabağında qullar, şəhləli, şallı,
Bir mina gərdənli, buxağı xallı,
Siyəh saçlı gülrüxsarə, deyən yox.


Ey üzü gül, boyu sərvü sənubər,
Vəsfin eyləmişəm dilimdə əzbər.
Bilməm nə səbəbdən yeganə gövhər,
Yetişmədi xiridarə, deyən yox.


Bir gülüzlü yara aşiqəm, aşiq
Bir şiringöftara aşiqəm, aşiq.
Mən də bir nigara aşiqəm, aşiq.
Əndəlib tək gülüzarə deyən yox.


GƏRAYLILAR


Zahid, bir neçə kəlmə sən,
Eşit şəhri-qiyamətdən.
Gör nə cəfalər gorübdür
Könlüm bir sərvqamətdən.


Nə qəddi sərv, sənubərdir,
Yoxsa şümşadi-Azərdir.
Ya möcüzi-peyğəmbərdir,
Zahirdir çox əlamətdən.


Ya məgər xaliqi-sifat,
Xəlq etmiş bir həbbi-nəbat,
Ləbləridir abi-həyat,
Əmmək olmaz lətafətdən.


Olur mənim kimi hər ac,
Qaşların gəncinə möhtac,
Görsə bu guşəni həccac
Üz döndərər ziyarətdən.


Bax mövsümi-novbaharə,
Əzmi-seyri-gülüzarə
Əndəlibi-bəxtiqarə
Söyləsin bu rəvayətdən.

***


Eyləyibdir çox cəfalar,
Məni-binəvayə zülfün.
İncidib, salmış özü tək,
Nə uzun sevdayə zülfün!


Dönüb bir sultani-sədrə,
Təkyə vermiş mahi-bədrə,
Tən eylər leylətül-qədrə,
Həm şəbi-yeldayə zülfün.


Olma eşq əhlinə qatil,
Cahil, sən qədri-qiymət bil.
Necə ki, göylərdən qəndil –
Asmış kəlisayə zülfün.


Sənsən, ey şahların şahı,
Eşq əhlinin qibləgahı,
Bağışlarlar hər günahı,
Tutsa əl duayə zülfün.


Eylə Əndəlibi-zari,
Siyah zülfün giriftari.
Çox aşiqi-biqərari
Döndərsin şeydayə zülfün.


HEYDƏRİLƏR


Sanei-qüdrətdən siyəb xalların,
Arizində nə zindanə duşübdür.
Birisi həbəşdir, birisi hindu,
Bəd əməllər xoş məkanə düşübdür.
Əzizim, nə məkani,
Dehqanın nəm əkani,
Eşqinin avarəsi,
Nə yeri, nə məkani?
Aşiq ilen əvvəldən,
Yediyin nəmək hani?

Pərtovi-cəmalın oldu münəvvər,
Təəccüb eylərəm, Allahü-əkbər!
Mehri-rüxsarindən xurşidi-ənvər .
Bir zərrədir asimanə düşübdür.
Əzizim, asimanə,
Zülf üzdən asma yenə.
Verməz fələk hərifi
Şah-cənnət asi mənə.
Həsrətindən fəğanim
Çulğaşıb asimanə.

Qaşların fitnədir, gözlərin cadu,
Xədəngi-müjganın mənə tutdu ru.
Gəlib can almağa kafəri-bədxu,
Ver nəsihət, bəd gümanə düşübdür.
Əzizim bu gümani,
Dərs oxu begu məni,
Fərağında könlümün,
Yox idi bu gümani
Çəkməz hüsnün surətin,
Gəlsə iki yüz Mani.

Hərami gözlərin salıbdır cəngi,
Yay qaşların müjgan olub xədəngi.
Çapdı ingilisi, rumi, firəngi,
İndi fikri İrəvanə düşübdür.
Əzizim İrəvani,
Həccdən İrəvani,
Nə zülm oldu, görmədin
Aşiqə irəvani!
Az qalıb gözüm yaşı
Yıxa, gəl, İrəvani.

Şöleyi-ahimdən tutuşdu aləm,
Nə səbəbdən sənə yetmədi naləm?
Əndəlibəm, şükr eylərəm dəmadəm,
Həsrət gözüm gülüstanə düşübdür.
Əzizim gülüstani,
Oxudum "Gülüstan"i,
Gülşəni-hüsnün görən
İstəməz gülüstani.
Səndə olan lətafət
Bax gör, gül üstə hani?


* * *


Söylə görüm, olum dilin qurbanı,
Nədən vəfa eyləmədin iqrarə?!
Vaxt ikən aşiqə etmədin xəbər,
Bəlkə eyləyəydi dərdə bir çarə.
Əzizim, dərdə çarə,
Durmuşam dərdə çarə,
Dil bilən təbib gərək
Eyləyə dərdə çarə.
Çarəsiz xəstələrə
Bulunur dərdə çarə.

Qorxuram əğyarə olasan həmdəm,
Qədrini bilməyə dilbilməz adəm.
Aşiq gərək ləhzə-ləhzə, dəmadəm
Can qurban eyləyə sən tək nigarə.
Əzizim, nigarə bax,
Nəqşə bax, nigarə bax.
Qanımı güllər alır,
Etdiyi nigarə bax.
Həsrət qalan gözlərim,
Doyunca nigarə bax!

Sən tərk eyləyəli əhdü ilqari,
Qalmayıb könlümün səbrü qərari.
Sənin kimi alagözlü nigari,
Tanrı nəsib eyləməsin əğyarə.
Əzizim əğyarilən,
Bayqular əğyarilən,
Görüm başa getməsin,
Səninki əğyarilən,
Necə görsün gözlərim
Gəzəsən əğyarilən?

Necə rəva gördün, ey mələkzadə,
Döndün aşinadan, dil verdin yadə.
Dərdə tabım yoxdur bundan ziyadə,
Baş götürüb gedim hansı diyarə?
Əzizim bu diyarə,
Yol düşdü bu diyarə,
Gəlsə loğman sağalmaz,
Sinəmdəki bu yarə.
Yetəsən məzarimə,
Deyəsən budu yarə!

Vəsfində çoxların açılıb dili,
Əndəliblər sevər sən qızılgüli,
Nədən tərk edərsən şeyda bülbüli?
Qızügül tək həmdəm olursan xarə.
Əzizim xarə bağlar,
Atlası xara bağlar,
Məgər bülbül ölübdür,
Gül meylin xarə bağlar?
Mən ölləm, yar ağlasın,
Özgələr xarab ağlar.


LEYLİ VƏ MƏCNUN
məsnəvi


DİBAÇƏ


...Gənclik günlərində on dörd yaşında ikən Qaracadağ mahalının Əhər
qəsəbəsində Leyli kimi bir gözəl sənəmə düçar olub, ona eşq yetirdim. Rəhmsiz eşq o dərəcədə tüğyan elədi ki, onu təsəvvür etmək qeyri-mümkündür. Mənim kamil ustadım eşq oldu. Allah taalanın qüdrətindən mənə söz söyləmək (şeir demək) nitqi verildi və mən aləmdə bülbül kimi tərənnümə gəldim. Əndəlib adı ilə məşhur oldum. İşin əvvəlində məzəli türkülər (seirlər) yazdım. Mənimlə məşuqənin arasında ittifaq düşən şeydən "Leyli və Məcnun " səyağında inşa eləmişəm ki, yadigar olaraq qalsın və oxuyanlar məni bir dua ilə yad və şad eləsinlər.


Məşşateyi-feyzi-süni-bari
Zinətlədi şahidi-bahari.
Dilbər kimi geydi rəxti-əhmər,
Saldı başa məcəri-muşəccər.
Gülşən geyinib libasi-diba,
Hürani-behişt tək sərapa.
Sərvi-çəmən oldu miri-məhfil,
Geydi qədinə qəbayi-yaşil.
Qumruyü təzərv olub həmavaz,
Ahəngi-müxalif etdilər saz.
Gülşəndə niqab açanda çün gül,
Bu şeri müdam oxurdu bülbül.


MÜXTƏSƏR SAQİNAMƏ


Ey saqiyi-gülüzar, bəsdir,
Naz etmə, keçir bahar, bəsdir.


Ver badeyi-xoşgüvar, içirmə
Zəhri-qəmi-nagüvar, bəsdir.


Tökdü meyi-ərğəvan üçün qan
Bu dideyi-əşkbar, bəsdir.


Ver badəni, rəfi dərdsər qıl,
Öldürdü məni xumar, bəsdir.


Ey saqiyi-səngdil, kərəm qıl,
Azari-dili-fikar, bəsdir.


Qurbanın olum, sən etmə barı,
Qıldı mənə zulm yar, bəsdır,
Hüsnün çəmənində Əndəlibəm,


Ey gül, məni etmə xar, bəsdir.


MƏŞUQƏ HAQQINDA MÜXƏMMƏS


Gördüm Əhərdə bir güli-rəna, əcəb-əcəb,
Cəlladü cansitanü dilara, əcəb-əcəb,
Olmuş nişani-hüsn hüveyda, əcəb-əcəb,
Salmış cahanə şurişü qovğa əcəb-əcəb,
Vəh-vəh, nə xoşmuş büti-ziba, əcəb-əcəb!


Ol bivəfa qılar nə qiyamət qiyaməti,
Hər baxış ilə məhv edər əhli-səlaməti,
Billah, bu zinətin yenə var çox əlaməti,
Hər dilşikəstə kim, görüb ol sərvqaməti,
Fəryad çəkdi, söylədi vah-va, əcəb-əcəb!


Qıldın düçar dərdə, fələk, bivəfaləri,
Gətdin bəlalı başıma yüz min bəlaləri.
Ey bivəfa, yolunda nə çəkdim çəfaləri,
Tərk eylədim rəfiqləri, aşinaləri,
Oldum qəribü bikəsü tənha, əcəb-əcəb!


Pəjmürdə qıldı sərsəri-qəm novbaharimi,
Əyyami-hicr əlimdən alıb ixtiyarimi,
Kəsdi fəraq rişteyi-səbrü qərarimi,
Bidərdlər eşitdi mənim ahü zarimi,
Tən ilə qıldılar nə tamaşa, əcəb-əcəb!


Ey Əndəlib, gülşəni-hicranü dərdü qəm,
Cövri-bəlakəşideyi-dövranü bəxti kəm,
Göz yaşını gülab kimi tökmə dəmbədəm,
Müşkülguşa Əmiri-ərəb, Xosrovi-əcəm,
Həll eyləsin bu müşgülü mövla, əcəb-əcəb!

Mənzilgəhi-hurdan qayıtdım,
Öz mənzilimdə qərar tutdum.


Gər dəşt mənimçün oldu zindan,
Məhbusu müqəyyədü pərişan.


Hər kimsəyə dərd qıldım izhar,
Gördüm ki, əlac yoxdu, zinhar!


Birisi deyir: Cünun olubdur,
Dindirmə ki, qeyrgun olubdur.


Birisi qılar bu növ tədbir:
"Divanələrə gərəkdi zəncir".


Az qaldı məni-şikəstəvü zar,
Zəncirə düşüb olam giriftar.


Qalmadı nə atəvü, nə anə,
Vurdum qamusin imtəhanə.


Biri mənə olmadı mədədkar.
Hicran günü qəmlərimə qəmxar.


Bica yerə cümlə döndü məndən,
Ayırdı fələk məni vətəndən.


Düşdüm yola bərkənar getdim,
Vəhşilər ilə qərar tutdum.


Əql ayinəsinə daş vurdum,
Məcnun yerinə baş vurdum.


Çəkdim gecələr bəsi fəğani.
Oldu adım Əndəlibi-sani.


Bir gün dolanıb şikar edirdim,
Fikri-qəmi-ruzigar edirdim.


Tikdim gözümü səvadi-rahə,
Söylərdim o badi-sübhgahə:


- Key badi-səba, apar pəyamim,
Dildarə yetir mənim səlamim.


Dərgahinə Əndəlibi-şeyda,
Söylə, neçə beyt etdi inşa.

XS
SM
MD
LG